fbpx

Facebook-da marketinqə aidiyyatı olan qruplarda, beş marketinq mütəxəssisinin yığışdığı bir çevrədə, agentliklərdə hamının danışdığı standart bir mövzu var: müştərilər/başqa marketinq işçiləri kütbeyindir, pulu düzgün xərcləyə bilmirlər, bizim kimi peşəkarlara müraciət etmirlər və s. Yəni ki, biz yaxşıyıq, güclüyük, peşəkarıq, qiymətlərimiz münasibdir, amma di gəl ki, səfeh müştərilər bizi başa düşmür. Qədrimizi bilən yoxdur, biz çox ağıllıyıq.

Xüsusilə də rəqəmsal marketinq mütəxəssisləri arasında bu fikir daha çox yayılıb.

Əslində isə tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycanda rəqəmsal marketinq mütəxəssisləri və agentliklərinin 75%-i (hər dördündən üçü) gopçudur. Əsaslandırım.

Facebook-da müvafiq qruplarda post yazıb soruşaq ki, yaxşı SEO/SMM/dijital xidmətlər verən axtarıram. Altdakı şərhlərdə o dəqiqə ordular hücum çəkəcək, hərə özünü yaxud tanışını tərifləyəcək. Amma real olaraq onlara brif göndərsəniz, normal bir tapşırıq versəniz, əksəriyyəti işin öhdəsindən gəlməyəcəyini bildiyi üçün imtina edəcək.

Sadə bir nümunə. Bu yaxında işlədiyim yerdə SEO xidmətləri üçün hamıdan qiymət təklifi almaq istədik. Tam normal, sadə, konkret tapşırıq verildi. Tələb olunan sadəcə Excel cədvəldə müəyyən xanaları doldurmaq idi. Mənəm-mənəm deyən o SEO əjdahalarını nəsə görə bilmədik.

SMM barədə danışmağa ehtiyac yoxdur, bu barədə çox deyilib, çox yazılıb. 300 manata sosial media işi görən, üstəlik reklam verən, sualları da cavablandıran, ehtiyac olsa lap mürəbbəylə çay da gətirən SMM-agentliklərin biznes modeli mənim üçün hələ də sirr olaraq qalır. Bu adamlar yəni öz xərclərini belə ödəyə bilirlərmi?

Vebsayt sifarişi yaxud landing-page hazırlamağı götürək. Burada da oxşar vəziyyətdir. Özünü az qala xaker hesab edən back-end developerlərin yığdığı saytların daxii koduna baxanda  görürsən ki, adamlar ən primitiv HTLM standartlarına belə riayət etmirlər.

Yaxud da az-çox keyfiyyətli iş görə bilənlərin qiyməti şişirdilmiş olur. Google Analytics-dən adi bir hesabatı götürüb altında bir cümlə yazıb ona görə 300 AZN istəmək, SemRush-dan rəqib saytını analizi üçün skrin-şotu qoyub buna görə 500 AZN istəmək və s. – qısaca desək, overpriced məbləğlər.

Bəli, marketinq ucuz olmamalıdır, marketinq sahəsində işləyən peşəkarlar yüksək əməkhaqqı almalıdır, çəkilən əziyyətin qarşılığı verilməlidir. Amma daha bu qədər özündənrazı, çərçivələrə sığmayan, ağızdolusu danışmaq da olmaz.

Məsləhətlərim:

  • Bir işi dərindən bilmirsənsə, o sahədə böyükhəcmli xidmətlər təklif etmə. Məsələn, CSS-i bilmirsənsə, hazır alətlərə arxalanıb müştəriyə animasiyalı HTML5 banner yığmağı təklif etmək olmaz.
  • Müştəri tərəfdə ekspertizası yüksək adam varsa, havadan qiymətlər təklif etmə. Onsuz da qarşı tərəfdəki peşəkar bunu üzə çıxardacaq.
  • “Əsas müştərini götürüm, davamına sonra baxaram” prinsipi işləməyəcək. Kiçik işlərdə, başlanğıc səviyyədə bəlkə də ola bilər, amma sanballı, dəyəri böyük olan layihələrdə xoşagəlməz nəticə verir.
  • Heç vaxt özündən razı olma. Nə qədər oxumusansa, öyrənmisənsə, onu bil ki, səndən də çox oxumuş, çox bilənlər var. Xüsusən də 25-28 yaşlı bəzi gənclər elə bilirlər ki, daha hər şeyi oxuyublar, bütün videolara baxıblar, dijitalda nəyin necə olacağını yaxşı bilirlər. Mənəm-mənəm deyən həmin gənclər bir müddət işləyəndən sonra əksini görür.

 

Maraqlıdırsa, Qaçın bu BÖYÜK ədədlərdən, rədd olsun botlar! yazısını da oxu.