fbpx

“Kənd uşaqları diribaş olur”. “Filankəs dünən kənddən gəlib, artıq uğurlu biznesmendir”  kimi fikirləri yəqin ki, çoxumuz eşidib. Niyə şəhərli “qaquliklər” o qədər əzmkar olmur, amma dünən kənddən gəlmiş cavan oğlanlar özlərinə karyera qura bilir?

90-cı və 2000-ci illərdə əslən olduğum Şamaxının Göylər kəndinin əksər cavanları Rusiyaya işləməyə gedirdi və onların əksəri də uzaq “Rusiyət” elində qaldı. İndi onların çoxunun evi-eşiyi, yaxşı güzəranı, rusların özündən də yaxşı yaşayışı var. Nədir bunların səbəbi?

İtirməyə bir şeyi olmayan şəxs daha çalışqan, daha əzmkar olur, risk etməkdən çəkinmir. Bakıda kafedə vaxt öldürən gənclərdən fərqli olaraq, kənd uşaqlarının əlavə maddi vəsaiti, kef etmək üçün lüksü, komfortlu həyat üçün yaşamı yoxdur. Ona görə də əzab-əziyyətə qatlaşan həmin kənd uşağı Rusiyanın Norilsk şəhərinin soyuğunda, Tümenin bataqlığında, Amur meşələrində işləməkdən qaçmır. Nəticədə onlar özlərinə yaxşı rifah qura bilir.

Şəmkir, Gəncə, Lənkəran zonasında indinin özündə də ən yaxşı maddi imkanı olan şəxslər məhz Rusiyada işləmiş, orada alverlə, tikintiylə məşğul olan əyalət camaatıdır. Rayon mərkəzində doğulmuş, dövlət işində işləyən, pis-yaxşı imkanı olan şəmkirli o qədər uğur qazana bilmir nəinki Rusiyaya pomidor tədarükü görən kəndli həmyaşıdı.

miqrantlar

Miqrantlar və yerli əhali

Analoji olaraq bu qayda təkcə kəndlər və şəhərlər arasında deyil, həm də fərqli ölkələr arasında  işləyir. Moskvadan Kaliforniyaya, Pakistandan Dubaya, Seneqaldan Fransaya, Çindən Kanadaya köçən miqrantlar yerli sakinlərdən fərqli olaraq daha həvəsli olur, daha çətin işlərdən yapışır, daha aşağı standartlara qatlaşmağa razı olur.

Tarixdən bildiyimiz kimi, Amerika immiqrantlar ölkəsidir. Amerika əhalisi də almanlar, irlandlar, italyanlar, ingilislər, yəhudilər, ermənilər və s. qarışığından yaranıb. Öz ölkəsində siyasi, iqtisadi, mədəni səbəblərdən yaşaya bilməyən işsizlər ordusu Yeni Dünya üçün ABŞ-a mühacirət edir, orada yaşayırdı. Məsələn, 18-19 əsrlərdə İrlandiyada ingilislər yerli irlandlara qan uddurur, onlara olmazın zülmü verirdi. O vaxt irlandların böyük bir hissəsi Amerikaya köçdü. Məhz elə irland əsillilərdən birinin davamçısı olan Robert Kennedi ABŞ prezidenti oldu.

Amerikaya köçən italyan əsilli miqrantların necə inkişaf etməsi haqqında isə “Xaç atası”, “Bir dəfə Amerikada” və s. kimi filmlərdən yaxından tanışıq.

Amerikada ən yaxşı start-upları quran, IT sahəsində böyük uğurlar qazanan şəxslərin də çoxu miqrantlardır. Molla rejimindən qaçmış iranlılar, proqramçılığı Hindistanda öyrənib indi Microsoft-da işləyən indus koderlər, Avropaya köçən post-sovet ölkələrinin savadlı mütəxəssislər daha çox müvəffəqiyyətə nail olur nəinki elə ABŞ-da yaşayan “korennoy” amerikalılar.

“Survivor” olmaq, özünü ayaq üstə saxlamaq, sağ qalmaq mübarizəsi təbii ki, miqrantlarda daha üstün olur. Kvebekdə yaşayan 18 yaşlı yerli fransız madmazel Janna Kanada meşələrində əlində mişar ağac qırmaqla məşğul olmayacaq. Amma Ukraynadan Kanadaya köçmüş şərti Nataşa hər cür əziyyətə qatlaşacaq,çətin iqlim şəraitində işləyəcək. Nəticədə onun işləri yaxşı gedəcək, karyera pilləkənində yüksələcək, yerli  Jannadan daha uğurlu olacaq.

Gəlmələrin uğurlarının digər səbəbləri isə bunlardır:

Köçüb gələnlərin daha mütəşəkkil olması. Türklər, yunanlar, çinlilər haraya getsələr öz həmvətənlərini tapır, məhz öz həmyerliləri ilə birlikdə yaşamağa üstünlük verir, bir diaspora yaradırlar. Hətta kənddən şəhərə köçənlərdə belə mütəşəkkillik daha çoxdur. 3 naxçıvanlı tələbə Bakıda bir yerə düşən kimi dərhal qruplaşır. Amma Bakıda boya-başa çatmış gənc üçün fərqi yoxdur: bakılı oldun ya şəkili, əsas odur ki, xasiyyəti uyğun gəlsin.

Məqsədyönlü olmaq. Sirr deyil ki, kənddən Bakıya oxumağa gələn tələbəyə valideynlərinin böyük ümidi olur. Onu həmişə dərsinə/işinə diqqət etməyə, pis uşaqlara qoşulmamağa, orda-burda pul xərcləməməyə çağırırlar. Tez-tez zəng edərək övladlarının necə yaşadığını, dərslərini necə oxuduğunu soruşurlar. Bu səbəbdəndir ki, kənd uşaqları qarşılarına qoyduqları məqsədə çatmaq üçün daha məsuliyyətli olur. “Kənddə anamgilin bütün ümidi mənədir, mən yaxşı iş tapmalıyam” fikriylə yaşayır bu insanların çoxu.
Xarici ölkəyə gedən vətəndaşlarda yaxşı həyat, yaxşı güzəran qurmaq arzusu daha aşkar, türklər demiş “net” olur. “Mən  bu ayın axırınacan 100000 rubl yığmalıyam”, “1 həftə ərzində maşındakı pomidorları satmasam Lənkəranda atamın müalicəsi üçün pul göndərə bilməyəcəm” düşüncəsi ilə yaşayan azərbaycanlı daha məqsədyönlüdür nəinki Bakıda dövlət idarəsində işləyən adi mütəxəssis.

mühacir

Kənardan görmək bacarığı. Gədəbəydən gəlmiş bir cavana Eyfel qülləsi daha maraqlı görünür nəinki Parisin mərkəzində böyümüş bir cavan fransıza.
Berlinə köçmüş bir türk almanların həyat tərzini, fərqliliklərini daha tez görür nəinki elə almanların özləri.
Bakıdakı restoranların fərqini İmişlidən köçmüş şəxs daha tez görür nəinki Fəvvarələr meydanı tərəfində böyümüş təmiz bakılı.

Kənardan hər şey daha aydın, təhrifsiz, olduğu kimi göründüyü üçün miqrantlar yenilikləri, nəyin yaxşı nəyin pis olduğunu daha tez mənimsəyir. Ona görə də miqrantlar arasında sahibkar, yenilikçi, restorator, ticarətçi daha çox olur.

İtirəcəyi bir şeyi olmamaq. Təsəvvür edin ki, Nyu-Yorkda 2 gənci müqayisə edirik:
– varlı-hallı ingilis lordlarının nəslindən olan, atası Nyu-Yorkda tanınmış vəkil olan bir Con
– İtaliyadan köçüb gəlmiş, əyninə geyinməyə düz-əməlli paltarı olmayan bir Matteo Qambino.
Sizcə onlardan hansı uğurlu mafiozi ola bilər? Kim Amerikaya gələn qanunsuz içki, narkotik, kontrabanda və s. işlərinə daha yaxşı nəzarət edə bilər? Bu 2 gənc arasında təbii ki, Matteo daha risklidir, hətta qanunsuz işlərlə məşğul olmaqdan belə qorxmur. Amma Con atasının nüfuzuna görə qeyri-leqal işlərlə məşğul olmaqdan çəkinir. İtirməkdən qorxmayan olduğu üçün Matteo avantüralara girişir və uğur qazanır. “Risk etməyən şampan içmir” məsəli.

Təbii ki, yazdıqlarım arasında istisnalar da var. Kənddə qoyun-quzusunu satıb Bakıda 1 ayın içində onu yüngül əxlaqlı qızlara xərcləyənlər də var. Ev-eşiyini satıb Avropaya köçmüş, amma orada az qala dilənçi kimi yaşayan yüksək ixtisaslı vətəndaşlarımız da var. Miqrantların heç də hamısı yağ-bal içində yaşamır. Moskvada yarıac-yarıtox yaşayan neçə-neçə həmvətənimiz də var.

Amma bu ümumi tendensiyanı dəyişmir: “Gəlmələr” “yerlilərdən” daha motivasiyalı, çətinliklərə daha dözümlü olduqları üçün daha çox uğur qazanır.

Həmçinin oxu: Kənd camaat və əyalət düşüncəsi haqqında məqalə