fbpx

“Bakı haranın paytaxtıdır?” sualını vermək gülünc görünəcək. Təbii ki, Azərbaycanın. Xəzərin sahilində yerləşən, canımız-ciyərimiz, Azərbaycanın inzibati-mədəni mərkəzi olan Bakı başqa haranın paytaxı ola bilər ki?  Amma əslində vəziyyət göründüyü qədər də asan deyil. Səbəbini də izah edim.

  • 90-cı illərdə Bakıda dönər satılan yerlər yarandı. Əla, qoy ağız dadımız dəyişsin.
    Şəhərə Türkiyəli biznesmenlər gəldi. Çox yaxşı, qoy Bakımız müasirləşsin, gözəl şəhərlərdən birinə çevrilsin.
  • Yavaş-yavaş lahmacunlar satılan kafelər yarandı, Kurtlar Vadisi serialına baxdıq, İbrahim Tatlısəsdən tutmuş Ebru Gündeşə qədər bütün müğənniləri tanıdıq. Bu da yaxşıdır: qoy həyatımızda müxtəliflik, rəngarənglik olsun.
  • Sonralar Bakıda türk kafe və restoranların sayı artmağa başladı. Anlamaq olar bunun səbəbini də. Yerli HoReCa industriiyamız inkişaf etmirdi, öz milli mətbəximiz də tezbazar hazırlanan yeməklər cəhətdən bir az kasaddır (bizim xörəklərin əksəriyyəti hazırlanmaq üçün çox vaxt və resurs tələb edir).
  • 2010-lardan sonra Özsüt, Mado və s. gəldi. OK, etirazımız yoxdur.
  • Sonra həm Rus Dram teatrının yanındakı, həm də Fəvvarələr meydanının girişindəki MADO öz qapalı ərazisindən çıxdı, terrası zəbt etdi. Namli Kebap, Özsüt (Azərbaycan k/t. yanında keçmiş yer), Künefe evi və s. yavaş-yavaş küçənin qırağındakı sahədən kənara çıxdı, artırma ilə şəhərin onsuz da basabas olan vəziyyətində bir az da sahəni özününküləşdirdi.
    Buna da bir söz demirəm. Necə deyərlər, Nothing personal, just business. Rəqabət mühitində bunu etməlisən.

İsti avqust gecələrindən birində Fəvvarələr Meydanında gəzəndə sanki yuxudan ayıldım. Deməli, Bakının ən məşhur yerlərindən olan Fəvvarələr Meydanına gəlmiş bir xarici ingilis turisti təsəvvür edin. Hər yerdə türk kafeləri, Maraş Dondurması satan və adam dolayan Osmanlı paltarındakı türk abilər və meydanın ortasında möhkəm səslə qoyulmuş türk şarkıları. Sizcə bu xarici Azərbaycan haqqında nə düşünəcək? Elə bil bura Azərbaycan yox, İstanbulun hansısa bir məhəlləsidir. Budurmu bizim xarici tursitə göstərməli olduğumuz?

Fəvvarələr meydanında əvvəllər Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova, 90-ların estrada mahnıları səslənirdi. İndi isə onların yerini türk pop mahnıları tutub. Məni özümdən çıxardan da məhz möhkəm səslə qoyulan türk mahmılarıdır. Nəyə görə Bakının göbəyində Azərbaycan ruhu hiss edilmir? Niyə görə hətta Boranı kafesinin (hansı ki, özünü milli restoran kimi mövqeləndirmək istəyir) qabağında duran işçi potensial müştərilərə pide reklam edir? Adı “Boranı” olan məkanda lahmacun-pide ilə içəri dəvət olunuruq, təsəvvür edirsinizmi?

Fəvvarələr meydanından üzü Filarmoniya bağına tərəf gedirəm. Bakıda Filarmoniya binası 1912-ci ildə tikilib (o vaxt Türkiyənin hansı gündə olduğunu deməyə ehtiyac yoxdur), hansı ki, Bakı Şəhər İCra Hakimiyyətinin yaxınlığında yerləşir. Filarmoniya bağının yanında Ü.Hacıbəyovun, Q.Qarayevin, F. Əmirovun, R.Hacıyevin bəstələri əvəzinə heç bir musiqi gözəlliyi olmayan mənasız bir türk dambadurumu səslənir:

Videonun keyfiyyəti aşağı olsa da, yəqin özünüz başa düşdünüz ki, bura haradır. Bizim mədəniyyət ocağımız olan, simfoniyalar, operalar səsləndirilən filarmoniyamızın həyətində gecə sakinlərimizə nələr eşitdirilir.

Türk qəhvəsini, türk paxlavasını, Sezen Aksunun mahnılarını, türk kinematoqrafiyasını, Əziz Nesinin yazılarını mən də sevirəm. Mən də türk futbol klublarının Avropa liqalarında uğuruna sevinmişəm, çiy köftesini yemişəm, künefesiylə çay içmişəm və bəyənmişəm də. Osmanlı sultanlarından tutmuş Anadolu kəndlərinin həyatına qədər hər şey haqqında da oxumuşam Bakıda da Türkiyə ilə bağlı hər hansı bir kommersiya müəssisəsinə qarşı antipatiyam yoxdur. Qoy şəhərimizdə rəngarəng mətbəxlər,rəngarəng mağazalar və butiklər çox olsun.

Amma…Amma istəmirəm ki, Bakıda gəzəndə sanki İstanbuldaymış kimi özümü hiss edim.