İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın.
Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda rus dilində olur çox şey.
Saat 10-da işə girən kimi öz çaşkamda (üstündə People matter yazılıb) limonlu çay içməyə başlayım, amma həmişə də yarıda qalsın. Söhbət, məktublar, görüşlər əlindən vaxtım olmasın çayı axıra qədər içməyə.
Sonra departament direktoru mənlə təkbətək danışsın ki, bəs mən diyən namizəd noldu, götürürsüz? Mən də cavab verim ki, “vallah kandidat çoxdur, gərək onların hamısıyla danışıb qurtaraq ki, axırda siz deyən adamı götürək. Formalno həftənin axırı bütün namizədlərlə intervyu eləməliyəm”.
Departament direktoru da göz vurub desin ki, Gülya, bir az tələsin də, mən söz vermişəm adamlara. Özün bilirsən də, əl əli yuyar, əl də üzü.
Gələn CV-lərə tezbazar gözucu baxım. Hər rezümeyə uzağı 10 saniyə vaxt ayırım. Gülməli, maraqlı CV olanda İnsan Resursları şöbəsində işləyən digər kolleqalarıma göstərim.
– Qızlar, toyda çəkdirdiyi şəkli CV-yə qoyana baxın bir. Satış şöbəsinin rəhbəri olmaq istəyirmiş, pah.
Şirkətin rayonlardakı filiallarından birinin müdiri zəng eləsin ki, “bəs bizim vakansiya 2 həftədir niyə qoyulmur? Kadr tapılmır, iş getmir, camaat da narazılıq edir” Amma mən daha çox baş ofisdəki vakansiyalara baxmaq istədiyim üçün rayondakıları yola verim. Deyim, bilirsiniz, o qədər iş çoxdur ki…Gözləyin, 2-3 günə elanı qoyuruq.
İntervyuya gələnlərə də həmişə birinci o sualı verim ki, “Birinci özünüz haqda qısa məlumat verin”. Sonra da standart suallarımı verim:
-Zəif cəhətləriniz hansıdır?
-Tutaq ki, bizdə işləməyə başladınız. Özünüzü 5 ildən sonra harda görürsünüz?
Əslində 5 dəqiqəyə bilim ki, bu intervyudakı adam bizə uyğun gəlir ya yox. Görəndə ki, uyğun gəlmir, vaxtı uzatmamaq üçün yolaverdi sualla yekunlaşdırım.
Yaxşı, yuxarı maaşlı, bankın çox ehtiyacı olduğu işçi tapmaq lazım olanda Linkedində #ishvar heşteqiylə vakansiyanı qoyum. Yerli iş saytlarından da ən çox xoşuma gələn, ən rahatı olan busy.az saytında elanı qoyum. Bolee-menee o sayta girənlər normal namizədlər olur. Elə vakansiyanın mətnini busy.az-ın e-mailinə atanda tanış HR-lardan biri zəng eləsin ki, “Gülya, bankımıza sizin şirkətdə İT-də işləyən Vahid CV atıb. Vrode neploxoy, bizimkilərin xoşuna gəlib. Məsləhətdir onu götürmək?”
Mən də fikirləşim ki, Vahidin yerinə təzə kadrı axtarıb tapmaq xeyli çətin olacaq, başım ağrıyacaq. “Tənbəlliyi var, özümüz çıxartmaq istəyirik onu, bir az skolzki adamdır“ deyib onun gözündən salım.
Votsappım da bir saat belə boş dayanmasın. 3 həftə əvvəl intervyuda olmuş namizəd yazsın ki, “Gülnarə xanım, o vaxt demişdiniz ki, sizinlə əlaqə saxlayacağıq. Amma sizdən geri dönüş olmadı. Zəng etdim, götürmədiniz. Cavab nə vaxt olacaq?“ Mən də ürəyimdə deyinim ki, ay lom, əgər cavab verməmişiksə deməli seçilməmisən də…
Saat 6-ya qalmış birdən yadıma düşsün ki, ay da, axşam HR işçilərinin network tədbiri var, ora çatdırmalıyam. Qəşəng şəkillər çəkdirib Linkedinə qoyaram. Özümü bəzəmək üçün tualetə getmək istəyəndə CEO-nun assistenti çağırsın məni müdirin otağına.
CEO da desin ki, Gülya xanım, sekretnı bir iş var, bizə satınalmaya yeni departament direktoru lazımdır, amma gərək ofisdə heç kim bilməsin. Heç yerdə vakansiya qoymayaq, altdan-altdan headhunting edək. Gələn ayın axırı gərək təzə adam işə başlasın.