fbpx

“Azərbaycanda yaşayardın yoxsa Özbəkistanda?“ sualını versək, yəqin ki, əksəriyyət Azərbaycanı üstün tutacaq. Adambaşına düşən ÜDM, infrastruktur, Qərbə daha yaxın olmaq və digər səbəblərdən Azərbaycan daha irəlidədir.

Düzdür, irəlidədir, amma Azərbaycan yavaş irəliləyir, amma özbəklər isə benzini doldurublar, tam sürəti sıxıblar. Əvvəllər fikirləşərdik ki, özbəklərin bizə çatmasına hələ var. Amma indisə deyə bilərəm ki, hətta bizi keçiblər.

Bu yaxınlarda xəbər çıxdı ki, Özbəkistanda UZUM ilk unicorn oldu. $100 milyon vəsait cəlb etdilər. Hətta həmkarəm, e-kommersiya eksperti Orxan Ahmadov da işıqlandırmışdı bunu. Haqlı sual yaranır ki, niyə o əjdahadan bizdə yoxdur?

Gəlin bunu ölkəmizdə e-kommersiyanın yerli lideri olan Umico nümunəsində müqayisə edək. Düzdür, bizneslər fərqlidir, fəaliyyət istiqamətlərində fərqlər var. Amma aşağı-yuxarı onları ekvivalent sayıb müqayisə etmək olar.

Marketinq

Kim nə deyir desin, Uzum.uz adı insana daha doğma gəlir. Həm “Uzbeskiston” əhalisi üçün milli yaxınlığı, həm şirin meyvə kimi olması, aydentikası – çox yaxşı oturur.

Bizsə hələ də “Umiko” yoxsa “Yumiko”, onu yaradan şirkətə isə “Kompeto” yoxsa “Kompito” deyilməli olduğunu mənimsəyə bilməmişik.

Əgər uzum deyəndə ağla ən azından meyvə, ərzaq gəlirsə, Umiconun nümunəsində parlaq assosiasiya yoxdur. Bəlkə də uzun illərdən sonra, aqressiv reklamdan sonra hamının beyninə oturacaq, amma hazırki reklam aktivliyinə baxıb bunu demək olmaz.
Düzdür, son vaxtlar çox aktiv kommunikasiya edirlər, hətta bir neçə reklamlarını özüm də bəyənmişəm (hey amiqo, sakit ol:):

Videonun reklamına babat pul xərclənib (10 milyon baxış), amma sanki hədəf auditoriyasıyla brand intimacy yoxdur.
Yəni bir Masallı rayonunun Mollaoba kəndi sakini bu videodan özünə doğma heç nə görməyəcək. Amma Uzum marketin videolarında milli musiqi, Orta Asiya memarlığı, özbək ailəsinin interyeri, tələffüz – fərqi yoxdur. nədənsə bilinir ki, bu Özbəkistana aiddir.
Mən başa düşürəm ki, hər iki platformanın əsas alıcı auditoriyası cavan, tətbiq istifadə edən, tech-savvy, ayağında ked, əynində casual paltar olan, Tiktoka baxan, ofis işində çalışan, ingilis dili bilən müasir insanlardır. Amma Umico heç onlara da istədiyi kimi lokallaşıb yaxınlaşa bilmir.

İdarəçilik

Bir tərəfdən baxanda PAŞA Holdinqin tərkibində olmaq böyük üstünlükdür: böyük maddi resurslar, Kapital Bank yaxud Bravo supermarketləriylə inteqrasiya,  holdinqin dəstəyi, inzibati apparat və s.

Amma digər tərəfdən də bu problemdir: Umico tətbiqini açanda o qədər reklam, kobrendinq təklifləri gəlir ki…Hər şeyin bir tətbiqin içinə kobud desək “soxuşdurulduğu” üçün nəyisə normal axtarıb tapmaq da olmur. İndi vəziyyət yaxşıdır, amma 1 il əvvələdək tətbiqə daxil olmağa peşman olurdun.

Bəlkə də çoxları deyəcək ki, Uzum-un arxasında rusiyalı proqramçılar, Kazan Express, VK-nın komandası, hətta Alişer Usmanov və s. dayanır, onlar olmasaydı özbəklər də yaxşı marketpleys düzəldə bilməyəcəkdi.
O zaman belə bir kontr-arqument də gətirmək olar ki, Umico məhsulu üçün üst rəhbərlik ukraynalılardır.
Yəni uzum.uz üçün: Roman Lavrentyev, Nikolay Seleznyov, Nikita Qulyayev varsa,
Umico- da da İqor Bıçek, Sergey Netreba, Yuri Kuçer, Katya Varenikova və s. xaricilər var.

Mən əminəm ki, Üzüm Marketdə data analitikdən tutmuş CFO-ya qədər nə qədər tatar və rus olsa da, onlar yerli özbəklərin fikrini nəzərə alır. araşdırır, xüsusiyyətləri nəzərə alırlar. Amma bizdə (əslində tək Umico yox, əksər şirkətlərimizdə elədir) xarici mütəxəssislər elə bilir ki, onlar hamıdan ağıllıdır, yerli azərbaycanlıların başı çıxmır, “ну, кавказцы, че ожидать-то от них?” düşüncəsiylə hərəkət edirlər.

Coğrafiya

“Azərbaycan Bakıdan ibarətdir” deyənlər əslində o qədər də yanılmır. Ölkənin iqtisadi, mədəni, elmi, sosial gücü Bakıda cəmləşib. Hər şeyin Bakıda təmərküzləşməsi isə regionların inkişafına ziyan vurur.
Özbəkistanda isə Daşkənddən başqa Səmərqənd, Namanqan, Buxara, Xivə, Əndijan var. Hərəsi də ayrı-ayrı yerlərdə.
E-kommersiya isə adətən o yerdə inkişaf edir ki, orda məsafə var, distansiya olduğuna görə insanların e-vərdişlərinin formalaşması asan olur.

Yəni mən Qaraqalpaq vilayətində Nukus şəhərində yaşayan özbək olsaydım Uzum-dan nəsə alardım. Çünki o məhsulu almaqdan ötrü durub bir də paytaxt Daşkəndə getmək istəmərəm.
Amma Bakıda yaşadığım üçün heç ehtiyac da görümürəm internet-mağazalara. Zatən pencəyimi geyinib aşağı düşəndə offlayn mağazaya gedib istədiyimi alıram.

Ölkə ərazisini də nəzərə almaq lazımdır. Azərbaycanın bir ucundan digər ucuna maksimum 400 kilometrdir, amma Özbəkistanda isə Xivədən Daşkəndə 1000 kilometrə yaxın məsafə var.
Hər şeyin hipertrofik mərkəzləşdiyi kiçik ölkələr üçün e-kommersiyanın inkişaf etdirmək daha çətindir.

Özgüvən olmaması

Biz azərbaycanlılarla özbəklərin ortaq bir cəhəti var: ticarəti yaxşı bacarırıq. Qədimdən əcdadlarımız Böyük İpək Yolu üstündə yaşayıb. İndiyə qədər bazar mədəniyyəti, sövdələşmə, ticarət biclikləri bizlərdə tətbiq olunur. Fürsətcillikdə, alverdə beloruslardan, ruslardan, ukraynalılardan daha çox təcrübəmiz olub. Elə indinin özündə də fikir versək, Rusiyada ticarətlə məşğul olan azərbaycanlıları yada salmaq kifayətdir.

Əgər biz türklər/iranlılar/azərbaycanlılar/özbəklər ticarəti və pul haqq-hesablarını yaxşı bacarırıqsa, niyə öz imkanlarımızı tətbiq etməyək? Əminəm ki, Sədərəkdə qış paltarları satan alverçi Pərviz xaricdən gələn kostyumlu-qalstuklu Nikolasdan daha yaxşı bacarır ticarəti.

Sadəcə inkişaf etmiş beynəlxalq təcrübəni, texnologiyaları milli bazara uyğunlaşdırmaq, adaptasiya etmək lazımdır. Yeri gəlmişkən, elə o texnologiyalarda da öz vətəndaşlarımız heç də geri qalmır. Bizdə kod yazmağı da, dijital marketinqi də, logistika sistemini də yaxşı qurmağı bacaran oğullar var. Sadəcə olaraq onlara dəyər verilmir və şərait yaradılmır.

2014-cü ildə qurduğum e-kommersiya platformasında etdiyim hoqqaları hələ indinin özündə belə böyük retail oyunçuları edə bilmir (üstündən 10 il keçib!). Amma nə faydası, ölkəmizdə start-aplara dəstək, ekosistemin inkişafına təkan verəcək qüvvələr yoxdur, olanlar da faydasız iş görməklə məşğuldur. Bu mövzuyla isə gələn dəfə, növbəti yazılarımın birində toxunacam.