27 yaşlı ofisiant Seyfəli səhər Bakıda ən acıqlı, elə Bakının özünə ən çox nifrət edən adam idi. Qanı it qanına dönmüşdü Seyfonun (dostları onu çox vaxt belə çağırır).
1 həftə əvvəl adını daşıdığı babasının ölümüylə əlaqədar rayona getmiş, orda hüzürü yola verməkdə kömək etmişdi. Qayıdanda evdəkilər toyuq soyutması, fəsəli, kənd yumurtası, yasdan qalan halva da qoymuşdular. Nə qədər desə də ki, onsuz da işlədiyi restoranda yaxşı yeyir, anası onunla razılaşmamışdı. Ailəsi onu sentyabrdan bəzi bir yerdə kirayə qaldığı ev yoldaşı, əslən beyləqanlı Veyisi də nəzərə alaraq içi dolu 2 ağır torbayla yola salmışdı.
Avtovağzaldan kirayə qaldıqları ikiotaqlı evə girəndə mənzil ona sanki boş göründü. Əl-üzünü yuyandan, əşyaları boşaldandan sonra diqqət etdi ki, adətən rozetkaya taxılı qalan, o vaxt dayısıoğlunun verdiyi, Celeron prosessoru ilə ölə-ölə işləyən, amma Seyfoya çox qiymətli olan noutbuku yoxdur. Ad günündə ofisiant uşaqların hədiyyə verdikləri duxunun da yerində olmadığını görüb tez o biri otağa keçdi. Gördü ki, evdə Veyisə aid heç nə yoxdur, sanki elə bir adam burda yaşamayıbmış. Üstəlik şkafda Seyfonun özünə də aid az-çox qiymətli nə varsa, yoxa çıxıb. Neçə aydır ki, yığdığı pulları döş cibində gizlətdiyi ikinci kurtkasının da olmadığını görəndə dəli oldu.
Veyisin telefonu şəbəkə xaricində idi, Votsapına mesaj çatmırdı, Beyləqanda harda qaldıqlarını da düz-əməlli bilmirdi. Lap bilsəydi də guya neyləyəcəkdi ki?
Neçə aydır tərgitdiyi siqareti yenidən çəkməyə başladı. Veyisi də, onun nəslini də, yaşayışını da – hər kəsi söyürdü. Şəhərdə məqsədsiz gəzməkdən yorulmuşdu, axırda metronun çıxışında bir yer tapıb dincini almağa başladı.
Çıxışdan bir az aralıda qəzet satılan kiosk gözünə sataşdı. “Tüpürəsən belə yaşayışa” deyib yaxınlaşdı, cibində olan, 5 manatdan başqa bütün pullara lotoreya biletləri aldı. Heç udacağını gözləmirdi, istəyirdi ki, onu da uduzsun, onsuz da düşdüyü zibilin lap dibinə düşsün.
Özünü ən bədbəxt insan hesab edən Seyfonun üzü növbəti gün gülürdü. Küçənin başında həmişə dilənən, əslində heç dilənçi olmadığını bildiyi qaraçıya da nəzir uzatmışdı. Zarafat deyil, dörd minə yaxın pul udmuşdu.
İki gün sonra işə çıxanda ofisiantlara həm Veyisin əclaflığını, həm də dünənki uduşu haqda danışmışdı.
Axşama yaxın Veyisdən səsli mesaj gəldi: “Qaqa, rayondan məni çağırmışdılar, fikirləşdim ki, evdə bu qədər şey qalmasın, ev yiyəsi birdən evə girər, çox şeyi götürər, sonra da sübut edə bilmərik. Ona görə də az-çox qiymətli nə varsa götürüb özümlə aparmışdım. 2 günə qardaşın Beyləqandan gəlir. Hazırlaş, axşamlar dominoda payını verəcəm”
Seyfo ona nə yazacağını fikrində götür-qoy edirdi ki, stollardan birində oturmuş bir qaqaş əliylə ona guya qələmlə nəsə yazırmış kimi işarə elədi ki, yəni şotu gətir…