fbpx

Televizor, soyuducu, paltaryuyan alanda hara gedirik? Təbii ki, elektronika mağazasına. Düzdür, qiymətdə udmaq üçün Sədərək ticarət mərkəinə gedən, xaricdən onlayn elektron mağazalarından ölkəyə mal sifariş edən, tanış-bilişlə Türkiyədən gələndə mal gətizdirənlər də olur. Amma get-gedə onların sayı azalır. Əsasən elektronika riteylerlərinə üz tuturuq. Bəs bu bazarda kimlər var, kimlərin marketinqi haqqında nə demək olar?

Sözsüz ki,  ölkədə bu sahənin lideri olan Kontakt Home birinci növbədə yada düşür. Əslində şirkətin adı ABC-Telekom gedir. Vaxtilə Azercell-in nömrələrinin dileri olan bu şirkət vaxt var idi ki, ucuz telefonların üstünə böyük marja qoyub kreditlə satmaqla məşhur idi. Əsasən əhalinin kasıb, nağd qiymətə telefon ala bilməyib kreditə üz tutan təbəqəsinə xitab edirdi. Düzünü desəm, 28 May-da Füzuli küçəsində yerləşən filialında çox vaxt belə bir hədəf kütləsini görmək olurdu: qara kurtkalı, qırmızı mokasinli, “çeçenka” saç düzümü olan qaqaşlar. Amma zaman keçdikcə vəziyyət dəyişdi. Yalnız telefon satışı deyil, məişət elektronikası və mebel sahəsində də getdikcə satışlarını artıran Kontakt Home böyüdükcə böyüyür, yeni filiallar açır, bazarda ciddi bir oyunçuya çevrilirdi.

Məsələn, 2014-cü ildə ortadan yüksək maaşı olan, 1800 AZN qiymətinə qara Siemens soyuducusu almaq istəyən bir Bakı sakini böyük ehtimalla elektronika satan başqa tanınmış mağazaya üz tutardı. Amma illər keçdikcə Kontakt Home da müştərilərin seçiminə çevrilməyə başlayırdı.
Wordpress üzərində sadə satış saytı olan Kontakt Home o vaxt düzgün istiqamət seçib digital-a böyük önəm verməyə başladı. Sosial mediada, saytda, internet-reklamda rəqiblərindən daha cəld tərpənirdi.

Tez-tez keyfiyyətsiz məhsul, qarantiya, müştəri şikayətlərinə cavabla bağlı problemləri olan Kontakt Home getdikcə proseslərini təkmilləşdirir. vəziyyəti düzəltməyə çalışırdı. 2020-ci ilin ikinci yarısında rebrendinq etdi.
Düzdür, çoxları yeni loqonun plagiat olduğu barədə iddia irəli sürdü. Peşəkarlar isə bilir ki, əslində bu absurd bir şeydir. Həm də rebrendinq sadəcə loqo dəyişikliyi deyil. Mağazalarda işçilərin köynəklərinin dəyişməsindən tutmuş videolarında verdikləri vədə, gələcək strategiyasına qədər çox dəyişildi.

İndi ölkəmizdə ən çox ziyarət olunan saytı olan Kontakt Home satış həcminə görə də liderdir.
Məmmədəli Vəliyevin başçılıq etdiyi marketinq komandası çox yaxşı işlər çıxardır.

Şəxsən tanışlığım olmasa da, rəqəmsal marketinq üçün rəqəmsal marketinq komandası, onların işlədiyi frilanserlərin və agentliklərin digital işlərini bəyənirəm. SEO, paid search, display, sosial media, PR, öyrədici videolar –  hər sahədə kifayət qədər balanslaşdırılmış fəaliyyətləri var.
Apple kimi şirkətin reselleri olması, reklamlarında və postlarında istifadə etdikləri dəsti-xətt  indi Kontakt Home şirkətini “brendləşdirir”. Artıq Kontakt Home əvvəllər kreditlə baha telefon satan “барыга” imicindən tam uzaqlaşıb.

Baku Electronics vaxtilə ölkədə ən sanballı, nümunəvi oyunçulardan idi, xüsusilə də Samsung-un rəsmi distribüteri olan vaxt  bazarın avanqardında idi. Xüsusilə də mağazaların lokasiyası, çeşid, sərfəli bonus/loyallıq proqramları ilə bazarda fərqlənirdilər. Sonralar isə nəinki o, habelə onun daxil olduğu NAB Holdinq (Hyundai Azerbaijan, Bank of Baku və s.) sanki bazarda kiçildi, zəifləməyə başladı. Şirkətin marketinq fəaliyyəti də əvvəlki kimi gözəçarpmır, zəifləyirdi. 2015-ci ildən elektron-kommersiyaya girişmək istəyən Baku Electronics hələ təzəlikcə özünü toparlamağa çalışır. Düzünü desəm, onların saytı vizual və rahatlıq baxımından ölkədə ən yaxşısı kimi xoşuma gəlir Ukraynanın Турум-бурум agentliyi yaxşı işləyib. Amma yenə də reklamlarında, marketinqində nəsə çatışmır, natamamlıq hiss olunur. Baku Electronics markasını bir vaxtlar  çempion olmuş, indi isə 45 yaşında əvvəlki gücü olmayan boksçuya bənzədirəm .

maxi.az OMG qrupuna (2009-cu ildən Café City kafelər şəbəkəsi, 2011-ci ildən Viva Dessert qənnadı mağazalar şəbəkəsi də buraya daxildir) aiddir, “keçmiş İntegral” kimi tanınır.
2017-ci ildə Maqsud-la çəkilmiş seriya videoları çox bəyənirəm. Bəzi marketinq mütəxəssisləri bunu bayağı saysa, videolardakı ləhcə/region fokusunu şit hesab etsə də, fikrimcə Azərbaycanda öz kateqoriyasında ən yaxşı seriyalı postlar məhz maxi.az üçün edilib.

Saytlarında, reklamlarında səliqə hiss olunur. Oturuşmuş şirkət, xarici peşəkarların “əli” hiss olunur. Bazarda gələcəkdə hansı paya sahib olacaqlarını gələcək göstərəcək.

Optimal Electronics haqqında yazarkən Music Gallery haqda da danışmaq lazımdır, çünki ikisi də eyni yerdən idarə olunur. Ölkədə ən böyük filial şəbəkəsi (80-ə yaxın), ən böyük mağazası olan qurum bu sektorda olan çox böyük brendlərin (Bosch, Vestel, Gorenje, Delonghi, Zanussi, Yamaha və s.) Azərbaycanda rəsmi distribüteridir. Ona görə də ən geniş çeşidi məhz bu mağazalarda tapmaq olar. Bir brend olaraq Music Gallery daha xoş, səmimi, premium təəssürat yaradır, Music Gallery-yə girəndə xoş emosiya hiss etmək olur (nostalgiyaya yaxın bir hiss).

İrshad Electronics-in bu səviyyəyə çatacağı barədə 10 il əvvəl desəydilər, bəlkə də inanmazdıq. O da telefon satışından başlayıb, yavaş-yavaş bazar payını artırıb, məişət texnikasına keçib. Marketinq komandalarının işinə yağlı 4 vermək olar. Effektiv, baha olmayan (israf etməyən), düz nöqtəsinə vuran kommunikasiyalar ilə seçilir. Bəzən ifrata varır, şitini çıxardırlar, amma ümumən götürdükdə yaxşı kommunikasiya edirlər. Amma reklamlarında,saytlarında sanki yerli standartlar ilə hərəkət edirlər. Cool deyiləcək bir iş ortaya çıxartmırlar, davamlı olaraq öz yollarına gedirlər. Şəxsi qənaətimə görə onlara middle-low income səviyyəli adamlar daha çox uyğun gəlir.

Texnomart – Ultratek MMC əvvəllər ölkədə daha çox Arçelik-in təmsilçisi kimi tanınıb, 2019-cu ildən isə “Texnomart” adı ilə 35 mağazası ilə fəaliyyət göstərir. Şirkətin əvvəllər demək olar ki, marketinq kommunikasiyası olmayıb (olubsa da çox zəif). Son zamanalarda isə nəinki tək Texnomart, habelə onun daxil olduğu SR Şirkətlər qrupu (Skoda, Changan, Mercedes kimi avtomobillərin nümayəndəliyi. SR İnşaat, Sağlam Diş klinikaları və s. buraya iddir) 2020-ci ildə yeniləndi, strategiyasını tamam dəyişdi. Demək olar ki, 90% yeni heyətlə işləyən marketinq komandası (eləcə də digər departamentlər) çalışır ki, Texnomart ölkədə aparıcı oyunçulardan biri olsun. Fikirləşirəm ki, 2021-ci ilin sonuna kimi şirkət çox yaxşı performansı ilə yadda qalacaq.

Soliton – ölkədə ən qocaman mağazalardan olan Soliton əvvəllər Beko, Grundig, Blomberg markalarının təmsilçisi kimi aradabir aktivlik edirdi. Yaşına, resurslarına baxmayaraq bu şirkət hələ də özünü “tutuzdura” bilmir. Sanki trendlərdən, yeni texnologiyalardan, istifadə olunan alətlərdən 2-5 il dala qalırlar.

Unitech – bir vaxtlar çox güclü olan bu şirkət əsasən Sony, Miele, Panasonic kimi brendlərin təmsilçisi kimi Bakıda çox loyal, yüksəkgəlirli müştərilərin sevimli mağazası idi. Amma zaman bir daha sübut etdi ki, yaxşı reklam, düzgün marketinq kommunikasiyası olmadan riteyler uğursuzluğa məhkumdur. Heç nə demirəm, onların 2000-lərdən qalmış saytına daxil olmaq kifayətdir ki, riteylerin vəziyyətini görmək mümkün olsun.

DostTech, SmartOn, Wentto Electronics, World Telecom, Eurolux və s. kiçik oyunçular barədə çox danışmağa ehtiyac görmürəm. Kifayət qədər aktiv olsalar da, onlardan hansının gələcəkdə TOP-a düşəcəyini təxmin etmək çətindir.

 

Azərbaycanda sırf onlayn üzərində fəaliyyət göstərən hipermarketlər uğur qazana bilməyib. Rusiyada çox saytlar var ki, onlyandan başlayıb offlayna keçiblər. Bizdə isə əksinə, offlaynda güclü olan riteylerlər zamanla rəqəmsala keçid edib (daha doğrusu keçid edir).

Eletronika mağazalarının marketinq komandalarının ən böyük problemi heç də büdcə deyil (Bir çoxlarında pulu hətta lazımsız yerlərə xərcləyirlər). Heç beynəlxalq markalar da deyil. Əsas problem peşəkar kadr qıtlığıdır. İş elanı saytlarından busy.az saytına baxanda görürük ki, demək olar ki, bütün elektronika mağazaları marketinq şöbəsinə aktiv şəkildə işçi yığır. Hətta əmək resursları bazarında ən aktiv kateqoriya banklardan sonra riteylerlərdir. Yaxşı kopirayter, dizayner, brend menecer, rəqəmsal marketinq mütəxəssisi, targetoloq, data-analitik tapmaq çox çətindir. Ya onların peşəkarlığı aşağıdır, ya yaxşı mütəxəssislərin çoxu hazırda başqa yerdə işləyir.

Ümumən götürəndə isə elektronika mağazalarının marketinq (daha dəqiq desək, marketinq kommunikasiyaları) fəaliyyəti yaxşıdır, ölkədəki qalan sektorlarlü müqayisədə dinamikdir və çevikdir.