Kobud desək, bədbəxt günə salınmış Azərbaycan dilində daha bir yenilik olub. Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib. Bəzi qaydalar məntiqli olsa da, aşağıdakı bənd diqqətimi çəkdi:
Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılacaq: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s. Bu sözlərdəki ikinci “s” hərfi atılıb: ekspres, konqres, kros, bras, stres. Yalnız Press (mətbuat) sözü istisnadır.
- Paralel və teleqram sözlərində 2 samitin qoşa yazılışını normal qəbul etmək olar. Əslində elə əvvəldən dilimizdə bu sözlər qoşa samitsiz yazılırdı. Amma nəyə görə Paris komunası, komunal ödənişlər, komersiya fakültəsi sözlərini 1 M ilə deyilməlidir?
- Aqressiya sözünü aqresiya kimi tələffüz edəndə sözün özündə olan o ekspressivlik, ifadəlilik, elə həmin o aqressiya itir.
- Assistent, assembleya, assortiment sözlərində necə ikinci S hərfi atıla bilər?
- Attaşe, attraksion, attestat sözlərində qoşa T olmayanda ahəng itir. Nə üçün fizikada güc vahidi olan vatt (ingilis Ceyms Vattın adından götürülüb) 1 t ilə yazılmalıdır?
- Opportunist, truppa sözlərində necə 1 P deyək? ippodrom sözü nəyə görə yeni qaydaya əsasən 1 p ilə yazılmalıdır? Xatırladım ki, latın dilində hippo at deməkdir. ipodrom kimi qısa tələffüz olunduqda sözün tələffüzü də bərbad alınır.
Qısacası, bu təklifi verən dilçiyə, filoloqa nə desən azdır.