fbpx

Bilənlər bilir, azərbaycanca xeyli yazıb-yaradan olduğum üçün dilimizə yeni sözləri gətirməyi, yaxud import etməyi xoşlayıram. Fikrimcə Azərbaycan dilinə daxil olmalı yeni bir  söz var – “ult”

Geymerlər bilir, inilis dilində “ultimate skill” sözündən yaranmış bir ult qısaldılmış sözcüyü  var.

Ult – hansısa personajın bacardığı çox güclü bir qüvvədir. Mortal Combat oyununda Scorpionun hansısa hərəkəti yaxud FİFA PlayStation oyununda bir futbolçunun fövqəlbacarığını bəziləriniz görmüş ya eşitmiş olar.

Maraqlıdır ki, bu ult təkcə oyunda yox, real həyatda da öz əksini tapır.

Dünyada nə qədər futbolçu var, amma onların arasında məhz Zlatan İbrahimoviç öz ultuyla seçilir. Çox eqolu, dikbaş, özündənrazı ünsiyyəti ilə başqalarından fərqlənir.
Müğənni Röyanın ultu  öz səmimiliyi və heç nəyini gizlətməməsidir. Apple lideri Stiv Cobsun ultu onun perfeksionist olması, hər xırda bir şeyi ideal dərəcəyə gətirmək üçün dizayna böyük önəm verməsi idi.

Metroda kiminsə epilepsiyası tutanda, huşunu itirəndə əksər adamlar nə edəcəyini bilmir, sakitcə donur. Amma elə adam var ki, dərhal əl-ayağa düşür, xəstəyə təcili tibbi yardım göstərir. Bax, bu adamın ultu onun özünü itirməyib ani reaksiya verməsidir.

Dizaynerlər adətən Photoshop, İllustrator kimi peşəkar alətlərlə işləyir. Təsəvvür edin ki, dizayner dağda şəlalənin yanında məzuniyyətdə olanda ona təcili tapşırıq gəlir. Əksər dizayner əsəbiləşir ya da deyir ki, əlim kompüterə çatanda işləyərəm. Amma elə dizayner də var ki, elə telefonundaca Canva yaxud hansısa alətdə tapşırığın öhdəsindən gəlir. Bu dizaynerin ultu da odur ki, kompütersiz, proqramsız belə işi aşırda bilir.

Ola bilər ki, sizin üçün ult olan bir şey başqası üçün adi, sıradan bir şey olsun. Burada qeyri-adi, pis bir şey yoxdur. Əsas odur ki, bu ult ilə sən öz standart, normal vəziyyətindən daha güclü olasan. Məsələn, adətən sakit, fağır olan bir marketinq meneceri böyük auditoriya qarşısında öz ultunu işə salır, onları yeni çağırışa qoşulmağa böyük coşqu ilə səsləyir.

İş həyatında vacib olan odur ki, sən öz ultunu tapasan. Daha da yaxşısı odur ki, digər kolleqalarındakı ultu da kəşf edəsən.

Hazırda işlədiyim #AlephAzerbaijan-da İrananın ultu odur ki, informasiyanı təhrifsiz ideal şəkildə kommunikasiya edir (bəlkə də 6 dil bildiyinə görədir, linqvistik qabiliyyəti çox inkişaf edib). Yaxud Günel-də gördüyüm ult odur ki, müştəri onun nə qədər əsəblərini korlasa da, bezdirsə də, o səbirlə dözür, heç vaxt kəskin reaksiya vermir. Yəni istənilən digər sales mütəxəssisinin belə səbrinin tükəndiyi halda o təmkinli olmağı bacarır.

Adətən insan özü heç bilmir ki, onun ultu nədir, onu gərək başqaları desin.

Əgər indiyə kimi ultunuzun sizə bir faydası dəyməyibsə, ruhdan düşməyin, nə vaxtsa onun xeyrini görəcəksiniz. Bəzən lazımsız görünən bir qabiliyyət sonra vacib bir ult ola bilər. Məsələn, çoxlu gülməli lətifələr danışmağı bacarmaq. Fikirləşərsən ki, anekdot bilməyin karyerada nə köməyi olar axı? Amma məhz elə bu ult hesabına çox irəli getmiş, çoxlu müştərilər qazanmış ofis işçiləri var.

Ultunuzu tətbiq edin, onu daha da cilalayın.