#istiyirəm ki, pediatr olum, qəbulum da 45 manat. Kabinetin qapısından hər gün səhərdən 3-ə qədər körpə uşaqların ağlamaq səsi əskik olmasın.
Assistenim də Zülfiyyə olsun, mən ona Zulya deyim. Xəstələrin əvvəldən qəbulunu, növbəni o tənzimləsin. İşə gələndə deyim ki, Zulya bugün növbə çoxdur? O da desin ki, doktor, həmişəki kimi. Prosto bir dənə rayondan gələn ailə var, onu birinci yola salsaq yaxşı olar.
Uşaqların hamısına cinsindən asılı olaraq “krasavçik” ya da “krasotka” deyim. Təzə gələn xəstə olanda soruşum ki, “bu krasotka kimə oxşayıb?” Çox vaxt da xəstənin anası bunu eşidib özündənrazı halda gülümsəsin.
Məndən əvvəl başqa həkimdə olmuş valideynlər yanıma gələndə əvvəlki həkimin resept kağızına baxıb soruşum ki, “bu xondresparmizin tabletkasını həkim nə üçün yazmışdı? Firma dərmanıdır bu“. Valideynlər də gözünü döyüb çiyinlərini çəksinlər. Mən də çoxmənalı şəkildə “Hm…” deyib reseptə baxım, axırda da dərindən ah çəkim. Uşağın ata-anası da bir-birinə baxsınlar: qəbulumdan çıxanda ata anaya çəmkirsin ki, əvvəldən bu həkimin yanına gəlmək lazımıydı, qazandığımı o pulgir həkimlərə tökmüsən.
Bəzi valideynlər gələndə isə ağıllı terminlərdən istifadə edim: “mədənin aşağı sfinkterində patoloji ödemin suspenzik absorbsiyası üçün spazmolitik yazıram sizə, 1 həftə yeməkdən qabaq hər gün atarsız.”