fbpx

“İnternetdə reklam” deyəndə ağla birinci nə gəlir? Çoxlarının gözünün qabağına Facebook və İnstagram-da görünən “paid social” dediyimiz ödənişli reklamlar gəlir.

Amma 2010-cu ildə belə deyildi. Həmin vaxt turbo.az saytında yuxarıda və sağda dalbadal düzülmüş “kolbasavari” reklam bannerləri internet reklamın əsas atributu idi. Google axtarış sistemində reklam barədə isə yalnız tək-tük peşəkarlar bilirdi.

ən iyrənc dizaynı olan, amma ölkənin ən populyar saytı olan turbo.az saytı 2010-cu ildə

Düzdür, indinin özündə də banner reklamları öz aktuallığını qorumaqdadır. Hər hansı bir populyar yerli xəbər saytına daxil olanda yenə də bannerləri görürük. İndi veb-bannerlərdən daha düzgün istifadə olunur, kliklər və göstərimlər (impressions) sayılır, bannerlərin müəyyən bir standartı var. Lakin, bu həmişə belə olmayıb.

 

Ümumiyyətlə, Azərbaycanda normal internet-reklam erası day.az saytından başlayır desəm yanılmaram. Bakililar.az, box.az, banner.sahil.az şəbəkəsi və s. meydançalar olsa da, bu sahədə əsas uğuru o vaxt Elnur Baimovun rəhbərlik etdiyi day.az saytı qazandı. O vaxtlar 50-100 dollara 120*200 ölçülü balaca bannerləri sata-sata, populyarlıq qazana-qazana bir də gördük ki, ölkədə ən böyük rusdilli xəbər saytında 255*120 ölçülü bannerin qiyməti 10000 manata çatıb. Paralel olaraq turbo.az saytı inkişaf etməyə, xeyli xəbər və elan saytları yaranmağa başladı.

Hamısında da balaca, 120*200 piksel enində kiçik, amma sərt animasiyalı flash-bannerlər gözlərimizi yormağa başladı. Nə gizlədim, gözlərinizi yoran, sizi bezdirən o reklamların çox olmasında, saytlara girəndə tam səhifəni tutan fullscreen, 10 saniyə ərzində bağlana bilməyən pop-up reklamların yayımlanmasında mənim də xüsusi “zəhmətim” olub:)

pop-up reklam

Xəbər saytını açanda dərhal gözümüzə çıxan 10 saniyəlik 550*450 formalı bezdirici pop-up reklamı:)

Flash-bannerlərdə çıxarılmayan hoqqa qalmamışdı. Lent.az saytında 200*250 bannerin içində video yerləşdirmək, trend.az saytında eyni Samsung bannerini bir adama gündə 5 dəfə göstərmək, bannerin clicktag-ini düzgün yazmayıb statistikanı ölçməmək kimi xeyli səhvlər edə-edə həm reklamverənlər, həm reklam agentlikləri, həm də saytlar öyrəndi. Bizim bugünkü media bazarımız formalaşdı (“inkişaf etdi” deməyə dilim gəlmir).

Düzdür, çoxları məni yaxından (lap elə uzaqdan da) tanımasa da, bu sferada köhnədən işləyənlərin əksəriyyəti bilir ki, Azərbaycanda internet-reklam sahəsinin inkişafında xeyli əməyim olub. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu sahədə 3-5 nəfərdən biri də mən olmuşam:)). Bu dövr ərzində o qədər mənasız saytlar, o qədər boşuna xərclənmiş büdcələr, o qədər ədalətsiz tenderlər görmüşəm ki, saysam qurtarmaq bilməz.

 

Ölkəmizdə ən böyük reklam holdinqi olan Banner şirkətlər qrupunda işlədiyim dövrdə Nokia, Samsung, Johnson&Johnson, Azerfon və s. tanınmış beynəlxalq və böyükbüdcəli şirkətlərin dijital investisiyalarını idarə etməkdən başqa frilanser kimi də kiçik büdcələrlə yerli tematik saytlarda reklam yerləşdirirdim. Ölkədəki əksər veb-layihələrin eniş və yoxuşunu, saytların populyarlığının artmasını və azalmasını da məhz həmin dönəmdə görmüşəm.

  • Vaxt vardı ki, Liveİnternet sayğacı standart kimi qəbul olunmuşdu, saytlardan Google Analytics datasını istifadə etmək üçün xeyli əziyyət çəkmək lazım idi.
  • Vaxt vardı ki, banneri 25%, 50% rotasiya ilə satmaq standart idi. CPM modelini, tək-tük saytda isə PPC (pay-per-click) modelini tətbiq etdirənə qədər həmkarlarım da, mən də xeyli zülm çəkmişik. Beynəlxalq müştərilərin CPM ilə, yerli saytların isə tenancy (aylıq kirayə) modeli ilə işlədiyi o zamanlarda öz düsturlarımızla konvertasiya etdiyimiz, almayla qarpızı calaq etdiyimiz illər vardı.
  • Vaxt vardı ki, Azərbaycanda bazarı tənzimləməyə çalışan, normal bazar qaydaları qurmaq istəyənlər formalaşdı və xeyli cəhdlər etdi. Əflatun Hüseynov, Vahid Qasımov, Rasim Davudov, Elxan Mahmudov, mən, yerli saytların rəhblərləri, reklam agentliklərinin direktorları xeyli işlər görməyə çalışdı. Təəssüflə deyim ki, normal bazar şərtlərini qurmaq, bazarı “əhliləşdirmək”, standartlar qoymaq alınmadı.
  • Vaxt vardı ki, Azərbaycanda indiki ucuz qiymətlərin və səriştəsizliyin əsasının qoyulduğu digital creative sahəsi yaranırdı. Bir flash-banneri 50-150 manata, qeyri-standart rich-media banneri isə c’mi 100-200 manata sifariş edirdik və hazırlayırdıq. Heç kimə başa salmaq olmurdu ki, adi statik rastr şəklin (JPEG formatında bir image) hazırlanmasının 300 AZN, resayzının isə 50 AZN olduğu halda, niyə ondan dəfələrlə çətin olan animasiyalı banneri hazırlamaq ondan ucuz olmalıdır? Veb-dizaynerin dəyəri adi qrafik dizaynerdən aşağı qiymətləndirilməyə başladı. Elə o vaxtdan veb-banner hazırlamağa ucuz qiymətlər müəyyənləşdi ki, bu da öz növbəsində ümumiyyətlə dijital kreativin qiymətinin ucuzlaşmasına gətirib çıxardı. Xülasə, indi 300 manata SMM etmələrin kökü əslində 2012-ci ilə çıxır:))
  • Vaxt vardı ki, yerli sales-houselar (satış evləri), media agentliklər, veb-studiyalar yaranırdı. Sahil İT, Marmax, Universal Reklam, Digitalbrand, NewMedia, Effektiv Media, Netant, habelə yaxşı mediaplanlaşdırma və media-bayinq xidmətləri verən xeyli reklam agentlikləri fəaliyyət göstərməyə başladı. Hazırda onların çoxu ya fəaliyyətini dayandırıb, ya profilini dəyişib, ya da quruca adı qalıb.
    Facebook/Youtube/Google tərəfindən qlobal rəqabət, həmçinin yerli bazarın düzgün təşkilatlanmaması buna səbəb oldu.
  • Vaxt vardı ki, rəqəmsal marketinq mütəxəssisi tapmaq çətin idi. Yəni bazarda hamını sadəcə adla, bəzilərini isə veb-bannerə baxmaqla dəsti-xəttindən tanıyırdıq. Sonralar isə hər yerindən duran təlim verməyə başladı, bazarda “dijitalşik ordusu” yarandı. İndiki dijital marketerlərin çoxu SMM-dən gəlib desəm yanılmaram. Halbuki 2015-ci ilə qədər normal mütəxəssis belə tapmaq çətin idi, onların da əksəriyyətinin böyük agentlik təcrübəsi (media agency experience) vardı. Necə deyərlər, oldschool idilər.

İndi 2021-ci ildir. Gənclərin, data analitikanın, biznesdə rəqəmsal texnologiyaların tətbiqinin, ERP-sistemlərin dövrüdür. İndi daha fərqli, daha çətin, daha effektiv alətlər işlədirik. Amma mənim üçün 2000-ci illərin sonu, 2010-ların əvvəlindəki o romantik çağlar daha maraqlı gəlir. O zamanlardakı mediaplanning də, SEO-da ilk pillərlərdə olmaq üçün etdiyimiz hiylələr də mənə daha yaxındır. Amma düzünü deməliyik ki, çox səhvlər etdik, bazarımıza düzən verə bilmədik. Hərə yorğanı öz ayağına çəkdi, hərə öz cibini düşündü, hərə öz qısamüddətli gəlirini fikirləşib uzunmüddətli onqat gəlirdən qaçdı. Bax beləcə, Azərbaycanda o 25%-lə satılan 255*120 ölçülü veb-bannerlərdən başlayan bugünkü industriya formalaşdı.

Bu başıbəlalı marketinq sferamızda veb-bannerlərin yerləşdirərkən ən çox aşağıdakı səhvlərə yol verilirdi və onların bir çoxu indi də aktualdır:

  • Saytlarda veb-bannerlərə çox yer verilməsi. Normalda hər səhifə 3 banner olmalı olduğu halda əksər saytlar başdan-ayağa reklamlarla doludur.
  • IAB standartlarına uyğun ölçülərin olmaması. Hər sayt özündən veb-banner ölçüsü çıxarırdı. 120*240, 275*400, 510*120 kimi əndrəbadi ölçülər vardı. Bəzən də adi bannerin həcmi 5-6 meqabayt olurdu (normada 150 kilobaytdan artıq qoymaq düzgün deyil). Yaxşı ki, son zamanlar saytların əksəriyyəti zamanın tələbiylə ayaqlaşmağa məcbur olub.
  • Qeyri-standart bannerlərin tətbiqində tezliyin (frequency capping) düzgün olmaması. Onsuz da baha olan fullscreen, screenglide, pushdown, filmstrip kimi formatları eyni adama çox göstərmək effektiv deyil. Amma disput.az saytında 2014-cü ildə eyni banner hər dəfə foruma girənlərin gözünü “mozol” edirdi.
  • Qiymətlərin düzgün təyin edilməməsi. Bəzi premium saytlar qiyməti çox yüksək qoyur və hətta indi di onlarda olan qiymətlər heç bir çərçivəyə sığmır. Traffikinin böyük əksəriyyəti xarici ölkələrdən olan (Azərbaycan bankının reklamını niyə xarici görsün?), FMCG məhsulu üçün CPC-nin 10-15 AZN olduğu o saytlarda reklam verənlər çox idi və hələ indi də var.
  • Effektivliyin ölçülməməsi. Çox müştərilər bannerə klik edəndən sonra ziyarətçinin nə etdiyini, hara getdiyini, məhsulla tanış olub-olmadığını yoxlamır. Bu səbəbdəndir ki, qeyri-effektiv saytlarda böyük həcmdə reklam yerləşdirilir.

 

Maraqlı gəldisə bunlar da oxuya bilərsən:

Böyük ədədlər xəstəliyi

Komanda və təklikdə işləmək