fbpx

Elə insanlar var ki, həm Azərbaycan, həm də rus dilinin hibridi olan bir dildə danışır. Hətta bu dildəki sözlərin mənası tamam başqadır. Ona görə də, yeni bir dil, yeni bir subkulturanın özünəməxsus dili,slenqi olduğunu deyə bilərik.

Məsələn, “narmalnı” sözü. Məlumdur ki, rus dilində “нормальный”, bizim dildə də “normal” kimi ümumişlək söz var. Amma siz bu danışıq cümləsinə diqqət edin:

Nahaq tez gedirsən.Eybi yox, gərək gələn dəfə qəşəng bir milli kafedə narmalnı oturub çörək yeyək.

Burda istifadə olunan  “normal (qədərində, adi, standartlara uyğun, həmişəki kimi) nahar etmək”  mənası verilmir. Burda istifadə olunan “narmalnı” əksinə, nəyi var, geninə-boluna, eyş-işrət ilə, zövqü-səfa ilə mənasına gəlir.

Digər nümunələrə baxaq:

  • bombavoyski – bomba kimi, dəf kimi, perfect, ən üstün səviyyədə
  • делать сифу – “sifət eləmək” birləşməsinin rusca kalkası. Kiməsə bozarmaq, narazılığını bildirmək

Azerus dilinin əsasını rus dilindəki fellərin axırına “etmək” felini artırmaqla düzəlir. Məsələn, predoxranyat eləmək, kayfovat eləmək, stuçat eləmək,

yarı azərbaycanca,yarı rusca

AzeRus dilinda daha çox rus sözləri əsas, azərbaycanca olan sözlər isə köməkçi artırma kimi olur:

  • Meşatçılıq – мешать felindən yaranmış, amma heç bir rusun anlaya bilməyəcəyi hibrid söz.
  • pesox – maraqlıdır ki,hətta bakılı rusdilllilər də bəzən песок əvəzinə (şəkər tozu barədə ümumiyyətlə danışmıram) belə deyir.
  • çmoritləmək – чморить felinin yerliləşmiş kalkası.

Əvvəlcə Rusiya impersiyası, sonralar isə SSRİ daxilində olduğumuz üçün dildə belə alınma sözlərin olmasını başa düşmək olar. Hətta XX əsrin əvvəllərində pristav, naçalnik, sud, natarius, birqədir, türmə  kimi sözləri dilimizə daxil olmuşdu (elmi dildə buna barbarizm deyirlər). Amma o vaxt dilə nüfuz etmiş, hətta öz ədəbi dilimizə daxil olmuş bəzi sözləri 90-cı illərdən sonra yaranan bu yeni AzeRus dilindən fərqləndirmək lazımdır. Əgər əvvəllər yeni sözləri yalnız ya intelligensiya nümayəndələri, ya da sadə rəiyyət özünüküləşdirib (nəçəlnik kimi) deyirdisə, hazırda yeni sub-dilin yarandığını deyə bilərik.

Məşhur meyxanadakı palajeniyalar, samneniyalar, rajdeniyalar kimi sözlər yavaş-yavaş AzeRus dilindən çıxıb ümuimşlək dilə belə keçir.

Sözsüz ki, belə barbarizmlər daha çox keşmiş Bakı və şəhər əhalisi arasında daha çox işlənir. Xüsusilə məktəbdə rus sektorunda oxumuş vətəndaşlarımız arasında daha barizdir. Əhalinin hər bir təbəqəsi arasında işlənir. AzeRus dilinin istifadəçilərinin maddi imkanı da adi isnalarınkından fərqlənmir. Bir bankın 5000 AZN maaş alan top meneceri “Aşağıdakı stalovıda qəşəng lüləşka yeyib sonra firmanı uçredit edərik” dediyi kimi, profilaktoriyada işləyən az imkanlı çilingər də “Mənim kimi slesarı o astanovkadakı əli atvertkalı matışkəyə dəyişirsən?” sualını da verə bilir.