fbpx

Azərbaycanda özəl şirkətlərdə karyera qurmaq deyəndə ən çox arzu olunan iş yerləri neft-qaz, maliyyə (Big4, banklar). FMCG sektorları sayılır. Amma bu siyahıda bəlkə də ilk yeri telekommunikasiya sahəsi tutur.

Türklərdə məşghur “Bunca insan yalnızken neden bunca insan hala yalnız?” sualı olduğu kimi, indi bizdə də “Niyə mobil operatorlarda bu qədər yaxşı peşəkarlar varkən niyə mobil operatorlar bu qədər qeyri-effektiv işləyir?” sualı yaranır.

Əvvəllər özüm reklam agentliyində işləyəndə təəccüb edirdim ki, ” telekom şirkətləri reklamlarını bu qədər primitiv edir, bunlarda peşəkarlar çalışmırmı??” sualı yaranırdı. 2017-ci ildə Azerfon-da işə başladığımdan sonra gördüm ki, əslində kifayət qədər peşəkar insanlar çalışıb və çalışır. Hətta indi, Nar-ı tərk edəndən sonra mən özüm-özümə sualı verirəm ki, niyə axı istənilən, arzu edilən şəkildə işlər ortaya çıxmırdı?
Keçmiş günləri xatırlayanda yadıma xeyli məqamlar düşür.

Azerfon (Nar) marketing communications team

Azerfon-un Marketinq Kommunikasiyaları şöbəsi – 2018-ci ildə

Ən sevilməyən bölmə kimi sözsüz ki, Procurement (Təchizat) şöbəsi yada düşür. Bir tərəfdən baxırsan ki, normal, yaxşı insanların işlədiyi bir bölmədir. Lakin digər tərəfdən heç bir horror filmi dəhşətin miqyasına görə bu şöbə ilə müqayisəyə girə bilməz. Mütəmadi islahatlar (tenderlərin keçirilməsi üçün Promena e-sourcing alətinin tətbiqi, buying işlərini sistemləşdirmək üçün tədbirlər, optimizasiya üçün saysız işlər) olsa da, şirkət daxilində proseslərin ləngiməsinin əsas səbəbkarı kimi buranı göstərmək olar.
PO (purchase of order yaxud alqı sifarişi) təsdiqlənməmiş heç bir iş görmək olmaz. PO da təsdiq olunana qədər sən özünün dəvə olmadığını sübut etməlisən. Saysız təsdiqlər, approval-lar, bürokratik əngəllərin sayı-hesabı yox idi.

Hamının qorxduğu, rastlaşmaq istəmədiyi şöbə İnternal Security (Daxili Təhlükəsizlik) idi, heç kim onlarla işinin olmasını istəmirdi. Hərgah mənim onlar haqqında çox xoş təəssüratlarım var.

Telco Group (Azerconnect, Bakcell, Azertelecom, Azerfon və s.) daxilində ən yaxşı işləyən 2 struktur kimi İT və HR departamentlərini deyə bilərəm. Təəccüblü görünə bilər; xalqın gözündə daha çox bu şöbələr neqativ görünsə də (şəbəkə tutmadığına görə İT, işə qəbul məsələsinə görə də HR şöbəsini həmişə günahlandırırlar), ən yaxşı iş ortamı burada olub.

Nə qədər beyin köçü olsa da, əvvəllər işləmi professionallar indi başqa şirkətlərə getsə də, İT şöbəsində hələ də öz işinin bilicisi olan insanlar oturub.

HR şöbəsi yeganə yer idi ki, şöbədaxili intriqalar yox idi (ən azından aşkar şəkildə). Hamıya yardım etməyə çalışan, dəstək göstərən insan resursları şöbəsində bu xoş mühitin yaranmasında fikrimcə əsas səbəbkar Chief Human Resources Director kimi işləyən Mətanət Babayevanın böyük rolu vardı. Bütün problemlərə rəğmən HR şöbəsində işlərin təşkili daha düzgün formada idi.

Maliyyə şöbəsi – özləri üçün muxtar respublika qurmuş, öz qayda-qanunları ilə yaşayan peşəkar, amma şirkətdaxili prosesləri yavaşladan departament. Bir departament olsa da, xəzinədarlıq, mühasibat, vergi. maliyyə, gəlirlərin tanınması və s. şöbələri arasında sanki yad insanlar arasındakı kimi münasibətlər var.

CDC (müştərilərlə əlaqədən məsul, sadə dildə desək Call-Center) – maaşları az olan, işləri stress ilə dolu bu şöbədə vaxtilə işləyənlərin bir çoxu digər şöbələrə miqrasiya edib. Prosedurlar, qaydalar, KPİ-lar sayəsində iş xeyli standartlaşdırılıb və asanlaşdırılıb. Orda işləyənlərin çoxu haqda yüksək fikirdəyəm. Son zamanlar dijital dəstək, sosial şəbəkələrdə müştərilərlə ünsiyyət və s. rolu adi çağrı mərkəzinə nisbətən daha çox artır, ona görə də bu bölmənin iş funksiyaları getdikcə artır.

Nəhayət, gələk ən vacib məsələyə. Marketinq🙂 Gördüyüm ən ağıllı, eyni zamanda ən məsuliyyətsiz və səfeh adamların da işlədiyi bir mərtəbədə məhsulun yaradılmasından tutmuş onun satış analitikasına qədər hər bir iş görülürdü.
Təbii ki, müsbət məqamlar var. İntellektual səviyyəsi yüksək, işgüzar, öz işini sevən, gülərüz insanların toplaşdığı bir kollektivdə işləmək təbii ki, zövq verir. Amma süni çətinliklər, intriqalar, şöbələrarası çəkişmələr, bəzən rəhbərliyin ağlasığmaz qərarları xoş olmayan təəssüratlar yaradır. Nar-ın marketinq şöbəsini şəxsən mən Bakcell-inkindən daha yaxşı qiymətləndirirəm. Düzdür, Azerfon-da loyallıq proqramı (Bakcell-in Ulduzum layihəsi kimi) yoxdur, büdcələr, görülən işin spektri daha dardır, amma effektivlik və bacarıq baxımından işçilər Bakcell-dəkindən daha üstündür.
Azercell-in marketinqi digərlərindən mütləq göstəricilərdə üstün ola bilər, amma onların bazar payını, imkanlarını, büdcələrini və resurslarını müqayisə edəndə görə bilərik ki, nisbi göstəricilərdə elə zəifi Azercell-dir. Nəhəng, gec reaksiya verən, yöndəmsiz dinozavrı xatırladır bu şirkət. İnkişaf etmək, öyrənmək üçün Azercell-dənsə digər şirkətləri daha çox tövsiyə edərdim.

Keçmiş Azercell işçiləri indi Nar-dadır. Azercellin ofisinin yarısında isə keçmiş Nar əməkdaşlarını görmək olar. Bakcell və Nar arasında qohumluq əlaqələrini də nəzərə alsaq, görə bilərik ki, telekom bazarında ara qarışıb, məzhəb itib:)