fbpx

SEO sahəsində bazarda çox yaxşı peşəkarlarımız var. Mütəmadi olaraq onlar bəzi keyslərini paylaşır, agentliklər portfoliolarını göstərir, Linkedin-də yaxşı nəticələri paylaşırlar. Gənclərimizin effektiv iş ortaya qoymaqları sevindirir.

Mən isə (tanıyanlar bilir) sadə, tövazökar adamam, lovğalıqla aram yoxdur. Amma dedim ki, bir mən də etdiklərimdən nəsə göstərim. Qoy bəzi gənclərimiz bilsin ki, bu sahədə “qoca” olanlar da var:)

Ölkədə ən rəqabətli, ən çox traffik gətirən sahələrin birində gördüyüm parlaq bir işi açıqlayıram.

2010-cu ilin sonunda, ölkədə rəqəmsal marketinqin hələ təzə-təzə yarandığı vaxtlarda mənə bir sifariş gəldi. Google-da auto-suggestion göstərirdi ki, Zodiak bürcləri ilə yaman çox maraqlanırlar. Həmin açar-kəlmələr vasitəsilə bir sayta xeyli traffik gətirmək lazım idi:

Qollarımı çırmalayıb, klaviaturamı qabağa qoyub işləməyə başladım. Elə 2-3 ayın içindəcə yaxşı nəticələr almağa başladım. Elə indinin özünə qədər də, bürclər və onların xüsusiyyətləri mövzusunda bu sayt lider olaraq qalmaqdadır: Son 28 günün nəticəsinə baxa bilərsiniz

Azərbaycanda ən rəqabətli sahələrdən biridir. Bürclər, sevgi falı, gündəlik qoroskop və s. haqda xeyli saytlar kontent paylaşır:

  • xəbər saytları – lent.az, oxu.az, milli.az, metbuat.az, bizimyol.info, sonxeber.net, musavat.com, azxeber.com, mia.az, xezerxeber.com, anspress.com, mia.az, publika.az və s.
  • qadın saytları – qadin.net, qadinla.com, dadli.az, leydi.az, axsam.az, qadin.az, azadqadin.az, xanim.az və s.

Mən hələ digər mövzularda olan saytları demirəm. Amma bu saytların heç biri SEO-strategiyasını hazırladığım sayta çata bilmir.

Yarandığı dövrdən indiyə kimi Zodiak bürcləri, onların xarakteri, qoroskop və s. haqqında qoyulmuş məqalələr sayəsində səhifələrin ümumi görüntüləməsi (pageview) 1.3 milyon olub. Hazırladığım kontent-planlaması sayəsində sayt xeyli traffik əldə edib: Uzun zamandır bu sahəyə diqqət ayırmasam da, o vaxt qoyduğum dəsti-xətt sayəsində hələ də üst sıralarda çıxır. Hətta Vikipediya ilə belə bu sayt “dirəşir”.

 

Get-gedə çətinləşsə də, indiyə kimi bu məqalələrin qoyulduğu kayzen.az saytı öz lider mövqeyini qoruyur:

  1. Qoç bürcü haqqında
  2. Buğa bürcü haqqında
  3. Əkizlər bürcü haqqında
  4. Xərçəng bürcü haqqında
  5. Şir bürcü haqqında
  6. Qız bürcü haqqında
  7. Tərəzi bürcü haqqında
  8. Əqrəb bürcü haqqında
  9. Oxatan bürcü haqqında
  10. Oğlaq bürcü haqqında
  11. Dolça bürcü haqqında
  12. Balıqlar bürcü haqqinda

Bəs sonra nə oldu?

SEO-nun dəyərini indi bilirlər. Amma ki, o vaxtlar (məsələn 2013-cü ildə) görülən bu işə layiqincə qiymət verilmirdi. Həm də ki, məşhur kinomuzda deyildiyi kimi “qalstuk”, “qalstuk derjatel”, “noski”, “noskiderjatel” kimi xırda şeylərlə məşğul olmaq istəmirdim. Həm agentlikdə rəqəmsal marketinq şöbəsinin rəhbəri kimi xeyli işləmək, həm şəxsi e-commerce layihəm ola-ola təbii ki, hansısa kontent saytına diqqət ayırmacaqdım. Öz layihəmi yaradıb oraya fokuslanmaq, SEO-da bacardığım əla şeyləri orda tətbiq etmək istəyirdim. Doğurdan da, 2014-cü ildə öz elektron-kommersiya layihəmi yaratdım (bu barədə ayrı bir post yazaram)

Elə saytın rəhbəri olan, uzun illərdir ki dostluq etdiyim Cavid Qədimov də sayta lazımi diqqəti ayırmadı. İş-güc, evlənmək və s. ortaya gəldi, ona görə də Azərbaycanın ən böyük kontent saytlarından biri olan kayzen.az yavaş-yavaş cəlbediciliyini itirdi.

İndiyə kimi yadımdadır, Cavid inad edirdi ki, saytda gündəlik bürclər, gündəlik ulduz falı kimi bölmə yaradaq. Mən qəti etiraz edib onu fikrindən yayındırdım. Əvvəla gündəlik qoroskop məlumatları qoymaq saytın ümumi konsepsiyasına uyğun gəlməyəcəkdi, həm də ki, gündəlik məlumatları qoymaq üçün xeyli resurs lazım idi.
HƏR GÜN ulduz falı yazmaq üçün maliyyə və əmək resursları lazım gələcəkdi. Həm də razılaşaq ki, ulduz falları yalan olur. Düzdür,ümumi olaraq bürclərin müəyyən xüsusiyyətləri ortaqdır (məsələn, oğlaq bürcündən olan adamlar ciddi, çox işləyən, tərs olur) və çox şeylər az-çox həqiqətə uyğundur. Amma hər səhər durub həmin gün üçün hazırlanmış udluz falına inanmayın:)
Əgər sözümə qulaq asmayıb neçə illər ərzində hər gün ulduz falı qoyulsaydı, nə qədər resurs itkisinin olacağını təsəvvürünüzə gətirin.

Mən o vaxt daha effektiv olan başqa bir yol təklif etdim. Bürclər haqda ümumi olan, köhnəlməyən, hər gün yeniləməyə ehtiyac olmayan effektiv məqalələrlə daha yaxşı nəticələr əldə etmək olardı və o yolu seçdik. Elə indinin özündə də, o vaxt verdiyim istiqamət effektivliyini saxlayır:

son 12 ayda bəzi açar-kəlmələr üzrə statistika

P.S. Ən populyar, indiyə kimi ən çox oxunan səhifələr isə Xərçəng və Qız bürcləri haqqında məqalələr olub:)

İndi zaman o zaman deyil, axtarış sistemlərində optimizasiya üçün çox şey dəyişib, proseslər avtomatlaşdırılıb. Google-un gündə çıxartdığı hər yeni alqoritmlər isə hər şeyi qatıb-qatışdırıb.
Amma o keçmiş günlərdə etdiyim bəzi işlərin hələ də nəticə verməsi sevindirir. Vaxt olsa ölkəmizdə edilən ən yaxşı growth-hacking texnikaları, maraqlı dijital marketinq təcrübələrim haqda başqa postlarda yazmağa çalışaram.