fbpx

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi.
-Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə. Azərsənayetəc…., qısası, trestdə işləyirdiz o vaxt. Hə, indi üstündən düz 60 il keçib, elə ona görə zəng eliyirik. Veteran işçilərlə görüş olacaq, zəhmətkeşlərə hədiyyə veriləcək. Sizi də gözləyirik. Çəkiliş də olacaq, nazirlikdən, icradan, şirkətin özündən xeyli adam gələcək tədbirə. Başqa? Başqa cəmi 2 nəfər olacaq köhnə kollektivdən. Qalanlarını tapmaq mümkün olmadı. Elə sizin də nömrəni güclə tapdıq. Çerez-çerez köhnə buxalter Mahmud verdi nömrənizi. Hə, köhnə telefonu bloknotunda saxlayıbmış,..Bir də gələndə kollektivin köhnə şəkillərindən də gətirin zəhmət olmasa. Hə, trestdə ayrıca bir sərgi otağı olacaq.
Gülzar xala zəng edən qızla (adını soruşmaq yadından çıxmışdı. Düzü axır vaxtlar onsuz da hər şey yadından çıxırdı) sonra iki dəfə də danışdı, 1 həftə sonra olacaq tədbirə hazırlaşdı. Bu 1 həftə ərzində Gülzar xala, daha doğrusu Gülzar nənə köhnə günləri yada salırdı.
İşdə ən çox erməni qızı Mehranuş ilə dostluq edərdi. O da Gülzara çox vaxt “Qulzar” deyərdi, işdəkilər də həmişə gülərdi. Komsomolda cavan yaraşıqlı oğlan gəlmişdi, adı da Müseyib, Gülzardan xoşu gəlirdi, amma Gülzar da ona otval vermişdi. Müseyib həmişə koridorda çalışırdı ki, Gülzargilin otağının qabağına çox gəlsin. Dəxli oldu-olmadı, hansısa bir səbəblə otağa girməyə çalışır, axşamlar da uzaqdan izləyirdi. Mehranuş da deyərdi ki, “Qulzar, tez çıx da, Musik uje ikinci paçkanı qurtarır bayırda, sənin çıxmağını gözləyir”. Gülzar indi həmin anları xatırladıqca dodağına təbəssüm gəlirdi, özünü sanki həmin illərə qayıtmış hiss edirdi.
İllərdir pomada dəyməyən dodağına baxdı, çətinliklə də olsa çimdi (çimmək onun üçün çox əziyyətli idi), köhnə, amma indi də sadə və yaraşıqlı görünən uzun donunu geydi, Sağ olsun qonşunun oğlu, onu öz maşınında apardı. İndi heç yolda da taksi tutmaq olmur, hamısı internetlə zakaz edir.
Tədbirdə əvvəlcə rəsmi hissə oldu, trestin tarixi, ümummilli liderin o vaxtkı Azərbaycan sənayesinə qayğısı, uğurlar haqqında danışıldı. Sonra isə Gülzara və 2 nəfər başqa işçiylə xeyli şəkillər çəkdirdilər, kulyoklarda hədiyyələr və bağlı konvert verdilər.
Tədbir qurtarana yaxın icradan onunla danışan qız yaxınlaşdı ki, “Gülzar xala, bu kağıza qol çəkərsiniz, bizə finansovıy otçetnost üçün lazımdır“.
….. çərçivəsində Azərbaycan Respublikasının vətəndaşı Gülzar İbrahimova __________ manat vəsaitində mükafatı aldığını təsdiq edir.
– Qızım burda yer boşdur, nə qədər verilir?
– Gülzar xala, konverti açın, sayın, içində nə qədərdisə onu da ruçkayla yazın bura.
Gülzar xala konverti açdı, içindəki 500 manatı saydı, sonra da boş yerə “500” yazısını, altından da imzasını çəkib kağızı verdi.
Sonra digər veteran işçilərlə bir az dərdləşdi, trestin o vaxtkı rəisi Afanasiy Pavlovun necə yaxşı adam olduğundan danışdılar, qeybətləşdilər, sonra da evə gəldi.
Şəkər xəstəliyi olsa da, əhvalı yaxşı olduğu üçün xoşladığı əncir mürəbbəsini açıb axşam çayla içdi. Sonra isə fikirləşməyə başladı ki, ümumilikdə 3 nəfər veterana veriləcək 1500 manata görə nə yaxşı bu boyda vurhavur salmışdılar? Kostyumlu işçilərin say-hesabı yox, fotoqraf, televiziyadan gələnlər, dəm-dəsgah…Sonra dedi ki, “eh, onsuz elə bizim vaxtımızda da belə idi, qarışqanı fil edirdilər“.
Günün təəssüratları ilə yuxuya gedən Gülzar xala gecə 3-də yuxudan ayıldı. Yuxuda görürdü ki, tədbirdə danışan o kostyumlu-qaltsuklu kişilərdən biri Gülzarın yazdığı 500 yazısının qabağına 7 rəqəmini də yazmışdı.
Təngnəfəs olan Gülxar xala yenə insulin qəbul etdi, “nahaq əncir mürəbbəsini yedim, bu şəkər də birdəfəlik öldürsün məni, canım qurtarsın birdəfəlik “ dedi. Konvertdə hələ də açıq olan o 500 manat indi ona sovetin rublları kimi dəyərsiz gəlirdi, qanı qaralmışdı.
Sonra isə özünə təskinlik verməyə başladı ki, “şükür, mən heç olmasa bu yaşa qədər yaşamışam, mənə bunu veriblər, o birilər çoxdan qəbiristanlıqdadır“.