fbpx

“Ən yaxşı saytımız hansıdı?”, “Yerli start-uplardan hansı biri normal üzə çıxası vəziyyətdədir?” kimi suallar çevrəmizdə tez-tez verilir. Sualın cavabını tapmaq çətindir, ”ən yaxşı rəng hansıdır” kimi bir suala oxşayır.

Birinci müəyyənləşdirməliyik ki, uğurlu deyəndə nəyi nəzərdə tuturuq?

  1. Populyar olması. öz kateqoriyasında top mövqelərdə olması.
  2. Yaxşı gəlir verməsi (monetizasiyanın olması)
  3. Gələcəkdə böyümə potensialının olması, qarşıya qoyulmuş ambisiyalı hədəflərə çatması,

Bu meyarların heç biri ayrı-ayrılıqda uğur üçün yetərli deyil, amma hər üçünə cavab verirsə, onu uğurlu saymaq olar.  Məsələn, ölkəmizdə çox saytlar var ki, aylıq giriş sayı çox yüksəkdir, amma onların uğurlu olmasını deməyə adamın dili gəlmir. Mp3 yükləmək yaxud aşağısəviyyəli çat saytları, DLE üzərində qurulmuş 3-4 hərfli domeni olan o saytlar (big.az, take.az və s.) populyardır, amma uğurlu deyil. Ona görə də, uğurlu layihə məncə bu üç kriteriyaların hər birinə cavab verməlidir.

 

Hesab.az saytı kimi onlayn ödəniş portalını sırf veb-layihə kimi nəzərə almıram. Bəli, layihə milyonlar qazanır, ölkədə ən böyük holdinqlərdən sayılan NEQSOL Holdinqin tərkibindədir, populyardır, amma onu  daha çox İT-layihə kimi saymaq düzgündür. Müəyyən dövlət və təşkilati dəstək olmasaydı, layihə bəlkə də bu səviyyəyə gəlməzdi. Ona görə mən çalışacam ”öz gücünə” irəli çıxmış sırf veb-layihələri qiymətləndirim.

 

Turbo.az – artıq neçə illərdir ki, Azərbaycanda ziyarətçi sayına görə liderliyini qoruyan bu sayt həm avtomobil almaq, həm də satmaq istəyənin girdiyi birinci saytdır. Hətta avtomobil almağa imkanı çatmayanların da işdə oturub saytdakı modellərə baxmasını, qiymətləri müzakirə etməsini yəqin ki, görmüsünüz. Təkcə reklamdan (ödənişli xidmətləri, avtomobili VİP etmək və s. demirəm) il ərzində 300.000 AZN-dən çox qazanan (2015-ci ildə) bu sayt təkcə avtomobil brendləri arasında deyil, həmçinin kişi məhsullarının reklamı (antiperspirant, ətir, şampun, energetik içkilər və s.) üçün də prioritet idi. Turbo.az saytının uğurundan sonra onun xeyli rəqibləri çıxdı: avtomobil.az, auto.az, avtosfer.az, motors.az. Amma heç bir sayt turbo.az kimi populyar ola bilmədi. İstər onlayn, istərsə də offlayn məkanda saytın brend dəyəri o qədər yüksək idi ki, heç bir rəqib onun heç 20%-nə qədər yaxınlaşa bilmədi.

2012-ci ildə E.Baimova aid bu saytların at oynatdığı vaxtlar idi

Tap.az – xeyli sonralar açılmağına baxmayaraq, çox uğurlu elan saytı. Vaxtilə disput.az forumunun populyar bir bölməsi üçün Частные объявления bölməsində o qədər müxtəlif elan qoyulmuşdu ki, artıq onu ayrıca bir layihə kimi yaratmaq zərurəti yaranmışdı. Forumda gəlinlik paltarından tutmuş qış təkərlərinə kimi hər şeyin satıldığı bu altbölmə  elektron-барахолка idi. Onu ayrıca sayt halına salandan sonra isə sayt özünü “tutuzdurdu”.

tap.az burada “doğulmuşdu”

Aylıq 3 milyondan çox ziyarətçisi, 30-40 milyon səhifə görüntüləməsi (pageviews) olan saytın uğurunu təkrarlamaq istəyən çox layihələr olub. Hətta əsas rəqibi kimi lalafo.az da xeyri reklama vəsait xərcləmiş, kütlənin sevimli elan saytı olması üçün çoxlu iş görmüşdü. Amma zaman keçdikcə lalafo.az zəifləməyə, tap.az isə fərqi daha da böyütməyə nail oldu. Xüsusən də ikinci-əl əşyaları (işlənmiş mebel, xalça, elektronika əşyaları) satmaq üçün yerli bazarda ideal platforma rolunu oynayır.

Hal-hazırda həm turbo.az, həm də tap.az Azərbaycanda Digital Classifieds OÜ şirkətinin təkibindədir. Tək bu saytlar deyil, həmçinin bina.az, boss.az saytlarının da daxil olduğu bu qrup ölkədə doğurdan da classified saytlarında piroqun ən böyük hissəsinə sahibdir. Vaxtilə internet-sahibkar Elnur Baimovun və istedadlı veb-developer Emin Həsənovun başçılıq etdiyi bu layihələr sonradan əldən-ələ keçdi. Hazırda Elnur Baimov da, Emin Həsənov da öz layihələrini satıb xaricə köçüb. Qazaxıstanın ən böyük maşın saytı olan koleso.kz və 1 nömrəli daşınmaz əmlak saytı olan krisha.kz saytını idarə edən kaspi.kz holdinqi 2019-cu ildə Azərbaycana doğru ekspansiya etdi. Yerli elan saytlarımızı təxminən 30 mln. dollara alandan sonra bu saytların idaredilməsində daha təkmil menecement standartları tətbiq olunmağa başladı. İndi ölkənin ən mühüm saytlarından olan tap.az, turbo.az və bina.az 100% Estoniya şirkətinə, o da öz növbəsində kaspi.kz qrupuna aiddir:

Kontent saytlarından heç birini uğurlu saymaq olmaz təəssüf ki. Azərbaycan elə bir ölkədir ki, orada xəbər oxuyandan çox xəbər sayt var. Hər yerindən duranın xəbər saytı açdığı, sensasion başlıqlar qoyub aşağı səviyyəli xəbərlər paylaşdığı bir yerdə yaxşı təsir gücü olan məzmun saytının inkişafı mümkün olmadı. Vaxtilə day.az, trend.az (hazırda hər ikis eyni qrup daxilində fəaliyyət göstərir), apa.az, 1news.az, oxu.az, gun.az, aze.az, media.az, olke.az, sfera.az, azxeber.com və s. kimi xeyli saytlar açılıb. Amma onların heç birinin ölkənin internet-bazarında böyük həlledici rolu olmayıb.
İstisna kimi yalnız day.az portalını qeyd etmək olar. Xəbər saytı funksiyasından əlavə orada Daytube (video-sayt), hava proqnozu, iş elanı (headhunter.ru-nun ölkədə təmsilçisi kimi), sosial şəbəkə, lady.day.az qadın portalı və s. kimi əlavə servislər verdi.

Мой Day, Daytube, почтовый ящик Day.Az – bunlar artıq yoxdur

Azərbaycanın ən tanınmış və böyük xəbər saytı olan day.az sadəcə bir xəbər saytı olmaqdan çıxıb portal olmağa, bir AzNet istifadəçisinin ala biləcəyi hər şeyi mərkəzləşdirməyə çalışdı. Əslində alınırıdı da. Amma 2016-ci ildən sonra əlavə servislərin hər biri zəifləməyə, daha doğrusu ölməyə başladı.
Bir vaxtlar AzNet-in flaqmanı olan day.az get-gedə mövqeyini itirir. Təsadüfi deyildir ki, layihənin azərbaycandilli klonu olan milli.az saytı indi daha populyardır nəinki day.az. Ümumiyyətlə xəbər saytlarının əksəriyyəti sırf kommersiya əsasında fəaliyyət göstərmir və göstərə bilmir (o qədər gəlirləri yoxdur). Ya dövlət dəstəyi, ya da müxtəlif oliqarxiya qruplarının dəstəyi olmadan heç bir xəbər saytı reklam, pullu məzmun və s. hesabına ayaqda qala bilmir.
Ölkədə olan xəbər saytlarının əksəriyyəti indi tək əldə cəmləşməyə doğru gedir. Odur ki, eyni tip başlıqlar, eyni məzmun strategiyası, eyni dəst-xətt görürük. Bu sahənin gələcəyini elə də uğurlu görmürəm. Xəbər saytlarının dövranı gedir və ölkədə ən böyük internet-media qrupu kimi SOCAR Media-nın saytlarının (oxu.az, olke.az, big.az, baku.ws, qaynarinfo.az və s.) olmağı ilə olmamağının heç bir fərqi yoxdur.

Uğurlu veb-layihə kimi Smartbee-ni qeyd etməyə bilməyə bilmərəm.
İstedadlı proqramçı olan Fərid Kərimov əvvəllər saytların hazırlanması, sadə reklam skriptlərinin qurulması ilə məşğul idi. Bir müddət Adsgarden platformasını qurub bazarda müəyyən paya sahib olmuşdu. Lakin, yaxşı veb-layihənin olması üçün mütləq yaxşı komanda olmalıdır. Bu barədə ətraflı burada yazmışam.

Azərbaycanda internet-reklam büdcələrinin əksəriyyətinin Facebook və Google-a getdiyi hamıya aydındır. Getdikcə də oraya ayrılan büdcələr çoxalırdı. Çünki yerli saytlarımızın effektiv olmaması və pərakəndə olması öz sözünü deyirdi. Nəticədə yerli bazar çox şey itirirdi. Bunun qarşısının alınması üçün yerli reallıqlara cavab verən yaxşı programmatic alət lazım idi ki, Smartbee indi həmin rolu oynayır.

Mənim də üzərində böyük əziyyətimin olduğu, yaradıcılarından olduğum Smartbee hələ ki, istədiyimiz səviyyədə deyil. Amma ən böyük veb-platformadır deyə bilərik. Həm beynəlxalq, həm də yerli şirkətlər artıq reklamlarını saytlarda birbaşa yerləşdirmir, bir pəncərə rolunu oynayan platforma vasitəsilə müxtəlif hədəfləmə imkanları ilə yerləşdirir. Həm saytlar, həm reklamverənlər, həm də reklam agentlikləri üçün çox rahat bir sistem hazırlanıb. Amma layihə hələ də tam deyil, onun üzərində görüləsi çox iş var.

E-ticarət saytları haqqında çox danışmaq olar. Heç vaxt ölkəmizdə bu sahəyə lazımi qədər diqqət ayrılmırdı. Binə və Sədərək ticarət məzkərlərinin, sonralar isə mall-ların, AVM-lərin açıldığı bir dövrdə ölkəmizdə yaxşı e-ticarət platformaları yarana bilmədi.
Marketplace kimi shop.az və unimall.az saytları fəaliyyət göstərir. Amma onların heç biri kifayət qədər gücdə deyil.
Hələ 2015-ci ildə mən Magento CMS üzərində alsevin.az saytını qurmuşdum. Funksionalına görə bu sayt ölkədə ən üstün platforma idi. Azərbaycanda ilk dəfə affiliate marketinq sistemini də mən məhz bu sayt üzərində hazırlatmışdım. Lakin, layihə uğursuz oldu. Onlayn tərəfdə hər şey yaxşı olsa da, offlayn tərəf axsayırsa, layihə inkişaf edə bilmir. Ona görə də megamart.az, shop.az, unimall.az kimi bir çox yaxşı saytlar açılsa da, onlar müvəffəqiyyətə nail ola bilmədi. Yəni Rusiyada olduğu kimi wildberries, ozon.ru kimi yerli sistemlərimiz formalaşıb offlayna girə bilmədi. Əksinə oldu, offlaynda uğurlu olanlar onlayna keçdi.
İndi Kontakt Home, Optimal, Baku Electronics, maxi.az, İrşad Electronics və s. elektron ticarətə girişir. Əslində onların yaxşı e-platformaları çoxdan olmalı idi. Amma yuxarıda qeyd etdiyim kimi, məmləkətimizdə e-ticarətə investisiya ayıra bilcək potensialda olan investorlar demək olar ki, yox idi. Offlayn riteylerlər arasında yalnız kontakt Home elektron-kommersiyanın inkişafında lazımi diqqətinə görə seçilir. Lider sayt kimi ayda 100K unikal ziyarətçisi olan bu sayt yerli bazarda elektronika satışında rəqiblərinə nisbətən çox qabaqdadır.

Bir neçə dəfə internet-supermarket, yeməklərin onlayn çatdırılması və s. servislər açıldı, amma onlar uğura nail olmadış Hətta qlobal Rocket İnternet qrupunun belə Azərbaycanda açdığı layihələr (foodpanda, kaymu, zidora.az) “fail” oldu.

Amma getdikcə qlobal ekspansiya güclənir. Taksi sifarişi üçün Bolt, Uber olan yerdə 189 Taxi-dən, Wolt yeməkçatdırma servisi olan yerdə isə niyə nush.az-dan istifadə olunsun ki? Güclü texniki bazası olmayan, yaxşı proqramçıları, marketinq işçiləri, reklam üçün vəsaiti olmayan yerli platformalarımızın qlobal rəqiblərə uduzacağını proqnoz etmək çətin deyil.

Ölkəmizdə yaxşı onlayn kinoteatr, maliyyə servisi, sosial icma birlikləri, oyun saytı formalaşa bilmədi. Bizdə ümumiyyətlə veb-proyektlərin çoxu ala-yarımçıq oldu.

Gördüyümüz kimi, ölkəmizdə uğurlu layihələr az olub. Əsas səbəblər:

  • bazarın, ekosistemin  normal olmaması. Məsələn, Vahid Qasımovun 2000-ci illərin ortalarında açdığı kataloq.net layihəsinə çox inanırdım. Yerli xəritə sistemində bir çox maraqlı özəlliklər vardı ki, heç Google Maps-də yox idi. Amma yerli bazarın həcminin çox kiçik olması, lazımi dəstəyin dövlətdən ayrılmaması o layihəni tarixə qovuşdurdu.
  • reklam bazarının inkişaf etməməsi. Veb-layihələrin əksəriyyətinin qazancı reklam üzərində qurulub. Reklam verilməyəndən sonra təbii ki, bir çox maraqlı layihələr böyüyə bilmirdi. Məsələn, bir ara imho.az deyilən yaxşı sayt vardı (indi dizaynı və s. dəyişib pis ediblər). Rusların irecommend.ru saytına oxşar konsepsiyada qurulmuşdu. Hər kəs bəyəndiyi yaxud şikayət etdiyi məhsul/brend haqqında fikrini paylaşırdı. Nəticə göz qarşısındadır, sonuncu post 2017-ci ilə aiddir. Bir neçə ay işləyəndən sonra layihənin öhdəsindən gələ bilməyəcəyini görüb onu dondurdular.
  • ünsiyyət çevrəsinin olmaması. İndi az qala istənilən adamı Linkedin-də yaxud Facebook-da tapmaq, ona əməkdaşlıq imkanı təklif etmək, investora çıxış əldə etmək, qruplarda kimdənsə məsləhət almaq olar. Amma əvvəllər bu çətin idi. Sosial şəbəkələrin olmadığı, adi bir məlumatın tapılması üçün günlər lazım olduğu o dövrdə bir çox layihələrin rəhbərləri bir çox imkandan məhrum oldular. AzNet tarixində bəlkə də Elnur Baimov fenomeninin sirri də ondadır ki, o çox geniş kütlə ilə tanışlıq, lazımlı adamlarla dostluğa malik idi. Ölkədə adlı-sanlı banklarını, avtomobil dilerlərini, sığorta şirkətlərini, reklam agentliklərini tanıyanda təbii ki, öz layihələrində reklam yerləşdirmək imkanı asan olur.
  • rəhbərlər və komanda. Komandanın iradəsindən, layihəni irəli aparmaq üçün yorulmadan səy göstərməsindən çox şey asılıdır.
    box.az poçt servisi bir aralar yerli bazarda çox məşhur idi. Hətta layihənin müəllifi Rüstəm onu sonralar kim.az sosial şəbəkəsinə də çevirmək istəyirdi. Nəticə nə oldu? İndi heç poçt servisinə login olub girmək, keçmiş məktubları oxumaq belə olmur. Çoxları deyə bilər ki, bəs box.az-a reklam veirlmədi, dəstək olunmadı, ona görə uğursuzluğunu görən layihə müəllifi xaricə köçdü. Amma məncə əsl lideri, uğurlu biznesmeni o fərqləndirir ki, o inadkar olur, layihəni ayaqda saxlamağa çalışır. Box.az indiyə qədər dözüb ayaqda qalsaydı, 2020-ci ildə böyük bir investisiyanı ala bilərdi (Smartbee layihəsində şəxsən biz box.az ilə partnyorluğa açıq olardıq.)

Bax belə…Ölkəmizdə yaxşı ideyalar olub, yaxşı proqramçılar olub, bəzən yaxşı pul da olub. Amma yaxşı layihələr, daha doğrusu ayaq üstə qalan yaxşı layihə çox az olub.

Amma mən bədbin deyiləm. İndi dövr dəyişib. Şadlıq sarayının açılması üçün milyonlar töküb pandemiya dövründə pullarının havaya uçduğunu görənlər məncə “ağıllanır”. Əvvəllər bir sayt üçün 25000 AZN investisiya almaq müşkül bir şey idi, İndi isə hətta ölkənin ən böyük, konservativ əjdahalarından olan Paşa Holdinq belə rəqəmsallaşmağa keçib və bir çox şeylərdə nümunəvi rol oynayır. Umico (Competo MMC-nin loyallıq proqramı), Kapital Bank (Birbank), Pasha Bank və s. ən texnoloji, data-yönümlü şirkətləridir. Düzdür, veb-də hələ də çox uğurlu layihələr görmürük, amma içimdəki optimizm mənə deyir ki, post-koronavirus dövründə yaxşı layihələr görəcəyik.