fbpx

Bəri başdan deyim ki, başlıqda verdiyim sualda əsas vurğu “yaxşı” sözünədir. Əslində kopirayter olmaq asandır, ələlxüsus da  mövcud marketinq mühiti olan ölkəmizdə. Amma yaxşı kopirayter olmaq üçün xeyli dəyişənlərin olması vacibdir. Orta məktəbdə riyaziyyat dərsində funksiyanın tənliyini yazarkən istifadə etdiyimiz, bəzilərimizin qorxduğu  dəyişənlərdən söhbət gedir. İngilislərin variable, rusların переменный dediyi o dəyişənlərdən.

Ən vacib dəyişən erudisiyadır. Başqa cür desək, dünyagörüşlü, ağıllı, çox oxumuş, çoxbilmiş olmaq lazımdır. Tarantinonun filmlərindən tutmuş Rey Bredberinin fantast hekayələrinə qədər çox şeydən xəbərin olmalıdır. Futbol çempionatlarından və ya klassik Şərq peoziyasından  xəbəri olmayanın kreativ ideya yaratmaqda problem yaşayacağı şəksizdir.

İkinci vacib dəyişən mütaliədir. Düzdür, bu dəyişənin özü də birinciyə oxşayır, amma və lakin aralarında iynə deşiyi qədər fərq var. Elə bir iynə deşiyi ki, içindən qırx dəvə keçə bilər.
Çünki, erudisiyalı olmaq üçün vacib deyil ki, çox kitab oxuyasan. Televizora çox baxmaqla, xeyli filmlər seyr etməklə, internet-saytlardan məlumat mənimsəməklə, başqa ağıllı adamlarla söhbət etməklə də zəngin erudisiyaya sahib olmaq olar. Amma bədii kitab oxumaq insanı tam fərqli cür formalaşdırır. Bir yaxşı ssenarini fikirləşmək üçün gərək kopirayterdə təhkiyə dili olsun, süjet və kompozisiyanı qurmaq qabiliyyəti formalaşsın. Məsələn, Robinzon Kruzo haqda (yaxud ona oxşar formada) xeyli film var. Kimsəsiz adaya düşən insanın başına gələnləri rahatlıqla onlayn izləyə bilərik. Lakin Daniel Defonun yazdığı orijinal əsəri oxuyanda sən qəhrəmanın sərgüzəştlərini, onun hiss və həyəcanlarını daha yaxşı anlayırsan. Təəccüblü deyil ki, çox vaxt kitabı oxuyan şəxslər həmin kitab əsasında çəkilmiş filmləri bəyənmir.
Təəssüf ki, internetin gündəlik həyatımızı zəbt etdiyi, texnologiyaların bu qədər sürətli inkişaf etdiyi dövrdə bəzilərinə kitab oxumaq arxaik görünür. Amma kopirayter üçün kitab oxumağın yerini hələ ki, heç nə vermir. Təsadüfi deyil ki, Qərbdə və Rusiyada böyük agentliklərdə işləyən çox güclü kopirayterlər hər gün qiraətə xeyli vaxt sərf edir.

Kopiraytinqi Yeni il bayramına bənzətsək, onda gərək xalq yaradıcılığı Şaxta Baba olsun. Yanıltmacları, tapmacaları, bayatıları bilməyən yerli kopirayterdən yaxsı sosial media postları gözləməyə dəyməz. Molla Nəsrəddin latifələrini, el məsəllərini, atalar sözlərini bilmək çox vacib bir şərtdir ki, bunun sayəsində də yaradıcı bir ideya hazırlamaq mümkün olur.

Xarici dil bilikləri yerli kopirayterlərimizin ən yaralı yeridir. Bu yaranı sağaltmaq üçün hansı aptekdən hanzı məlhəmi almaq barədə dəqiq fikrim belədir ki, mütləq şəkildə həm ingilis, həm də rus dilini bilmək gərəkdir. Bilirəm ki, çoxları bu fikirlə razı deyil yaxud da razılaşmaq istəmir. Çünki ingilis dilini bilən kopirayterlərimizin əksəriyyəti rus dilində не говорят, rus dilini bilənlər də ingilis dilində do not know  phraseological expressions. Bugün yerli agentliklərimizdə, şirkətlərdə Azərbaycan dilində maraqlı söz oyunları edən xeyli sayda kopirayterlərimiz var, bəzilərinin işi dillər əzbəridir və hamı onları yaxşı mütəxəssis kimi də qəbul edir. Amma mükəmməl kopirayter olmaq üçün bu iki dilmək çox vacibdir. Zəngin təcrübəmə, onlarla kopirayterlə söhbətimə, yerli bazar barədə az-çox biliyimə əsasən deyirəm bunu.

Mən hətta deyərdim ki, müasir dövrdə Azərbaycanda rus dilini bilmək kopirayter üçün daha vacibdir. Rus dilinin ifadəliyi, zənginliyi, bəzi hallarda mürəkkəbliyi kopirayterin səviyyəsini tamam başqa bir səviyyəyə qaldırır. Rus dilinвэ “сем бед, один ответ”, “на всю катушку”, “казнить нельзя миловать”, “нож в спину” kimi sözlərin mənasını bilən şəxsin leksikası, fikir zənginliyi, fantaziyası tamam başqa cür olur. Həm tarixi keçmişimiz, həm ölkə olaraq siyasi-iqtisadi yaxınlığımız, həm dilimizin leksikonunda xeyli alınma sözlərin rus dilindən əxz edilməsi, həm də sifarişçilərin arasında rus dilində təhsil almışların az olmaması vadar edir ki, bu dili öyrənəsən.

Azsaylı şəxslər də var ki, başqa dilləri də bilir. Bu da müsbət cəhətdir. Məsələn, ərəb dilini öyənənlər bilir ki, əmlak sözü mülk, əşya sözü şey, məxaric sözü xərc, cəvahirat sözü cəvahir-in cəmidir.
Əl-kühl (ərəbcə) – alcohol (latınca) – алкоголь (rusca) –  alkoqol (azərbaycanca), qəlib (ərəbcə) – calibro (italyanca) – калибр (rusca) – kalibr (azэrbaycanca) söz səyahətini bilən şəxsin yazılarının daha sistemli, daha üstün olacağı şübhəsizdir. Ona görə də, kopirayter əgər ərəb, fransız, alman, Türkiyə türkcəsini də bilirsə, bu təqdirəlayiq haldır.

yorulmuş kopirayer

kopirayter gərək çox işləsin, çox oxusun, çox yazsın

Vacib faktorlardan biri də, əməkdir. Söhbət fiziki əməkdən, yorulana qədər, bezənə qədər işləməkdən gedir. Yanımızda smartfon olanda, kompüterdə Facebook/İnstagram açıq olanda, WhatsApp-dan mütəmadi bildiriş gələndə işləmək çətindir. Diqqəti toplayıb kitabı oxumaq əvəzinə “bəlkə bir İnstaqrama girim?” kimi fikirlər yaranır. Rus dilində olan bir videonu azərbaycancaya adaptasiya edərkən Сладкоежка sözünə 7 tərcümə variantı istəyəndə bəzən bezirsən, işi kənara qoyub Youtube-da hansısa yumoristik çarxa baxmaq istəyirsən. Bax, belə anlarda intizamlı olmaq, özünə əziyyət vermək lazımdır.
Azərbaycan klassik ədəbiyyatı (M.F.Axundov, Ə.Haqverdiyev. Anar, İsi Məlikzadə və s.), müasir postmodernist yazarlarımız, Amerika yazıçıları, yapon hokkuları, ərəb-fars şairlərinin qəzəlləri, jarqon lüğəti, sovet dövrünün siyasi lətifələri və s. onlarla, yüzlərlə oxunulası mövzular var. Bu qədər oxunmalı, öyrənməli məlumatlar olan vaxtda, xüsusilə də informasiya tufanına düşdüyümüz vaxtda konsentrasiyanı toplamaq, öz üzərində işləmək çətindir. Amma başqa yol da yoxdur. Yaxşı kopirayter olmaq üçün əziyyət çəkmək lazımdır.

 

Həmçinin oxu: “Bugün” vs “bu gün”?