fbpx

Agentlikdə işləyənlərin əksəriyyətində belə bir şablon fikir var ki, “Sifarişçi tərəfdə oturan marketinq mütəxəssisləri tənbəl ve bekardır. Ayaqlarını ayaqlarının üstünə qoyub iş buyurmaqdan başqa bir şey bilmirlər”.

Eyni zamanda Sifarişçi tərəfdə işləyənlərin fikri də budur:  “agentlikdə işləyənlərin çoxu gopçudur. Bərli-bəzəkli təqdimat verirlər, amma verilən təkliflərin real biznes effekti olmur.”

Bir dəfə köhnə yazılarımın birində Azərbaycandakı reklam agentlikləri haqqında qeyd aparmışdım. Ondan sonra bir çoxları məndən soruşurdu ki, bəs agentlikdən çıxmağa/oraya getməyə dəyərmi? Hərəyə ayrı-ayrı cavab verməkdənsə, fikrlərimi yığıb ümumi bir post yazmaq qərarına gəldim.

Agentlikdə işləməyin üstünlükləri:

  • Çox işləyirsən. Bəlkə kiməsə bu mənfi cəhət ola bilər, amma gənc mütəxəssis yaxud universitetdən yenicə məzun olmuş adam üçün əslində üstünlükdür. Əzələləri möhkəmləndirmək, “качать” etmək üçün mütləq o əzələlərə güc verməli, onları daim işlətməlisən. Eyni qayda marketinq üçün də keçərlidir. Yaxşı peşəkar olmaq üçün mütləq çox və gərgin işləmək lazımdır. Bunun üçün də agentlik ideal yerdir.
  • Genişprofilli olursan. Sırf bir sahədə ixtisaslaşmaq əvəzinə fərqli industriyaların işini görürsən. Bugün bir dəman markasını reklam edirsən, sabah avtomobili, o biri gün isə sabun brendini.
  • Satışyönümlü olursan. Yaxşı təklif verən yox, yaxşı təklif  satan olmaq lazımdır. Bu həqiqəti məhz agentlikdə işləyəndə daha yaxşı mənimsəmək olur. Müştərinin necə xoşuna gəlmək olar, nəyi hansı slaydda göstərmək yaxşıdır, sifarişi götürmək üçün hansı hoqqabazlığı etmək olar və s. kimi “how-to” mexanikalarını öyrənmək üçün agentliklərdə işləmək daha yaxşıdır.
  • Yeniliyə meylli olursan. Agentlik mühitində olanlar sahibkarlığa, yeni bizneslərə açıq olurlar. Sifarişçi şirkətlərdə (fərqi yoxdur, böyük mobil operatorda ya da kiçik gözəllik salonunda) işləyənlər innovasiyaları daha gec mənimsəyir, sanki konservativ olur.

Agentlikdə işləməyin mənfi cəhətləri

Demək olar ki, yuxarıdakı üstünlüklər eyni zamanda da mənfi cəhətlədir:)

  • Satışyönümlü olursan. Yaxşı şeyi yox, müştərinin qəbul etmək istədiyini təklif etdiyinə görə özün-özünlə səmimi olmursan. Sanki günah iş kimi görürsən (yeni işə başlayanlara bu səhnə tanışdır).  “Əşi onsuz da müştəri mənim rəngimi qəbul etməyəcək, elə standart öz brend-buklarının rəngini bas getsin” fikri ilə dizayner iş görür. “Görəsən bu dijital-mediaplana müştəri necə reaksiya verəcək” fikri daim başında olanda sən effektivliyi yox, müştərinin nazı ilə oynamağı fikirləşirsən.
  • İxtisaslaşmamaq. Agentlikdə fərqli müştərilərin işini görəndə çox şey öyrənirsən. Amma heç bir sahədə tam dərindən ixtisaslaşmaq da mümkün olmur. Amma təsəvvür edin ki, bir marketinq menecer əvvəlcə Rabitəbank, sonra YeloBank, daha sonra isə Beynəlxalq Bankda işləyir. O menecer təbii ki, FMCG və mebel sektorunu dərindən bilməyəcək, amma bank sektorunun marketinqində tam dərindən ixtisaslaşacaq, maliyyədə hər şeyin cikini-bikini biləcək. Agentlikdə işləyəndə sən biznesi birbaşa içəridən görə bilmirsən. Yalnız Sifarişçidən gələn brief-lər yaxud görüşlər əsasında biznes haqqında uzaqdan  təsəvvür yaranır.

Amma və lakin…

Getdikcə sərhədlər itir. Müştəri (Sifarişçi) və Agentlik mühiti arasında fərqlər itməyə başlayır. Şirkətlərin özünün içində in-house komandalar agentlik kimi işləyə başlayır. Elə mənim indi işlədiyim SR Group-un özünü götürək. İşçi  həm Texnomart elektronika mağazası üçün, həm də Sağlam Diş klinikası üçün çalışır.
Şirkətin daxilində bir agentlik strukturu artıq Kapital Bank, Azersun, Kontakt Home kimi böyük şirkətlərdə tam işləyir. Yəni tərkibində 4 kopirayteri olan Kontakt Home-un yaxud böyük SMM komandası olan tikinti şirkətinin marketinq komandasının ayrıca bir agentlikdən nəyi əskikdir ki?

“Agentliklərdə iş rejimi daha sərbəstdir”, “atmosfer daha əyləncəlidir”, “Sifarişçilərdə hər şey ciddidir və darıxıdırıcıdır” kimi fikirlər artıq mifdir. Hətta ən ciddi qurumlar sayılan dövlət idarələri və maliyyə şirkətlərində belə azad ruh, flexible ortam yaranıb. Mehriban və kreativ kollektivlər təkcə agentliklərdə olmur.

10 il bundan əvvəl hansısa bir tədbirdə mən asanlıqla Müştəri və Agentlik tərəfdə işləyəni ayırd edə bilirdim. Üzdən tanımasam belə, ağzını açıb 3 dəqiqə söhbət edən kimi danışanın hansı “cəbhədə” olduğunu bilmək olurdu. İndi isə bunu etmək mümkün deyil. Çünki rəqəmsallaşma və bazarın inkişafı sərhədləri pozur.

Əvvəllər yalnız agentliyin işlətdiyi hansısa bahalı aləti (tool) indi asanlıqla adi bir şirkətin marketinq mütəxəssisi də ala bilir. Böyük şirkətlərin özündə daxili videoqraf, kopirayter, dizaynerlər, targetoloq və s. olur. Ona görə də
“peşəkarlaşmaq üçün mütləq əvvəlcə agentlikdə işləməlisən” qaydası artıq aktual deyil.

Tövsiyəm

Hər kəsin öz həyatı, hərənin öz unikal karyera seçimi var. Ona görə də universal tövsiyə vermək mümkün deyil. Amma “istisnalar qaydaları pozmur” fikrinə sadiq qalsaq, aşağıdakı fikirləri bir standart saymaq olar:

  • 25 yaşa qədər, yeni məzun olmuş, əsgərlikdən təzə gəlmiş, iş təcrübəsi olmayan və kreativ sahədə karyera qurmaq istəyənlərə məsləhət – əvvəlcə agentliklərdə işləyin, peşəkarlaşın, sonra Sifarişçi tərəfə keçin. Dizayner, kopirayter,  akkaunt menecer üçün agentlik təcrübəsi vacibdir.
  • Dəbli sahələrdə (məsələn, elektron-kommersiya sahəsində) işləmək üçün elə birbaşa Sifarişçi tərəfdə işləyin. Agentlikdə işləyərək data-analitika, CVM (customer value menagement), BizDev, e-commerce, fintech sahəsində dərin biliklər qazanmaq çətindir.