fbpx

Kənddə yaşayan istənilən adamın arzusudur ki, uşağı ali məktəbə qəbul olsun, yaxşı iş tapsın, şəhərə köçsün.

Çobanlar, əkinçilər, traktorçular, meşədə qanunsuz odun doğrayanlar, xırda alverçilər – hamısı Gecə-gündüz özlərinə əziyyət verirlər, qazandıqları az-çox pulu kənara yığırlar ki, balaları şəhərdə ali təhsil alsın. Necə deyərlər, instituta girsin.

Əla. Əgər o uşaq oxuyub həkim, sistem administratoru, kimyaçı, proqramçı, tətbiqi riyaziyyat sahəsində işləyən biri olacaqsa, çox gözəl arzudur. Uşaqlarının gözəl gələcəyi üçün bu fədakarlığa dəyər.

Amma reallıq başqadır. həmin bu kənddən gələn balalar daha çox tarix, ədəbiyyat, jurnalistika, pedaqogika, psixologiya kimi ixtisaslara düşür. Boynumuza alaq ki, Azərbaycanda bu tipli ixtisaslarda oxumaq üçün 4-5 il vaxt öldürmək mənasız vaxt itkisidir.

Kənddə 70 yaşlı baba öz pensiyasını yığır ki, nəvəsi gedib ali təhsil alsın,oxusun. Daha bilmir ki, nəvəsi ən yaxşı halda pedaqoji universitetdə oxuyub sonra da Bakıda hansısa restoranda ofisiant işləyəcək. 2-3 ildən sonra dost-tanışlarının hesabına, bir az kompüter-ingilis dili kursuna gedib 400 manata ofis işi tapacaq.

Əgər nəvə sonda ofisiant yaxud ofisdə xırda klerk olacaqsa, o zaman nəyə görə 5 il vaxt öldürməli, babanın pulu havaya sovrulmalıdır?

 

Əslən olduğum Şamaxının kəndlərindən neçə nəfər tanıdığım savadlı abituriyent Bakıya gəlib oxuyur. Bəli, onların arasında özünü inkişaf etdirən, müasir yenilikləri öyrənən, zamanın tələblərinə cavab verən mütəxəssislər yetişir, aralarında yaxın qohumlarım da var. Belə övladlardan ötrü böyüklərin əziyyət çəkməsinə dəyir. Elə uşaqlarla fəxr edirəm.

Amma neçə nəfər də tanıyıram ki, Bakıda lazımsız ixtisasa yiyələnir. 4 il ərzində həmin bu tələbənin təhsilinə, geyiminə, kirayə ev tutmasına, cib xərcliyinə və s. xeyli pul xərclənir. Axırda da 2 ssenari:

  1. qız məzun ərə gedir, 1 ildən sonra doğur, diplom da qalır tozlanır.-
  2. oğlan məzun da öz ixtisasına aid olmayan işlə məşğul olur. Məsələn, Sədərək ticarət mərkəzindən ucuz malı gətirib öz rayonunda bir az baha satmaqla.

Bakıda yaşayan adamın öz uşağını lazımsız ixtisasda oxutmağına birtəhər göz yummaq olar. Çünki həmin tələbəyə o qədər çox xərc çıxmır, həm də şəhər əhalisinin maddi gəliri çoxdur. Amma İmişlinin çölündən, Gədəbəyin dağlarından gələn bir qızın şərti olaraq Sumqayıt Dövlət Universitetində Gömrük işi kimi ixtisasda oxuması onun kənddəki ailəsi üçün ağır yükdür.

əziyyət və xərc çəkib uşağı məcburən burda oxutdurmağın nə mənası var?

Dərd odur ki, rayonlardan gələn uşaqları, tələbələri peşə məktəblərinə, kurslara qoymurlar. Yəni, oğlan televizor ustasının yanında işləyib öyrənməsin, mütləq institutda oxumalıdır..

Qız şirniyyat sexində işləməsin, ancaq gecə-gündüz ədəbiyyat müntəxəbatı oxusun.

Bölgə sakinləri başa düşmür ki, institut oxumuş coğrafiyaşünasdan çox operator, aşpaz, zavodda fəhlə, tikinti işində operator kimi adamlar maaş alır. Bakıda normal saç ustası, aşpaz, saxtexnika ustası üstündə dava gedir, daha Kooperasiya institutunda menecment ixtisası oxumuş yeni məzun üstündə yox. Ümumiyyətlə, 23 yaşlı institut məzununun menecer işləməsi absurddur, amma bu digər bloq yazısının mövzusudur.

Xülasə, ey kənd əhli, övladlarınızı düz-əməlli ixtisas yönləndirə biləcəksinizsə, əziyyət çəkməyinizə dəyər. Yox,sadəcə oxumaq, diplom xatirinə şəhərə göndərirsinizsə, heyf sizin gecə-gündüz işləyib pul yığmağınızdan.