fbpx

#istiyirəmki, Bakıda ən yaxşı, reytinqi həmişə 5.0 olan taksi sürücüsü olum.
Kart olsun, ya nağd, heç fərq etməsin mənə. Onsuz da qazandığımı qazanıram.
Sərnişin girən kimi əvvəlcə ünvanı həmişə dəqiqləşdirim. “Koroğlu metrosuna gedirik, xanım?” sualını verim. Çünki çox vaxt müştərinin xəritədə vurduğu lokasiya ilə istədiyi yer fərqli olur.
Maşını xoddayandan sonra sakit səslə klassik mahnılarımızdan qoyum. “Kimlər gəldi, kimlər gedi bu dünyadan“, “Sən uzaq yaşıl ada“ kimi mahnıları qoyum.
Telefonda ona zəng gələndə də mahnının səsini alım.

Uşaqlı ailə kolyaskayla minmək istəyəndə özüm düşüm baqajı açım, arabanı ya da yükləri baqaja yerləşdirim. Evin kişisinə də bu jestim ləzzət eləsin, çıxanda 1 manat artıq pul versin.
Prius sürməyim, Bakıdakı taksilərin çoxundan həm də buna görə fərqlənim. Amma onları da başa düşüm. Onlardan şikayətlənən sərnişinə deyim ki, “neyləyək, onların da işi çətindir, stressdir başdan ayağa“.
Amma özüm həmişə sakit, rahat olum. Babək körpüsündə probkada 25 dəqiqə qalsam da, vecimə olmasın. Guya mənim əsəbiləşməyimlə, dalbadal siqnal verməyimlə nə dəyişəcək ki?

Bakının küçələrini əla tanıyım. Sovetski, Krasin, Xrebtovı, Anaşkin kimi köhnə adlı küçələri tanıyım.
“Mən xəritəyə yox, xəritə mənə qulluq eləsin” fikriylə yaşayım. Karta haranı göstərirsə, mən də robot kimi həmin marşrutla getməyim. Yeri gələndə daha qısa, tez və rahat yolla getməyi bacarım.

Heç vaxt əsəbiləşmədiyim üçün rahat olum, o biri sürücülər də paxıllıqla soruşsunlar ki, “a kişi, niyə səndə həmişə reytinq yuxarıdır? Başdan qrija müştərilər sənə rast gəlmir?“

Maşında həmişə benzin olsun. Çalışım ki, zapravkaya müştəriylə getməyim, oranın iyini kimsə udmasın, həmişə müştəri olmayanda tək girim bakı doldurum.
Yayda və qışda kondisioneri yandırmaqdan qorxmayım. Guya o qənaət etdiyim 50 qəpiklə mən kasıblaşacam? Dərinə gedəndə mən o kondisioneri tək müştəriyə görə yox, həm də özümə görə yandırıram axı.
Bardaçokumda həmişə yaş və quru salfetka olsun. Ayda 1-2 dəfə lazım olur müştəriyə. Onsuz da müştəri yaxşı sürücüyə əlavə çaypulu, ya da yüksək reytinq verir. Verməsə də canları sağ olsun.