Texnologiya inkişaf etdikcə və qlobalizasiya sürətləndikcə ingilis dilinin hegemonluğu qaçılmaz olur. Bu qlobal ekspansiya fonunda anqlisizmlər dilimizə hər gün daha çox nüfuz edir. Belə bir məqamda isə ciddi bir dilemma qabağında qalırıq: bu sözləri necə yazaq və necə milliləşdirək?
“Ağdəftər” və “Göyərtə” qondarmalığı
Məsələn, işlədiyim Aleph Azerbaijan-da müqavilələri hazırlayarkən yaxud sənədləşmə zamanı elə sözlərə rast gəlirəm ki, qalıram mat-məəttəl. Məsələn, whitelisting sözünü “ağdəftərə köçürmək” kimi çevirmək nə dərəcədə doğrudur? Yaxud yeni işçinin adaptasiya prosesi olan onboarding-i götürək. Hərfi tərcüməsi “göyərtəyə almaq” olsa da, biz bu sözü kor-koranə tərcümə edə bilmərik. Bu cür süni yanaşmalar dili qorumaq yerinə, onu daha da qəlizləşdirir.
Keçmişin mirası: Staqflyasiyadan Komplayensə
Sovet dövründə və müstəqilliyimizin ilk illərində biz əsasən rus dilinin süzgəcindən keçən sözləri mənimsəyirdik. Stagflation yerinə staqflyasiya, frustration yerinə frustrasiya, browser üçün isə brauzer deyib birtəhər yola verirdik. Elmi dildə buna transliterasiya və ya transkripsiya deyilir.
İndi isə birbaşa ingilis dilindən götürülən sözlər (məsələn: Meeting → mitinq, Coach → kouç) gündəlik leksikonumuzun ayrılmaz hissəsidnə çevrilir Hətta bank sektorunda komplayens (compliance) artıq bir standart kimi qəbul olunub. Mən öz yazışmalarımda mayndset (mindset), performans, insayt kimi sözləri çəkinmədən istifadə edirəm. Çünki bu sözlər artıq öz enerjisini və mənasını dildə otuzdurub.
Vizual diskomfort: “Pitç” yoxsa “Pitch”?
Amma problem burasındadır ki, ingilis dili fransız dili kimidir — yazıldığı kimi oxunmur. Məsələn, pitch sözünü “pitç” kimi yazmaq nədənsə qəribə görünür. Yaxud privacy sözünü “prayvəsi” kimi yazanda adamda qəribə bir yadlıq hissi (məşhur memdə olduğu kimi, nedorazumeniya) yaranır. Bəlkə də hələ alışmamışıq?
Məncə, bəzi terminləri olduğu kimi saxlamaq daha məqsədəuyğundur. Məsələn, case-study əvəzinə “tematik araşdırma” deməyin (lütfən), yaxud da onu “keys-stadi” kimi yazmayın.. Eləcə də:
- Cringe → krinc?
- Challenge → çellenc?
- Empowerment → empauerment?
- Overview → overvyu?
Bunları orijinalda olduğu kimi saxlamaq vizual olaraq daha dolğun görünür.
Purizm və qlobal reallıq
Azərbaycan dilini mənim qədər sevən, bu dildə məzmun yaradan və redaktə edən adam az tapılar. Mən həqiqətən dilimizin saf qalmasının tərəfdarıyam. Amma reallığı da görmək lazımdır: ingilis dilinin qlobal təzyiqi qarşısında dayanmaq çox çətindir.
Türklərin selfie əvəzinə “özçekim”, fransızların e-mail əvəzinə “courriel” tapması uğurlu purizm (dilin saflığını qorumaq) nümunələridir. Lakin mən həmişə türkiyəlilərin “Wolfgang Amadeus Mozart” yazmasını bəyənməmişəm, mənim üçün Volqanq Amadeus Motsart vizual olaraq daha doğma olub. Amma zaman keçdikcə görürəm ki, mənimsəmə prosesində problemlər yaranır. Açıq danışaq ki, hətta ən böyük dilpərvərlərimiz belə “redaktə etmək” əvəzinə editləmək deyir.
Mənim həm bir təşəbbüsüm, həm də bir qorxum var: bəlkə, artıq müəyyən ingilis sözlərinin orijinal yazılışını dilimizdə normalaşdıraq?
Backlink, hype, commitment kimi sözləri milliləşdirməyə çalışdıqca sanki onların ruhu itir. Bu terminləri olduğu kimi istifadə etmək, dili korlamaq deyil, bəlkə də onu müasir dünyanın sürətinə uyğunlaşdırmaqdır. Getdikcə daha tolerant olmağa və bu qaçılmaz prosesi qəbul etməyə başlayıram.
