fbpx

90-cı illərdə arvadı Qalina və 9 yaşlı oğlu ilə küsüşən, 8 ildir ki, əyninə yeni paltar almasa da, həmişə paltarı ütülü və səliqəli olan, hər həftə rus kanallarında Solovyovun verilişinə baxan Rafiq dayı (çox vaxt onu ”dyadya Rafik” çağırırdılar) adəti üzrə yenə 5-ci gün axşam bulvara tərəf getdi.
O vaxtı dava edəndə arvadı acıq edib uşaqla Krasnodara getmiş, Rafiq də məğrur olduğuna görə sonra onları axtarmamışdı. Yalnız bir dəfə dostu ona kompüterdə Vkontakte-də oğlunun profilini tapıb göstərmişdi. Dostunun yanında dodaqaltı ”sukin sın” desə də, şəkli yaddaşına həkk etmişdi, üz cizgiləri tam Rafiqinki idi. Son vaxtlar arada yuxusuna girirdi oğlu. Bəzən guya oğluyla danışır, sporlaşır, ”anan o vaxt düz eləmədi” deyirdi.

Bulvara gəldi, qağayılara bir az çörək atdı, sonra da həmişə oturduğu skamyada oturanların durub getməsini gözlədi.
Son saat 8-in olmasını gözlədi. Artıq 5 ay idi ki, elə 5-ci gün axşam bu vaxtlar 55 yaşlı bir qadın qabağında uşaq kolyaskasıyla gəlib Rafiqin skamyasının yanında otururdu. Rafiq həmin qadının telefonuna gələn zənglərdən tutmuşdu ki, bu qadın uşağın nənəsi yox, dayəsidir. Həmişə təmkinlə uşağa mahnı oxuyur, yeməyini verir, uşağa yeni sözlər öyrədirdi. Qadının uşağa təmkinlə ”ay”, ”gəmi”, ”ağac” öyrətməsinə adət etmişdi.

Nə dinirdilər, nə danışırdılar. Amma Rafiqlə qadın bir-birlərini görəndə üzlərində həmişə bir mikro-təbəssüm yaranırdı, bu iki ahıl, sakit insan sanki bir-birlərini çox yaxşı başa düşürdülər. Hətta bir dəfə Rafiq dönüb həmin qadın tərəfə baxanda onun qızardığını görmüşdü. Heç 18 yaşlı qızların utanıb-qızarmadığı dövrdə bu qadının rənginin dəyişməsi Rafiqin çox xoşuna gəlmişdi.

Bugün Rafiq özünə söz vermişdi ki, həmin qadına yaxınlaşacaq. Fikrində çoxlu variantlar tutaraq xəyallar edirdi:
Qadın uşağa ”çayka” sözünü öyrətmək istəyəndə deyəcəm ki, çayka yox, qağayı. O da yəqin qayıdacaq ki, ”oy, çox sağ olun, elə sözlər var ki, azərbaycanca tapmaq çətin olur”. Mən də cavab verəcəm, sonra da söhbət alınacaq.
Yox, əgər birdən çayka deməsə? Onda yaxınlaşıb deyəcəm ki, kolyaskanın arxa təkərləri yeyilib, onları dəyişmək lazımdır, səsi cırıldayır. Amma təzə, bahalı arabaya oxşayırdı, həm də guya başqa təkəri hardan tapacam? Yox, o da alınmaz. Eh, yay olsaydı yaxınlaşıb sudan, marojnadan təklif edərdim.

Elə bu fikirlərlə dyadya Rafik skamyada oturub uzaqdan uşaq arabasının gəlməsini gözləyirdi. Lakin…