Doğulanda hamının “bu nə toppuş baladı belə” dediyi, məktəbdə qızların arasında ən çirkin olan, 4-cü sinifdən etibarən evdə toyuqların başını kəsmək işini boynuna götürən, 7-ci sinifdən qurbanlıq qoyun kəsiləndə atasına kömək edən, sinfin oğlanlarının qol güləşində biləyini sıxan, heç kimə pislik etməyən, həm oğlanların, həm də qızların dostu olan, ona “hozu” deyiləndə inciməyən, anasının “görəsən bu qızı böyüyəndə kim alacaq?” fikriylə yatıb-durduğu, gözəl deyiləcək heç bir şeyi olmayan Dilarənin həyatı məhz 2 gün əvvəl dəyişmişdi.
Universitet qızlarının “gəlin sezonu bağlayaq, axırıncı dəfə dənizə gedək” təklifiylə plyaja gələn Dilarə hay-küyü eşidib besedkadan ləpədöyənə gəlmişdi. “Vüsal! Oğlum, Vüsaaal!” deyə qışqıran, əvvəllər uzun müddət məktəb direktoru işləmiş, nəslin eyni vaxtda ağsaqqalı və ağbirçəyi funksiyasını daşıyan, bir zənglə icra hakimiyyətində müşkül məsələləri həll edən Vəsilə xanım dənizdə oğlunu axtarırdı. FHN-in xilasediciləri birtəhər gəlsə də, Vüsal tapılmırdı, plyajda uşaqlı-böyüklü xeyli adam da yığılmışdı. 5 dəqiqədən sonra isə Dilarə uzaqdan birtəhər Vüsalı dartaraq sahilə çatdırmışdı.
Bir ara xarici kazino saytlarında kalan pul yandırmış, ən böyük hobbisi PES oynamaq olan Vüsalın vəziyyəti düzələndən sonra Vəsilə özünə gəlib oğlunu xilas edən Dilarəyə baxdı; bəlkə də əvvəllər xeyli pedaqoq işlədiyi, hər cür adamla işləmiş olduğu üçün bu kobud bədənli, xeyli su udmuş və yorulmuş qızın xırda yumru gözlərinin dərinliklərində bəlkə də heç kimin görmədiyi mehribanlığı görmüşdü.
Sonra onun yanındakı rəfiqələrinə də baxıb amiranə şəkildə “Hazırlaşın, 20 dəqiqəyə bizə gedirik, bağ burda yaxındadır. Axşam bizdəsiz, yeyəndən sonra çatdıracaqlar sizi hara lazımdır” deməsindən sonra heç kimin səsi çıxmamışdı.
2 gündən sonra, Vüsal yemək stolundan “Allah artıq eləsin” deyib tez qalxmaq istəyəndə isə anası onu saxlatdı. “Otur, vacib sözüm var. Dilarəylə yaxından tanış ol, görüşə çağır onu. Yanvarda əminin ili çıxandan sonra toy eləmək lazımdır, çox ləngitməyək”.
Atasından tutmuş 16 yaşlı kiçik bacısına qədər heç kimin gözləmədiyi bu sözləri eşidən, şoka düşmüş Vüsal sadəcə iri gözlərini böyüdərək “Nə???” sualını verə bilmişdi.
– Hə, nədi? Bəs o gün səni dənizin dibindən kim çıxartdı? Səni ancaq o qıza ümid eləmək olar. Tələbə ola-ola axşamlar internetdə işliyir, çalışır ki heç rayondan pul almasın. Maraqlanmışam, pis privıçkası yoxdur. Tak şto, hazırlaş.
Ortalığa sükut çökdü, hamı başa düşdü ki, Vəsilə xanım bu qərara gələnə qədər hər şeyi ölçüb-biçib və fikrində qətidir. Havadakı gərginliyi azaltmaq üçün Vüsalın 22 yaşlı böyük bacısı Nərgiz başladı.
– Başqa şeylərini deyə bilmərəm o qızın, amma 4 ildir bu bağda işlətmədiyiniz, o su axıdan samovarda srağagün qəşəng çay qaynatdısa, halaldır ona.
Sanki ortadakı gərginlik aradan qalxdı, içi Vüsal qarışıq hamının dodağında kiçicik bir təbəssüm yarandı.