Bir tərəfdən doğulduğum kəndlə fəxr edirəm, o biri tərəfdən isə bu kənddən olmağıma görə əsəbiləşirəm. Azərbaycanın ən böyük kəndlərindən biri olan, yetirmələri xaricdə uğur qazanmış, böyük potensialı olan bu yaşayış məntəqəsinin indiki durumuna baxanda təəssüflənməmək olmur. Yox, mən Göyləri Avtriyanın, Hollandiyanın kəndlərilə müqayisə etmirəm. Elə Azərbaycanın özündə olan, əhalisi heç 2000 nəfəri keçməyən kəndlərinə baxırsan ki, hamı işləyir, qazanır, kənd inkişaf edir. Amma bizim kənd isə layiq olduğu yerlərdə deyil.
KƏNDİN PROBLEMLƏRİ
1. Ekoloji problemlər
Su quyularında suyun olmamasından, quraqlıqdan şikayət edənlərin sayı ili-ildən artır. Kəndin ətrafında bir dənə də olsun ağaclıq, yaşıllıq qalmayıb, hamısı odun üçün qırılıb. Suzusluğun, havaların istiləşməsinin, torpağın məhsuldarlığın aşağı düşməsinin əsas səbəbi yaşıllığın olmamasıdır. Bir vaxtlar Sofu dərəsində kol-kos, ağac əlindən tərpənmək olmurdu, canavara qədər hər şey tapılırdı. İndi isə oralar sadəcə ot bitən biyabanlıqdır.Bioloji müxtəliflik olmadıqca bu problemlər kəskinlıəşəcək.
Yeri gəlmişkən, kənd sakinlərinin özü də ekologiyaya fikir vermir. Hər tərəf sellofan paketləri, plastik kütlə, çürüməyən tullantılarla doludur.
Kənddə o qədər bulaq var, amma mən heç bulaqda kran, ventil görmədim. O qədər su boşuna axır.
2. Kənd əhalisinin yeniliklərə açıq olmaması
Bəli, biz göylərlilər boynumuza almalıyıq ki, müasir texnologiyaları, yenilikləri gec mənimsəyirik.
- Bu qədər əhalisi olan kənddə bir dənə normal fermer təssrrüfatı yoxdur.
- Damcı üsuluyla bitkiçilikdən istifadə olunurmu?
- 3-4 ilə məhsul verən yeni növ ağac sortları əkilirmi?
- Müasir kənd təsərrüfatı texnikası alınırmı?
Kənddə yeni biznes açmaq ideyası hansısa mağaza, gözəllik salonu, bərbərxana açmaqdan o yana getmir.
3. İnfrastrukturun zəif olması
Kənddə yalnız 1 mərkəzi asfaltlanmış yol var. Kəndin mağazaları, nəqliyyatı yalnız bu mərkəzi yolun ətrafındadır. Başa düşürəm ki, kəndin dolanbac yollarını, tinlərini asfaltlamaq qeyri-effektiv deyil, amma ən azından yuxarı yüksəklikdən aşağı dərələrə doğru 1-2 normal asfalt örtüyü olan yol olmalıdır.
KƏNDİMİZİN ÜSTÜNLÜKLƏRİ
Mənfiləri demişiksə, müsbətləri də sadalayaq. Bəs kəndimizin üstünlükləri nələrdir?
1. Bakıya yaxın olması
Göylər uzaq Gədəbəydə yaxud Füzuli rayonunda deyil. Nəinki iş üçün, hətta əyninə köynək almaq üçün də asanlıqla səhər kənddən çıxıb günortaya kəndə qayıtmaq olar.
2. Şamaxının mərkəzinə yaxın olması
Söhbət tək məsafədən yox, həm də yolun rahatlığından gedir. Enişli-yoxuşlu yollar, sıldırım qayalar, qışda nəqliyyatı çətinləşdirən maneələr yoxdur, asanlıqla rayon mərkəzinə gedib-gəlmək olar.
Ovculu, Çaylı, Quşçu Çöl Göylər və s. kəndlər üçün Göylərdağ da bir ortaq mərkəz (ingilis dilində desək hub) ola bilər. Alış-veriş üçün daha Şamaxıya yox, elə Göylərin özünə gəlmək kifayət edər.
3. Əhalinin çox olması
Dağ Göylər çox böyükdür, bu qədər əhalisi olan yerdə hansısa təşəbbüsün, yeni biznesin tutmaması çox çətindir. Alıcılıq qüvvəsi kifayət qədər yüksəkdir.
4. Maddi imkanı yüksək olan insanların çoxluğu
Düzdür, bu insanların əksəriyyəti əsasən Rusiyada (Sankt-Peterburq, Moskva, Barnaul, Tümen və s.) və Bakıda yaşayır. Amma əksəriyyətinin kəndlə bağlılığı var.
5. Kəndin elmi və demoqrafik potensialının yaxşı olması
Sevindirici haldır ki, son dövrlərdə məktəb məzunları arasında yüksək bal yığan, ölkənin ən yaxşı universitetlərində oxuyan, gələcəyi yaxşı olan tələbələr yetişir.
Özü də tək oğlanlar deyil, qızlar arasında da 600-dan çox bal yığmış, xaricdə oxuyan, yaxşı təhsil alan həmkəndlilər var.
BƏS NƏ ETMƏLİ?
1. Kəndə bazar lazımdır
Pendir, bal, bağdan meyvələr, qoyun əti, turşu, balonlarda mürəbbə – satış üçün mərkəzləşmiş ərazi yoxdur. Hamı qonşudan-qonşuya soraqlaşaraq, zəngləşərək nəyisə istəyir, uzaqbaşı barter edir. 2024-cü ildə belə primitiv şərait təbii ki, qəbulolunmazdır.
Həll yolu: heç olmasa 25-30 piştaxtası olan bazar yaratmaq. Mərkəzi yolun qırağında yayda qarpız-yemiş satanları və s. də oraya köçürtmək, kəndi daha səliqəli formaya salmaq.
2. Bitkiçilikdə istiqaməti dəyişmək
Arpa və buğda əkmək üçün nə kəndin təbiəti uyğundur, nə də iqtisadi effektivlik buna imkan verir. Standart taxıl əkmək yerinə kənd üçün ən ideal, tarixi keçmişi də olan sahə – üzümçülük daha effektivdir.
Yüksək marjası olan meyvə ağacları – badam (badamın kiloqramı 15 manatdan aşağı heç vaxt olmur), şaftalı, armud və s. əkmək. Kəndimizin yaraşğı alça ağaclarıdır, amma qəbul etməliyik ki, alça satmaqla güzəran təmin etmək müşkül məsələdir.
Həll yolu: müasir, tez məhsul verən, xüsusi seleksiyalı bitkilərin əkilməsi
3. İxtisaslaşmış məhsulları istehsal etmək
Sadəcə öz ailəsi, qohum-qonşu üçün yox, biznes üçün əmtəə və xidmətlərin yaradılması lazımdır. Elə natural təsərrüfatın kapitalizmdən fərqi də ondadır ki, məhsul ticarət üçün istehsal olunur.
Nümunələr:
- Kənddə çox adamın evində bəkməz (doşab) var. Amma şəhərdən gəlmiş qonaq kimi mən bazarda yaxud kəndlilərdən kiminsə evində satlıq bəkməz tapa bilmirəm.
- Uşaqlığım boyu kənddə yayda həmişə şor yemişəm😊 Amma sonuncu dəfə kəndə gələndə almaq üçün (ekzotik və uşaqlığımı xatırlatsın deyə könlümə düşmüşdü) üçün mən satılan şor tapa bilmədim.
- 15 kiloqram nehrə yağını kimdənsə almaq qeyri-mümkündür. Çünki sırf ağartı məhsulları üzrə istiqamət götürmüş şəxs/ailə/biznes yoxdur.
4. Müasir ictimai iaşə müəssisələrini qurmaq
Hər il kənddə nə qədər toy olur. Toyların da əksəriyyəti hazırda restoranda qeyd edilir. Hər dəfə bunun üçün Şamaxıya yaxud Bakıya gedilir. Əhalisi 10000-dən artıq olan bir kənd üçün böyük restoranın olmamasını heç cür başa düşmürəm. Demirəm ki, şadlıq sarayı olsun. Amma normal nahar etmək, gələn qonaqlarla dincəlmək, nişan-xına kimi tədbirləri qeyd etmək üçün bir dənə də normal restoranın olmamasını kəndə gələn qonaqlar da deyir.
5. İxtisaslaşmış peşəkar servisləri yaratmaq
Kəndimizdəki bərbərxanada yalnız 1 nəfər saç ustası olur, profilaktoriyada 1 nəfər çilingər olur, gözəllik salonunda 1 qadın baxım ustası işləyir. İçində 3 dərzinin olduğu bir atelye yoxdur.
Sözümün canı odur ki, xidmət göstərənlər hər biri pərakəndə şəkildə, tək-tək işləyir. Normal biznes kimi fəaliyyət göstərmək üçün isə birləşmək, bir araya gəlmək lazımdır.
SON SÖZ
Dağ Göylər kəndinə fərəhlə gəlmək, firavan yaşayan insanları görmək istəyirəm. İstəyirəm ki, kənddə evlər səliqəli tikilsin, heç olmasa 1 müasir ferma olsun, nobata 3-4 qoyun göndərməkdən başqa məşğuliyyətlər də olsun, kənd tikanlar içində yox, gül-çiçək, meyvə ağacları içində olsun.
Bunları etmək üçün hər şeyi icra hakimiyyətinin, bələdiyyə idarəsinin, məktəb direktorunun, ağsaqqalların üstünə atmaq lazım deyil. Hər bir Göylər sakini, hər bir o kənddən çıxmış insan əlindən gələni etməlidir ki, kəndimiz gözəlləşsin.
Hər hansı sualı, qeydi yaxud təklifi olanlar olsa, mənimlə əlaqə saxlamaqdan çəkinməyin: