fbpx

Çox adam istəyər ki, karyerasını böyük şirkətlərdə, holdinqlərdə davam etdirsin. Holdinqlərdə daha sistemli, mərkəzləşmiş iş bölgüsü olduğuna görə peşəkarlar, orta və yuxarı səviyyəli menecerlər məhz belə şirkətlərdə işləməyə üstünlük verir. Varlıların daha da varlandığı, kasıbların daha da kasıblaşdığı cəmiyyətdə holdinqlər daha da böyüyür, iqtisadi rıçaqları daha da artır.

Ona görə də Azərbaycanda 25 yaşlı bir gənc kiçik firmada 1300 AZN maaşa işləməkdənsə hansısa holdinqin törəmə müəssisəsində 700 AZN məvacibə işləməyə daha həvəslidir.

Holdinq vahid struktur altında birləşmiş törəmə şirkətləri idarə edən ana şirkətdir. Ana şirkət (parent company) onun tərkibinə daxil olan müəssisələri idarə edir. Çox vaxt bu şirkətlər tamamilə ayrı-ayrı sektorlarda fəaliyyət göstərir.

Hər böyük şirkət holdinq deyil. Məsələn, milyonlarla dövriyyəsi olan “Kontakt Home” mağazaları holdinq deyil. Amma ondan daha kiçik olan “Nurgun” şirkətlər qrupu holdinq sayıla bilər. Çünki qrupun daxilində olan müəssisələr fərqli sektorlarda fəaliyyət göstərir, səhmdar cəmiyyət kimi vahid mərkəzdən idarə olunur.

Ölkənin ən böyük 3-4 holdinqini hamı tanıyır, xeyli müddətdir ki, onlar dəyişilməz olaraq qalır

Pasha Holding

Azərbaycan iqtisadiyyatının onurğa sütunu olan bu şirkət lider olduğunu hər sahədə göstərir. Ölkədə ən yaxşı əmək haqqı+bonus verən, ən geniş fəaliyyət imkanları olan bu holdinqdə ekspatlara, xarici ekspertlərə, konsaltinq şirkətlərinə yaşıl işıq var. Xarici yeniliklər, mütərəqqi standartlar geniş tətbiq olunur. Qeyri-rəsmi olaraq holdinqin aktivlərinin dəyəri 25 milyard manat təşkil edir.
Şirkətlər qrupu o qədər böyükdür ki, hətta bəzi törəmə müəssisələrin bu holdinqə aid olduğu gizlədilir.  Holdinqin Şirkətin əsas törəmə müəssisələrini aşağıdakı kimi qruplaşdırmaq olar.

  • Maliyyə – Kapital bank, Paşa Bank, Competo (Umico)
  • Tikinti və daşınmaz əmlak – PMD Group, Pasha Construction, Pasha Development kimi törəmə müəssisələr xüsusilə Bakının mərkəzində, Neftçilər prospekti boyu böyük həcmdə daşınmaz əmlaka sahibdir.
  • Absheron Hotel Group – Marriott Hotel Boulevard və Four Seasons-dan tutmuş Pik Palace, Shahdag kimi mehmanxanaların çoxu bu qrupdan idarə olunur.
  • Restoranlar – Chinar, Buddha Bar, El Portalon, Paris Bistro, MariVanna və s.
  • Geyim – əsasən Blue Planet Distribution vasitəsilə lüks brendlər (Valentino, Celine, Tom Ford, Bulgari və s.)
  • Ərzaq və kənd təsərrüfatı – Azerbaijan Supermarkets (Bravo), Agro Dairy

NEQSOL Holding

Biznesmen Nəsib Həsənovun sahibi olduğu şirkət ölkədə telekommunikasiya sektorunda xüsusilə böyük paya sahibdir. Əvvəllər digər adlarla adıyla fəaliyyət göstərmiş şirkət uzun müddət özünü afişalamasa da, rebrendinq etdikdən sonra ictimaiyyətə açıq olmağa başlayıb.

  • Energetika – Nobel Oil
  • Telekommunikasiya – Bakcell, Azerconnect, Azertelecom, Vodafone Ukraine
  • Tikinti – Norm Sement

2019-cu ildə $734 mln. məbləğinə Ukraynanın ikinci ən böyük mobil operatoru olan Vodafone Ukraine şirkətini alan holdinq yalnız ölkə daxilində deyil, regional bazarda da öz sözünü deyir. Digər ambisiyalı layihələrdən biri də Digital Silk Way-dir. Şirkətölkəmizdə corporate governance sistemini uğurla tətbiq edən, texnoloji yenilikləri tez mənimsəyən holdinq kimi nümunəvi rol oynayır.

Azersun Holding

Azərbaycanda ərzaq istehsalı deyəndə yada düşən ilk şirkəti 90-cı illərin əvvəlində türkiyəli Abdolbari Gözəl qurmuşdu. DIA Holding adı altında bəzi böyük inşaat layihələri (Heydər Əliyev muzeyi, Flame Towers və s.) keçirən qurum də əslində elə bu holdinqin tərkib parçasıdır. Şirkətdə menecmentdə Türkiyəli vətəndaşlar (türklər və kürdlər) aktiv təmsil olunub, idarəetmədə türk standartları tətbiq edilir.

  • Qida – çay, yağ, şokolad, süd, konserv məhsulları, şəkər, duz, mayonez və s. Bir sözlə, yediyimiz-içdiyimiz çox şey bu holdinqdə istehsal edilir.
  • İnşaat – Dreamland, Flame Towers,
  • Pərakəndə – Bazarstore supermarketləri, Park Bulvar Ticarət Mərkəzi
  • Maliyyə- Azərbaycan Sənaye Bankı, Azərbaycan Sənaye Sığorta
  • Digər – SABIS SUN Beynəlxalq Məktəbi, kağız istehsalı və s.

PMD Group

Pasha Holdingin daxilində olan bu qrupun özü də müxtəlif qollara ayrılır. Əsas 2 sahəni fərqləndirmək olar:

  • PMD Hospitality – Chinar Hotel & SPA,Garabagh Resort & SPA,Galaalti SPA & Sanatorium, Gashalti Health Hotel,  Lankaran Springs Wellness Resort, The Excelsior Hotel & Spa Baku, Ramada Plaza, Goy Gol Lake Resort), Shamakhi Palace Sharadil, habelə Paulaner Azerbaijan kimi pivəbişirmə
  • PMD Projects/FMG –  ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarəsi ilə məşğul olur: Vurghun Residence, Baku Book Center, İntourist, Khazri Villas, hillside residence, təbriz evləri

“Veysəloğlu” Şirkətlər Qrupu

Supermarketə girəndə gördüyümüz məhsulların əksəriyyətini (2500-dən çox) məhz bu şirkət Azərbaycana gətirir. Aydın Talıbov Veysəl oğlunun (şirkətin adı burdan qaynaqlanır) yaratdığı bu şirkət Azərbaycanda topdan qida satışı sektorunda liderdir.

  • Distribusiya – “Bonduella”, “Nestle”, “Eti”, “Meçta xozyayki”, “Nabeqhlavi”, “Ülkər”, “Sarıkız”, “Şölen”, “Roşen”, “Nemiroff”, “Canbebe”, “Molfiks” və digər 100-ə yaxın şirkətin rəsmi idxalçısı
  • ARAZ, OBA, FAVORİT və SPAR marketlər şəbəkələri
  • “AVT LOGISTICS” – Cənubi Qafqazın ən böyük logistika mərkəzinə sahibdir
  • “Ulduz” şokolad fabriki, habelə digər qida istehsalı zavodları
  • “Entrée Azərbaycan” kafesi

Cahan Holdinq

Faktiki olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova və onun oğullarına məxsus bu şirkət 1993-cü ildə yaradılıb. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən “Cahan Holdinq” avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.

  • Cahan İnşaat – Naxçıvanda böyük inşaat kompleksi (Gənclər şəhərciyi), müxtəlif sənaye və yaşayış quröuları
  • Cahan Red-2 – ölkədə “Red Bull” enerji içkisinin satışı (artıq RedBull içkiləri “Veysəloğlu” tərəfindən idxal olunur)
  • Cahan Motors – “Opel”, “FAW” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi, “Lifan“markasını isə Naxçıvanda ishtehsal edir.
  • Cahan tea – həm “Ahmad”, “Alokozay”, “Akbar” idxal edir, həm də ”Tudor” kimi yerli çay brendini istehsal edir.
  • Cahan Tobacco -ölkədə əsas siqaret brendlərinin rəsmi idxalçısı

NAB Holding

İranlı Oromi ailəsinin qurduğu bu holdinq düzgün marketinq, keyfiyyətli servis və ölkənin nəbzini düzgün tutmağı ilə seçilib. Amma son illərdə holdinq zəifləyib, əvvəllər olduğu qədər aktiv deyil. Şirkət Türkiyədən idarə olunur.

  • Avtomobil – “Auto Azerbaijan” ölkədə Hyundai brendinin rəsmi distribütoru
  • Pərakəndə – “Baku Electronics“ ölkədə elektronika məhsullarının satışında uzun illər öncül mövqedə olub.
  • Maliyyə – “Bank of Baku“ barədə əlavə məlumata ehtiyac yoxdur. Xüsusilə pərakəndə bankçılıqda əvvələr BoB çox aktiv idi.

Gilan Holding

Bir vaxtlar ölkədə ən böyük qruplardan biri olan bu holdinq qeyri-rəsmi olaraq FHN başçısı Kəmaləddin Heydərovun imperiyası kimi tanınırdı. Hazırda holdinqin əvvəlki qüdrəti azalıb, amma şirkətə hələ də onun oğulları başçılıq edir. Məbz Gilan Holdinq və Qəbələ rayonu sinonim olmuş, fövqəlnazirin bu rayona olan xüsusi diqqəti sayəsində Qəbələ xeyli inkişaf etmişdi.

  • Tikinti – Qəbələ asfalt zavodu, keramika, gips-karton zavodu
  • Turizm– Qəbələnd, Qafqaz Riverside, Qafqaz Resort, Qafqaz Sport, Crescent Hotel
  • Sənaye – fındıq emalı, lift, konserv zavodu, piano istehsalı, GilTex
  • Pərakəndə – Günaydın və KFC restoranları

Adsız holdinq aka Elman&Co

Milli Bankın sədri Elman Rüstəmova aid olan, idarəetməsi isə Quliyev qardaşlarına tapşırılmış, dəqiq bir adı olmayan bir şirkətlər qrupu da var ki, onu da holdinq adlandırmaq olar.

  • “Bank Respublika” ASC
  • “Bakı Sığorta”
  • Group Motors – Azərbaycanda  Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi
  • “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl”
  • “Planet” şadlıq sarayı və s.

LU-MUN Holding

Pasha Holdingin “qohumu” olan bu şirkət əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.

  • Balıqçılıq – Azerbaijan Fish Farm
  • Gülçülük – Azerbaijan Flowers Company
  • Toyuqçuluq – Azerbaijan Poultry Company (Mərcan toyuqları)

SR Group of Companies

Hazırda mən də bu şirkətdə işləyirəm:) Şirkətlər qrupu uzun illər müxtəlif sahələrdə çalışıb, amma məhz 2020-ci illərin sonunda müasir Qərb standartlarına uyğun menecment sisteminə keçib, daha gözəçarpan olmağa başlayıb.

  • Avtomobil – Skoda, Changan, Mercedes brendlərinin Azərbaycanda təmsilçiliyi
  • Tikinti – SR Construction
  • Pərakəndə – Texnomart elektronika mağazalar şəbəkəsi
  • Tibb – Sağlam Diş stomatologiya mərkəzləri

OMG

Orxan Məstanovun yaratdığı bu şirkətlər qrupuna xüsusi hörmətim var. Çünki digər holdinqlərdən fərqli olaraq dövlət məmurlarına, nazirlərə arxalanmaqla deyil, məhz öz gücünə, öz bacarığına görə böyümüş şirkətdir. “Café-City”, ”CityPub” və ”La Quzu” restoranları, “Viva” şirniyyat mağazası, “Maxi.az” elektronika dükanları daxildir.

ISR Holding

Məşhur rusiyalı milyarder İsgəndər Xəlilovun biznes-imperiyasına Azərbaycanda aşağıdakı şirkətlər daxildir:

  • Hilton Hotel Baku, Park inn by Radisson, ISR Plaza, Bakı Əyləncə Mərkəzi, Nərgiz Ticarət Mərkəzi
  • Retail Group Azerbaijan (Zara, Bershka, GAP, Charles&Keith, Aldo, Marks&Spencer, Massimo Dutti və s.)
  • AzərYod

Ata Holdinq

Ölkəyə ilk normal holdinq mədəniyyətini gətirsə də, sonralar bu qrup öz qeyri-qənaətbəxs idarəetməsi ilə yadda qaldı. Atabank (hazırda fəaliyyətini dayandırıb), AtaSığorta, AtaTexnologiya və s. törəmə firmalar heç bir sahədə lider deyil.

Nurgun Holding

Nuru Əliyevin rəhbərlik etdiyi bu holdinq 90-cı illərin sonunda böyük inkişaf yolu keçsə də, sonralar dədə-baba idarəetmə metodu, qeyri-effektiv fəaliyyəti ilə diqqəti cəlb etdi.

  • Avtomobil – Nissan, Infiniti, Ford, Renault brendlərinin ölkədə distribütorluğu
  • Maliyyə – NBC Bank ASC, Rəvan sIğorta (bağlanıb)
  • Kimya – Bello Fabriki (yuyucu toz, maye sabun və s. məişət kimya məhsulları)
  • Pərakəndə – Kontinental supermarketlər şəbəkəsi

Son

Holdinqlərimizi analiz edəndə istər-istəməz yada bir el misalı düşür: “Bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı”. Holdinqlərin arxasında duran güclər ayaq üstə olanda hər şey yaxşı olur, amma həmin güc zəifləyəndə yaxud aradan gedən kimi dərhal həmin holdinq iflasa uğrayır. Məsələn,

  • keçmiş MTN rəhbəri Eldar Mahmudova məxsus Crystal Holding,
  • keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus ZQAN Holding və Qarant Holding
  • keçmiş vergilər naziri Fazil Məmmədova məxsus Synergy Holding

Digər diqqətimi çəkən məqam odur ki, rəhbərliyə gələn adamlar nə qədər qohum-əqrabadan, yaxın çevrədən, dost-tanışdan ibarət olursa, holdinqin fəaliyyəti də bir o qədər qeyri-effektiv olur. Sirr deyil ki, ən çox yeyinti ilə məşğul olan, korrupsiya bataqlığına düşənlər elə yaxın qohumlardan olur.
İdarəetməyə peşəkar menecerlər, işini bilən mütəxəssislər gətirildikdə isə nəticə daha yaxşı görünür. Nümunə üçün qeyri-effektiv işləyən Nurgun şirkətlər qrupu ilə NAB holdinqi müqayisə etmək kifayətdir.

Əvvəllər Azərbaycada top menecerlərin arasında xaricilərə böyük üstünlük verilirdi. Məsələn, NEQSOL Holdinqin daxilində olan mobil operatorlarda yaxud digər törəmə şirkətlərdə xarici peşəkarlara daha çox diqqət ayrılırdı, onlara daha yüksək maaş verilirdi. Eyni şeyi Azersun-dakı türkiyəli menecerlər haqda da demək olar. Amma getdikcə vəziyyət dəyişir, elə yerli bazarın özündə normal peşəkarlar ordusu yetişməyə başlayır.