Bir körpəyə valideynlərinin verəcəyi ən yaxşı 3 şey bunlardır:
- Sağlam genlər
- Yaxşı təlim-tərbiyə
- Ad
Çoxları ad qoyanda özünü əziyyətə salmır, qohumda-qonşuda olan yaxşı adları seçib istifadə edir. Ona görə də ölkəmizdə ən çox qoyulan adlar Yusif, Ömər, Hüseyn, İbrahim kimi adlardır. Bu adlara qarşı deyiləm, amma məncə adlar bir qədər fərqli, özünəməxsus olmalıdır. “Nə qədər fərqli ad olsa, bir o qədər yaxşı” – fikrinin tərəfdarıyam.
24 ildən sonra nəhayət ki, əmimin oğlan uşağı dünyaya gəlmişdi. Qız adları haqqında çox məşhur məqaləmdən sonra hamı məni bir ad bilicisi kimi tanıdığı üçün məndən məsləhət istədilər. Prinsipcə, qızımın adını seçərkən fikirləşdiyim kriteriyalar elə oğlan uşağı üçün də aşağı-yuxarı keçərli idi:
- Adın pozitiv, yaxşı mənası olsun – bəzən uşağa Əbdül (mənası qul, kölə deməkdir) Cüneyd (mənası kiçik əsgər deməkdir), Pirverdi, Abbasqulu kimi adlar qoyurlar ki, düzgün saymıram.
- Dini adlar olmasın – Hüseyn, Əli, Məhəmməd, Musa, Yəhya, Yusif kimi adlar o qədər yayılıb ki, artıq insanları fərqləndirmək belə olmur. Yüzillərdir ki, insanlara niyə elə eyni adlar qoyulsun?
- Minimum 4 hərf olsun – Əli, Ağa, İsa kimi adlar çox qısadır.
- Ç, Ş, Ü, Ğ, Ö hərfləri adda olmasın – bu hərflər azərbaycanca mövcud olsa da, xarici ölkələrin əksəriyyətində yoxdur. Yunanıstanlı birisi üçün “Mürşüd”, koreyalı birisi üçün “Ağabala” adı demək çox çətindir, hələ yazılışını demirəm. Əvvəllər Ə hərfinin də istifadəsini də istəmirdim (rus dilində Ə hərfi yoxdur), amma son vaxtlar bu hərfi sevməyə başlamışam deyə, adda 1 dəfə Ə hərfinin olmasına normal baxıram. Yəni “Əhmədiyyə“ yox, amma “Sənan“ OK.
Oğlan üçün yaxşı adlar
- Bəxtiyar – mənası gözəldir, optimizm yaradır, deyilişində harmoniya var. Bir tərəfdən B, X kimi sərt hərflər var, o biri tərəfdən də İ,Y kimi yumşaq səslər var ki, onlar da birləşib ahəngli ad ortaya çıxardır.
- Cahangir – mənası “dünyanı fəth edən” verən sözdə əzəmət, möhkəmlik, ingilislər demiş solid bir oturuşmuşluq var. Oxşar ad kimi Cahandar da olar, amma Cahangir ondan daha üstündür.
- Fərhad – oğlan üçün çox yaxşı, içində fərəh daşıyan addır. “Fərid” adı daha yumşaqdır, Fərhad isə nisbətən sərtdir, oğlan üçün daha uyğundur.
- Bahadur – “cəngavər” mənalı bu adı ölkəmizdə axır vaxtlar az qoyurlar (içində baha sözü var deyə), amma xaricilərin dilində bu adı eşitmək yaxşı səslənir.
- Erkin – indiki dövrdə Elvin, Elmir, Emin adlarının çox yayıldığı dövrdə Erkin onlara nisbətən daha fresh görünür.
- Kamal – ərəb mənşəli bu söz kamil, mükəmməl, yetişmiş sözləriylə assosiasiya olunur. Düzünü desəm, uşaq vaxtlarından Camel siqaretlərinin qablaşdırmasını, elə ingiliscə camel (dəvə) sözünü çox bəyənirdim, bəlkə də uşaqlığımdan qalan şeydir bu.
- Eltun – Elton yox, məhz Eltun.
- Niyaz – mənası hədiyyə, bəxşiş deməkdir. Əmimgilə 24 ildən sonra Allahın övlad bəxş etməsinə görə bu adı uyğun görürdüm
- Navud – yaxud da Navid xoş xəbər, müjdə deməkdir. Çox az istifadə olunub, qeyri-adidir.
- Hafiz – “nəyisə qoruyan” mənasını verən, Quranı əzbər bilənlərə deyilir bu ad. Amma mən sırf deyilişinə görə bəyənirəm bu adı. Həm uşaq vaxtı, həm də böyüyüb bir kişi olanda ad uşağa yaraşacaq.
- Leonid – mənası “aslan“ olan bu adlı insanlar əsl kişi obrazını təcəssüm etdirir.
- Murad – nə qədər çox işlənsə də, ölkədə ən geniş yayılmış adlardan biri olsa da, bu adın istər deyilişi, istərsə də mənası çox yaxşıdır.
- Altay – hətta türkçülüyü, oğuzları, Altay dağlarını qırağa qoysaq belə, bu adın tələffüzü çox sərrastdır. Ruslar demişkən, звонкий səslənir.
- Firidun – İran nağıllarından birinin qəhrəmanıdır.
Ümumiyyətlə, yazdıqca görürəm ki, bəyəndiyim oğlan adlarının çoxu İran adlarıdır. Eyni zamanda Nəriman, Fərrux, Firuz, Firdovsi, Siyavuş, Şahin, Rüstəm kimi adlar da İran mənşəlidir.
Avropa mənşəli, Qərbyönümlü oğlan adlarından bunları bəyənirəm:
- Daniel – Bbliya peyğəmbərinin adından götürülüb, deyilişi diləyatımlıdır.
- Maksim – “ən böyük”
- Konstantin – “mətin, möhkəm” mənalı bu adın daşıyıcısına hörmət etməmək mümkün deyil
- Radomir – oxşar ad kimi Rodion da var, amma mən məhz bunu bəyənirəm. Daha çox Balkan ölkələrində işlənir, mənası “dünyaya sevinc gətirən“ deməkdir.
- Lukas – təxminən “işıqlı, nurlu“ kimi məna verir, deyilişi sərtdir.
Riski sevənlər üçün
Bu adları azərbaycanlılardan kiminsə qoyacağına inanmıram, amma yenə də yazıram. Əgər kimsə ekstravaqant insandırsa, fərqli olmağı sevirsə, cəmiyyətin fikrini yox, özünün bildiyini etmək istəyirsə, bu adlardan istifadə edə bilər:
- Ansaldo – mənası “güc“ deməkdir.
- Oliver – zeytun ağacına bağlı olsa da (güclü mənası yoxdur), amma deyilişinə söz ola bilməz.
- Unkas – uşaq vaxtı C.F.Kuperin Çinqaçquk haqqında kitabını oxuyanda bu ad çox xoşuma gəlmişdi. Deyilişindəki aydınlığa görə ən yaxşı adlardandır.
- Vladimir – düzdür, indi çoxları üçün bu ad “təhlükəlidir”. Çox rusvari, slavyan adıdır. Mənası “dünyanı idarə” edən deməkdir. Doğurdan da bu adlı adamlar çox səs-küy salmış adamlardır: dövlət başçıları Vladimir Putin, Vladimir Lenin, Vladimir Zelenski, general Vladimir Şamanov, aparıcı Vladimir Solovyov və s.
- Kenzo – məşhur lüks brendinin adı da məşhur dizayner Kenzo Takadanın adından götürülüb. Yapon dilində mənası pozitiv olan addır.
Yeri gəlmişkən, əmimin uşağının adını seçərkən mənim yox, anamın təklifini qəbul etdilər – Onur. Bir az Türkiyəsayağı olan bu adın kökü ingiliscə honour (şərəf, qürur) sözünə gedib çıxır ki, məncə çox gözəldir. Hətta içində nur sözü də “gizlənib”. Qısa, deyilişi asan, mənalı bu adı eşidəndə çoxumuz bəyəndik. Ümumiyyətlə, elə adlar var ki, müəyyən vaxtlarda dəbə düşür. Bir vaxtlar hamının adı Tural qoyulurdu (elə mənimki kimi). Fateh, Ayxan, Raul, Nihad, Teymur adlarının populyarlaşdığı, trend olduğu müddət olur. Hazırda Onur da həmin adlardandır.
Bu ad isə öz kəşfimdir, mən bu adı fikirləşəndə belə ad yox idi (indi bilmirəm var ya yox):
Bilgin – rus dilindəki знаток (bizim dildə bilici) sözünə oxşayır, amma tam o da deyil. Bir şeyin eksperti, biləndəri, türklər demiş uzmanı. Bu ad qoyulmuş uşağın intellektual səviyyəsinin, əqli qabiliyyətlərinin yüksək olacağı fikri var məndə.
Bu məqaləni mütəmadi olaraq yeniləməyə çalışacam.
Kiminsə təklifi, iradı olarsa, müraciət etməkdən çəkinməsin.
Sonda isə bütün körpə balalara sağlamlıq arzu edirəm. Hansı adın qoyulmağından asılı olmayaraq uşaqların normal səhhətə malik olması bir valideyn üçün ən böyün nemətdir.