#Buvaxtlarda nazirliklərin birində vəzifəcə 6-cı adam olan 35 yaşlı Fuad müəllim işdən çıxıb S-klassın arxa sidelnikində oturaraq evinə qayıdır. Maşında hansısa radiodan milli caz mahnısı gəlir: uzun müddətdir maşının şoferi olan Muxtar artıq rəisin təxmini zövqünü bilir. Fuad telefonunda dalbadal gələn mesajlara baxır. Nazirlikdə elə bil hamı sözləşib ki, iş saatlarında yığılıb qalmış bütün e-mailləri gərək mütləq günün sonunda göndərsinlər. Yəqin özlərini guya ki, 6-dan sonra da işləyirlərmiş kimi göstərmək istəyirlər.
Nazir müavini Votsapp-da ona şit bir video göndərir. Fuad avtomatik şəkildə altında ☺☺☺
qoyub müavinə cavablayır. Sonra da fikirləşir ki, bu gicbəsərin nəyini nazir müavini qoyublar?
Elə bunu fikirləşmişdi ki, kadrlar şöbəsində işləyən Eleanora xanım da ona yazır. Fuad muallim, o xarijda oxumuş hundürboy oqlanı sektor rehberi kimi iwe götururuk ya yox?
Fuad əslində bu özündənrazı oğlanı o qədər də bəyənməmişdi, amma CV-də onun əvvəllər PASHA Holding-də 3 il işlədiyini görüb “Лучше не рисковать” deyib Eleanoraya razılıq verir. Amma əslində orda nəyin risk olduğunu heç özü də bilmir.
Maşının şoferi Muxtar Neftçilər prospektindən fırlanıb Qaqarin mostunun yanında dönəndə xeyli tıxacda qalır. “Ay Muxtar, veçni məni bu probkaya salırsan da…” deyib yenidən müxalifət saytlarından birində nə yeniliklər olduğunu oxumağa başlayır. Muxtar da az qalır qayıdıb ona desin ki, “ay xiyar, bəyəm getməyə başqa yol var ki?” Amma səsini içində saxlayır. Əslində müdirin xətrini çox istəyir, Fuad digər rəislər kimi deyil, müasirdir, Muxtara hər cür sərbəstlik verib. Sadəcə günorta arvadı Muxtara zəng edib onun qanını qaraldıb deyə əsəbidir.
Bu vaxt nazirin katibəsindən zəng gəlir: “sabah 3-də nazirin qəbulunda olmalısız, yaddan çıxmasın“ deyib tez zəngi dayandırmaq istəyir. Amma Fuad macal tapır ki, dərhal “bir dəqiqə, görüş nəylə bağlıdır, məndən başqa kimlər olacaq“ sualını versin. Katibə “Bilmirəm, ümumi şöbədən Tofik müəllimi, 2 müavin, bir də sizi çağırıb“ deyib otboy verir. Fuadın əhvalı korlanır, “Vsyo da, zibilin üstü açılıb. 100% xəbərləyiblər, yoxsa niyə elə mənlə Tofiqi çağırıblar?“ sualını ağlında fırladır. Rəisin mimikasından əhvalının korlandığını başa düşən Muxtar musiqinin səsini bir az azaldır…