fbpx

Niyə biz azərbaycanlılar bu qədər pis işləyirik? Niyə böyük, gözəçarpan, hamının tərifləyə biləcəyi işlər çıxarda bilmirik ortalığa? Niyə bu qədər istedadlı kadrlarımız, pis-yaxşı təhsilimiz, coğrafi mövqeyimiz, az-çox pulumuz olsa da, uğurlarımız azdır?

Bu suala cavab verməzdən əvvəl incə bir məqama toxunaq.

Fərdi idman növləri olan güləş, boks, karate, kikboksinq, ağırlıqqaldırma və s. sahəsində neçə-neçə çempionumuz, dünya şöhrətli idmançımız var.

Kollektiv idman növü olan futbol sahəsində müvəffəqiyyətlərimizi hamı bilir. Basketbol, voleybol, həndbol sahəsində neçə dəfə çempion olmuşuq? Futbolda son 30 ildə ən böyük uğurumuz nə olub? 30 ili qoyaq qırağa, futbol tariximizdə ən böyük uğur 1969-cu ildə Neftçi-nin SSRİ çempionatında 3-cü yeri tutması olub((

Fərqi yəqin ki, başa düşdünüz. Komanda oyunu oynaya bilmirik. Kollektiv şəkildə yığışıb iş görə bilmirik. Yalnız fərdi, individual şəkildə öz əzmkarlığımızı, bacarığmızı ortalığa qoya bilirik.

 

Bu tək idmanda deyil, marketinq, İT, dövlət idarəetməsi, biznesin özündə də belədir. Uğurlu sahibkarlarımız var, amma neçə dənə uğurlu şərikli biznes saya bilərik? “Az qazan, tək qazan” məntiqi ilə yaşayırıq. Kimləsə bölüşmək, paylaşmaq, ümumi bir kollektiv iş görməkdən uzağıq.

Sözsüz ki, istisnalar var. Yaxşı işin arxasında çox vaxt düzgün təşkil edilmiş kollektiv əmək dayanır. 9 ay ərzində çalışdığım SmartBee-də ən böyük uğurumuz nə olub? sualına cavab olaraq tez deyə bilərəm ki, yaxşı komanda qura bilmişik.

Azərbaycanda neçə-neçə rekorda imza atmış, xeyli ilk-ləri etmiş bir texnoloji start-ap olaraq SmartBee-də hər şey asan başlamayıb.

Əvvəlcə çox yük şirkətin yaradıcısı olan Fərid Kərimovun üzərində idi. Şirkətin direktoru da, CTO-su da, developeri də, reklamverənlərlə əlaqə quranı da, saytlarla danışanı da, maliyyəçisi də, hər şeyi o idi. Çox istedadlı proqramçı olan Fərid nə qədər istedadlı olsa da, kiçik resursla böyük işin öhdəsindən gələ bilməzdi. Axırda elə bir hal yaranmışdı ki, adam telefondan bezmiş, heç kimə cavab vermir, e-mailləri yoxlamır, sistemi kortəbii qoymuş, əsəbləri də korlanmışdı. Stress altında işləmək adama xoş gələ bilər, amma bir müddətlik. Sonradan insan bu stressdən bezir.
Böyük perspektivi olan bir dijital reklam şəbəkəsi qurmaq heç də asan deyil. Bunu 3-5 adam sırf entuziazm ilə edə bilməz. Bu işdə uğur qazanmaq üçün karate yox, futbol oynamaq lazımdır. Fərdiçilikdən kollektivizmə keçmək, böyümək üçün paylaşmaq lazımdır.

serkan algur

2020 mart ayında vəziyyət belə idi. Fərid Kərimovdan başqa Smartbee üzərində işləyən proqramçımız Serkan Algür belə vəziyyətdə olurdu.

Fəxr hissi ilə indi deyə bilərəm ki, SmartBee (ağıllı arılar) indi əsl arıların pətəyini xatırladır. Səs-küy, vızhavız, çalışqan və səliqəli iş – biz bu kollektivi qura bildik.

Əvvəla, komanda üzvlərinin sayını artırdıq. Back-end developerlər, helpdesk, junior developer, UX/UI designer tapdıq.

Fərid Kərimovun üzərinə düşən yükü azaltmaq üçün isə ən çox mən çalışdım. Reklamverənlər və yayınçılarla olan işin xeyli hissəsini öz öhdəmə götürdüm.

Product strategy hazırladıq, hədəflər qoyduq. Bazarda hansı payı tutacağımızı, rəqiblərimizin və partnyorlarımızın kim olacağını müəyyənləşdirik.

Hər işi özümüz etməliyik məntiqindən uzaqlaşdıq. Outsource etməyə başladıq. Fərid Kərimov hər bir işi özü görmək istəyən, kənar proqramçıların işini bəyənməyən biri olduğu üçün bu iş çətin oldu:) Amma sonradan özü də gördü ki, hər şeyi daxili güc hesabına etmək çox gec başa gəlir.

Brainstorming sadəcə dəb deyil. Beyin fırtınasının doğurdan da böyük effekti var. Məhz beyin fırtınası, iclaslar, team-meeting-lər zamanı çox şeyi öyrəndik. Məlum oldu ki, türkiyəli əməkdaşımız Serkan bizim xəbərimiz olmayan bəzi şeyləri çox yaxşı bilir. Onun təkliflərinə daha ciddi baxmağa başladıq. Əvvəllər sadəcə banner yığan və verstka işiylə məşğul olan Xətai İsayevin yaxşı bədii zövqünün olduğunu, JavaScript-də bəzi yaxşı

Fərid Kərimovla mənim pul mərclərimin arası kəsilmədi. Amma udduğum uduzduğumdan çox olub:)

təkliflər etdiyiniz gördük.

Yaxşı nəticəli iş səliqə-sahmanı sevir. Əvvəl isə komanda kortəbii şəkildə işləyirdi. Dedlaynlara çatmamaq norma idi, texniki dəstək verilən saytların istəkləri boşa verilirdi, onlar da məcbur olub çox vaxt ofisə gəlir yaxud Fəridin yaxasından yapışırdı. Düzünü desəm, bu problemi hələ də tam həll etməmişik:) Hamını məcburən Asana, Trello kimi proqramlardan istifadə etməyə məcbur etsəm də, bir çox işlər hələ də dədə-baba qaydasıyla görülür. Amma proqress, inkişaf göz qabağındadır. İşləri daha operativ həll etməyə, gözlənildiyindən daha yaxşı iş çıxartmağa, bəzən müştərini təəccübləndirməyə də nail olmağa başladıq.

Təsəvvür edə bilərsinizmi ki, 2 ay ərzində MySQL-dən çıxıb Postgre-yə, ordan da Redis-ə keçmək, Couchbase, Apache Spark sistemlərini test etmək (özü də aktiv production-da olan böyük layihədə) nə qədər mürəkkəbdir? Yazılıb-silinən kodlar, dəfələrlə dəyişdirilən biznes-məntiqi, gələn DDoS-hücumların qarşısını almaq, 50 manat qazancı 3 günə verməsək bizi təhdidlə  hədələyən sayt sahibləri ilə danışmaq və s. indi bizə xoş xatirə kimi gəlir. Amma bu qədər stressin, çətinliyin öhdəsindən gəlməyin bəlkə də elə əsas səbəbi o idi ki, xaricilərin team spirit, agency DNA dedikləri o komanda ruhunu yaratmağa nail oldum.

Bəzən zarafatla, bəzən zorla, bəzən bezərək, bəzən isə böyük həvəslə işləyən 11 nəfərlik komanda üzvlərimizin arasındakı o səmimi, xoş münasibət SmartBee komandasının ən böyük sərvətidir.

Fərid Kərimovun 2 saat dalbadal Youtube-da qoyduğu eyni  mahnının səsi altında işləmək, ləqəbi “Playboy” olan bir developerimizlə olan yumor, veb-dizaynerimiz Şahinin pişiklərə olan məhəbbəti, bəzən pendir-çörək, bəzən də kababla etdiyimiz nahar SmartBee üçün daha qiymətlidir nəinki böyük şirkətlərin verdiyi reklam büdcələri.

Hazırda 6-rəqəmli dövriyyəsi olan SmartBee-də istifadə olunan texnologiyaların müasirliyi, müştərilərə təhvil verilmiş layihələrin sayı, görülmüş işin həcmi və keyfiyyəti  pulun deyil, yaxşı komandanın sayəsindədir. Azərbaycanlı biznesmenlər, iri dövlət məmurları bunu dərk etməlidir ki, yaxşı komanda yaratmaq indiki dövrdə böyük həcmli investisiyalar.dan daha önəmlidir.

Fərdiyyətçilikdən, eqoizmdən, özüm-özümçülükdən qaçın.

Kollektiv yaradın, birgəlik yaradın, komanda ruhu yaradın, paylaşmaq mədəniyyəti yaradın.