fbpx

Biz azərbaycanlıların böyük problemlərindən biri də odur ki, iş həyatında səbəb-nəticə əlaqəsini düzgün qura bilmirik.
Hamımız bilirik ki, Günəş çıxdığı üçün hava isinir (daha hava isindiyi üçün günəş çıxmır). Yəni Günəşin çıxmağı səbəb, havanın qızınması isə nəticədir (tərsinə yox). Çox sadə bir şeydir. Amma nədənsə biznesdə bunu düzgün tətbiq edə bilmirik. Nəyin səbəb, nəyinsə nəticə olduğu bilmədiyimiz üçün sertifikat almaq məsələsində də qarışıqlıq edirik.

  • İnsan peşəkar olduğu üçün sertifikat alır (düzgün)
  • İnsan sertifikat alır ki, peşəkar olsun (səhv yanaşmadır).

Təəssüf ki, gənclərimiz çox vaxt ikinci yanaşmanı seçir, dəxli oldu-olmadı sertifikat ovunun ardınca düşür.

Xüsusən də Linkedin-də xəbər lentini açanda çevrədəkilərimizin “certified” olması haqda postlar yəqin ki, sizi də bezdirib. Başa düşürəm, pandemiya dövrüdür, hamı evdə qalıb, boş-boş oynamaqdansa, İnstagramda vaxt öldürməkdənsə sertifikat almağa köklənmək daha yaxşıdır. Amma…

Amması odur ki, sertifikatdan da sertifikata fərq var. Tələbələr, yeni məzun olmuşlar, lap elə neçə ilin işçiləri də sertifikatlaşdırmanı bir dəb kimi görür, “Əlövsət MMC”-nin verdiyi adi sertifikatı da almağa çalışır. Bu,kökündən səhv yanaşmadır. Birinin sertifikatları varsa, deməli onun avtomatik olaraq peşəkar olacağı mütləq deyil.

Mən sertifikatlara qarşı deyiləm. Əksinə, onların müəyyən keyfiyyət meyarı olduğuna inanıram. Təcrübəmə əsasən yaxşı, bir insanın peşəkar olduğunu sübut edən müəyyən sertifikatların faydalı olduğunu, karyera üçün vacib olduğunu deyə bilərəm. Ölkəmizdə ən çox tələbat və maraq olan sertifikatlar:

  • maliyyə sahəsində – ACCA (Association of Chartered Certified Accountants) üzvü olmaq üçün F3,F5, F7 və s. imtahanlarını vermək lazımdır. CFA (Chartered Financial Analyst), CIMA (Chartered Institute of Management Accountants) barədə heç demirəm, onlar peşəkar maliyyəçilər üçün bir peşəkarlıq meyarıdır. Amma bir Azərbaycan şirkətinin “Vergi uçotunun təşkilində kassa metodunun tətbiqi” mövzusunda tədbirində iştirak edib bir kağız parçasını almaq sertifikatlılıq göstəricisi deyil.
  • təchizat sahəsində – CIPS (Chartered Institute of Procurement & Supply)
  • insan resursları sahəsində – SHRM (Society for Human Resource Management)
  • IT sahəsində – CCNA (Cisco Certified Network Associate) və s.
  • dil biliyi üçün – IELTS, TOEFL, TestDaF və s.

Bir şəxsin tanınmış, alınması üçün əziyyət çəkilməsi tələb olunan sertifikatları alması çox gözəldir. İş intervsyusunda şərti olaraq Əhmədin sertifikatının olması əlavə bir üstünlükdür. Amma bu mütləq vacib göstərici olmamalıdır, yəni bir var additional (olmasının namizədə üstünlük verdiyi), bir də var mandatory (mütləq şəkildə sertifikatlı olmanın tələb olunduğu).

Bir çox öz sahəsində peşəkar insan tanıyıram ki, heç bir sertifikatı yoxdur.

Bir çox sertifikatlı işçi tanıyıram ki, əlindən bir iş gəlmir.

Sonda sertifikat verilməyən faydalı təlimlər və sonda sertifikat verilən heç bir faydası olmayan təlimlər mövcuddur.

Azərbaycan şirkətlərinin vediyi sertifikatların əksəriyyətinin lazımsız, dəyərsiz olduğu qənaətindəyəm. Hansısa bir kurs, seminar təşkilatçısı, konsultasiya verən şirkət öz xidmətini daha gözəgəlimli etmək üçün sonda sertifikat verməyə çalışır. İş tapmaq, özünü daha inamlı hiss etməyən namizəd də buna aldanır,həmin xidmətin istifadəçisinə çevrilir.

Yaxşı ki, bəzi şirkətlərdə sertifikatın olmasına yox, real nəticəyə və test tapşırığına baxırlar. ACCA üçün Financial Reporting imtahanı vermək istəyən, mühasibatlığa aid bütün instruksiyaları əzbərləmiş gənclərdən sertifikat barədə soruşmaqdansa bəzən konkret tapşırıq verilir ki, filan şirkətdə amortizasiyanın hesablanması üçün konkret bu keysdə necə hesablama aparardın?

Bir çox hallarda sertifikatların gözə soxmaq insanların iş tapmaq ehtimalını azaldır. Məsələn, namizəddən soruşulur:
– Digital marketinq haqqında hansısa təlimlərdə olmusunuzmu?
– Bəli, Filankəs müəllimin yanında 2 ay təlimdə olmuşam, sertifikatım da var.
Əgər intervyunu aparan peşəkar HR mütəxəssisdirsə, böyük ehtimalla o namizəd kəsiləcək:)

Coursera, Udemy, Khan Academy, EdX və s. platformalarda baxılmış videolara, alınan sertifikatlara neytral baxıram. Yəni baxılıbsa, sertifikat alınıbsa yaxşıdır. Amma baxılmaması, sertifikatın olmaması heç də problem deyil. Son vaxtlar bu platformaların da ucuzlaşdığı, dəyərsizləşdiyi qənaətindəyəm. Az qala “səhər yuxudan necə durmalı?” mövzusunda da kurslar keçirlər.

İşlədiyim SR şirkətlər qrupunda komanda yoldaşlarım olan nə Elşənin, nə də  Kənanın sertifikatları yoxdur (varsa da, heç vaxt üzə çıxmayıb). Amma digital marketing sahəsində çoxsaylı sertifikatları olan o mütəxəssisləri çaya susuz aparıb,susuz gətirər.
İnsanın real biliyinə, bacarığına fikir verilməlidir, sertifikatların sayına yox.
Getdiyim təlimlərin, oxuduğum kurlsarın hamısının sertifikatlarını yığsam bəlkə də Azərbaycanda ən çox sertifikatı olan adam olardım. Amma indiyə kimi nə işə düzəlməyimdə, nə hansıa bir iş görməyimdə o sertifikatların rolu olmayıb.

Sonda tövsiyə etmək istərdim ki,

  • real,faydası olan tanınmış sertifikatları alın
  • vəzifə və maaş nə qədər yüksəkdirsə, sertifikatların da rolu bir o qədər azalır.
  • alınan hər kiçik bir şeyi şişirtmək, Udemy-də baxılan hər 1 saatlıq videonu CV-də qeyd etmək lazım deyil.
  • sertifikat almaq hədəf olmamalıdır. O, hədəfə çatmaq üçün vasitə olmalıdır.