2022-ci ilin əvvəlində bir də onda ayıldım ki, qız atası olacam. Təbii ki, növbəti 9 ay ərzində övladıma yaxşı və fərqli ad seçmək istəyirdim. Ad seçimi üçün bəzi kriteriyalar var idi ki, həm mənim, həm də həyat yoldaşım Aydan üçün çox vacib idi:
Dini ad olmasın. Zeynəb, Fatimə, Xədicə, Zəhra, Məryəm kimi adları istəmədim. Söhbət dinə qarşı münasibətimdən getmir: fikrimcə, 15 əsrdən sonra da uşaqlara eyni adların qoyulması monotonluq yaradır.
2021-ci ildə Azərbaycanda ən çox qoyulmuş dini qız adları 1275 səslə Zeynəb, 1217 səslə Məryəm, 1160 səslə Fatimə, 1105 səslə Mələk, 750 səslə Mədinə idi.
Əgər dindar adam deyilsənsə, məncə belə adları uşağa qoymağa məcbur deyilsən.
Ə, Ş, Ç, Ü, Ö, Ğ hərfləri olmasın. Uşaq böyüyəndə xaricilər əziyyət çəkəcək, bəzi ölkələrin əlifbasında bu hərflər olmadığına görə problem yaşanacaq. Bir ingilisə Ğ, yapona isə Ö hərfini demək çətindir. Sabah domen adı alanda, sosial şəbəkədə qeydiyyatdan keçəndə bu hərflərlə problem çıxacaq:)
Dilarə, Əsmər, Pərvin, Müjgan, Ayşən kimi adlar gözəl səslənsə də, hərf probleminə görə onlardan imtina etdim.
Çox yayılmış ad olmasın. Bəlkə də kimlər üçünsə bu o qədər də vacib deyil. Amma mən yaradıcı adam olduğum üçün fərqli ad istəyirdim.
Leyla – çox gözəl addır. Ərəb dilindən tərcümədə gecə, qaranlıq mənasını verir, çox xoşuma gəlir. Amma çox yayılmış olduğuna görə imtina etməli oldum.
Eyni şeyi Mehriban üçün də deyə bilərəm – adın mənası da, hərfləri də, harmoniyası da gözəldir. Amma məlum səbəblərdən ölkəmizdə bu ad çox yayğındır.
Son zamanlar trend ad olmuş, xüsusilə də türksayağı adlar da populyardır. Bağçada kimə baxırsan, çox qızın adı Aylindir. Ona görə də Nuray, Aylin, Sofi, Melissa kimi adlardan uzaq qaçdım.
Bu 9 ay ərzində bəzi adları özüm “kəşf etmişəm”, bəzilərini isə xaricdən adaptasiya etməyə çalışmışam.Əgər övladınıza qeyri-standart, hamının işlətmədiyi, fərqli ad qoymaq istəyirsinizsə, bu adlardan rahatlıqla yararlana bilərsiniz:
Maraqlı və fərqli qız adlarının siyahısı
Lavin – love in. “İçində sevgi daşıyan” deməkdir. Yaxınlarımdan biri sonralar digər variant kimi Laviniya da təklif etmişdi (Rumıniyada belə ad var). Amma məncə Lavin daha qısadır və şirin səslənir, hərflər də yumşaqdır.
Linda – daha bir yumşaq addır, Avropa mənşəlidir.
Ester – mənası “ulduz“ deməkdir (star sözü ilə oxşarlığı hiss etdinizmi?). Qədim addır, qısadır, mənşəcə İran adıdır. Amma daha çox yəhudilər arasında istifadə olunur.
Dinara – deyilişi gözəldir. Zənginlik, pul mənasını verir. Dinar adı qısa olsa da, bir az kobuddur. Dinara isə (sonda A hərfinin artırılması) bir qədər harmoniya yaradır.
Darina – Rusiyada bəlkə də bu adı eşidə bilərsiniz, qədim slavyan adıdır. Mənası Allahın verdiyi, istedad, vergi («дар», «дарованная», «подаренная») kimi tərcümə oluna bilər.
Eden – Adəm və Həvvanın yaşadığı cənnət bağının adı Eden (Ədən) gedir. Qısadır, deyilişi nə çox sərtdir, nə də çox yumşaqdır.
Negin – İran mənşəli bu ad çox şirindir, mülayimdir, xoş səslənir. Mənası qiymətli daş deməkdir.
Hülya – tərkibində Ü hərfi olsa da, bu adı bəyənirəm. Mənası xəyal, fantaziya deməkdir. Qız üçün yaraşan addır.
Dansu – bizim favorit adlarımızdan biri.
Elza – qısa, sadə, dünyanın istənilən dilində rahat tələffüz oluna bilən addır.
Minu (cənnət) – fars dilində mənası “cənnət” deməkdir. Qəşəngdir, şuxluq var adda. Amma ad məndə multfilm qəhrəmanı fikri oyatdığı üçün sonra imtina etdim.
Lavita – la+vita (italyanca həyat deməkdir). Həmçinin içində love sözü də gizlənibdir. Bəyəndiyim ad idi. Lakin özümdən başqa heç kim bu adı istəmədi, ona görə imtina etdim. Amma yaxşı variantdır.
Arya – son zamanlar Bakıda populyarlaşamağa başlayır. Özüm çox bəyənməsəm də, istifadə etməyə dəyər.
Beril, Berin – Beril qiymətli daşdır. “Bu adı daşıyan qız fərqli, sakit, çox ağıllı adam olmalıdır” fikri var məndə sanki. Oxşar ad kimi Berin də olar.
Humay – Deyilişi də gözəldir, mənası da. Qədim türklərdə səadət, xoşbəxtlik gətirən qadın ilahənin adından götürülüb deyilənə görə. Qızım doğulana qədər short-listdə ən axıra qalmış 3 addan biri idi.
Mehri, Mehin – Mehriban kimi uzun olmasa da, eyni mənanı verən bu adlar dəbə düşür. Gözəl adlardır. Qədim fars və hind dillərində “mehr” istilik, mülayimlik deməkdir.
İndira – Sovet vaxtı Bakıda bir çox qızlara bu ad qoyulurdu. İndira Qandidən sonra bir çox ölkələrdə dəbə minirdi. İndi nə Qandi var, nə də sovet dövrü. Amma adın özü içində enerji daşıyır. “Bu adı daşıyan qız sanki güclü, enerjili, çətinliklərə dözən, ambisiyalı, böyük işlər görən adam olacaq” fikri yaradır məndə.
Priya – əgər bu adı oxuyanda rus dilindəki “приятный” sözü yadınıza düşdüsə, təbrik edirəm. Həm rus dili, həm də qədim sanskrit dili Hind-Avropa dil ailəsinə aiddir, ona görə də ortaq sözləri çoxdur. Bu hind adı yumşaq, xoşagələn, sevimli qızlar üçündür.
Larisa – çox adam elə bilir ki, rus adıdır (elə ona görə də bu adı qoymaqdan çəkindirdilər), əslindəsə yunan sözüdür, mənası qağayı deməkdir. Adda L, R hərfinin olması şirinlik qatır, a və i hərfləri də həmahəngdir. Bu adın Bakıda populyarlaşmasını istəyərdim.
Avrora – mənası yaxşıdır: “şəfəq”, “sübh zamanı çıxan işığı” bildirir. Qədim yunan ilahəsinin adından götürülüb. Mənasını bəyənsəm də, обжора sözünə oxşarlığı və 1917-ci ildə Rusiyada Oktyabr inqilabının məhz Avrora gəmisindən başlaması ürəyimə yatmadı.
Darlin – ingilislərin darling (sevgili, yar) sözünə oxşayır.
Milada– çex dilində mənim sevgim (“my love”) deməkdir. Qədim slavyanlarda sevgi tanrıçasıdır. İdeal adlardan biridir: bir tərəfdən adda şirinlik var, (əvvəlində), o biri tərəfdən də adın sonunda sərtlik, möhkəmlik var. Dünyada ən çox yayılmağa haqqı çatan adlardan biri olmalıdır məncə.
Heliya – mənası Günəş qızı deməkdir. Xalamqızı Nigar yunanların “Helios” (günəş deməkdir) sözünü götürüb bir qədər fərdiləşdirdi. Gözəl addır.
Aysedora – uzundur, amma deyilişində melodiya var sanki. Ad sanki oynayır. Elə bu adı daşıyan Aysedora Dunkan da rəqqasə olub əslində. İspanca əsl versiyası İsidora olub. Uzun olması səbəbindən sonradan bu adı çıxdım. Amma kim istəsə, bu uzun və “muzıkalnı” adı işlədə bilər.
Vedaliya – bilici qız kimi tərcümə oluna bilər, “kəşf etdiyim“ adlardan biridir. Qısa variantı kimi Vedina da ola bilər. Dedilər ki, guya “ведьма“ adına oxşayır. Əslində elə rus dilində də ведать feli var (bilmək, informasiya, insayt daşımaq).
Mən ən sonda short-listdə bu adları saxladım:
- Eden
- Dansu
- Negin
- Humay
- Lavin
Humay adından başqa, tanıdıqlarım arasında, ətrafımda heç kimdə belə adları daşıyan bir adam tanımırdım. Ölkədə tək-tük Cənubi Azərbaycandan olan bir neçə ailədə Negin adı qoyulmuşdu sadəcə.
Dünyanın ən məşhur gözəl qadınların biri məşhur model Negin Mirsalehi haqqında da yəqin ki, qızların xəbəri var.
İnstagramda 6 milyondan çox izləyicisi olan bu məşhur xanım dünyada ən cəlbedici, gözəl xarici görünüşlü qadınlardan biri sayılır. Nə gizlədim, onun da bu adın seçilməsində böyük rolu olub:)
İngilis dilində begin (başlamaq) felini bu adla assosiasiya edirəm. Bir şeyə ilk başlayan, hər şeydə birinci olacaq gözəl qız fikri yaradır məndə.
Bu adı seçməkdə səbəblərdən biri də o idi ki, illər əvvəl bacım qızı Selin üçün də adı mən təklif etmişdin. İStəyirdim ki, baba-nənənin nəvələrinin adı oxşar olsun: Selin və Negin. Ona görə də, çox çək-çevirdən sonra Negin adını istifadə etməyə qərar verdik.
AMMA. Heç istəməzdim ki, ürəyimə yatmış və ölkədə ilk dəfə istifadə etmək istədiyim bəzi adlar boş qalsın. Ona görə də, bir challenge (azərbaycanca bu sözə dəqiq tərcümə hələ ki, yoxdur) yaradıram.
Kim öz qızına Lavin, Milada, Priya adlarından birini qoyarsa, ona hədiyyə alacam. İlk olaraq bu adları qoyan şəxslər mənimlə əlaqə saxlamaqdan çəkinməsin.
Bunu, adı daşıyacaq körpə qıza “əmisindən” hədiyyə kimi saya bilərsiniz:)
Yeri gəlmişkən, Selin, Burla, Miray, Milay, Cahan adlarını da bəyənir və istifadəsini tövsiyə edirəm.
Sonda isə hansı adı daşımağından asılı olmayaraq bütün yeni doğulmuş qızlarımıza cansağlığı arzu edirəm. Ən vacibi məhz uşağın sağlamlığıdır. Amma qızlarınıza gözəl adlar qoyun. Standart, yayğın, deyilişi çətin adlardan qaçın. Nə qədər fərqli, mənalı, gözəl qız adları olsa, bir o qədər yaxşı olar!