fbpx

Hamının işləmək üçün müəyyən səbəbi var. Çox adam elə bilir ki, işçilər sadəcə maaşa görə işləyir. Əslində isə vəziyyət tamam başqa cürdür:

Kiçik bank mütəxəssisi olan Fəridin (eləcə də Bakıda 25-30 yaşlı, ofisdə işləyənlərin yarısının) fikrincə, Maaşım az olsa da olar, əsas odur ki, əziyyət də az olsun. Yəni bir iş görməyim. güclü bir əziyyətim olmasın, amma stabil 500 AZN gəlirim olsun. Dostlarımla laqqırtı vurum, düşüb parkda gəzək, biznes-lançda 1 saat oturaq, deyib-gülək. 

Reklam agentliyində account manager olan Sevincin düşüncəsinə görə,  Ofisdə komfort olsun. Eybi yox, maaş lap az, iş çox olsa da olar, amma əsas odur ki, mətbəxdə kofe-peçenye olsun, pəncərənin şüşəsindən şəhərə mənzərə açılsın, ofisdə divardan qəşəng motivasiyalı şəkillər asılsın.

Rəqəmsal marketinq mütəxəssisi olan Elşən: Öyrənmək istəyirəm. İstəyirəm ki, görüm məndən əvvəl peşəkarlar necə işləyib? İşin dərinliklərini, sekretini öyrənim, özümü inkişaf etdirim. Mənə maaşdan çox nə öyrədəcəkləri maraqlıdır.

Ayrıca bir kateqoriya var ki, onlar üçün ən vacib şey odur ki, bilsinlər ki, dəyərli bir şey üçün çalışırlar. Məsələn, özəl klinikada işləyən bir pediatr üçün körpəni sağaltması, bir ailəyə xoşbəxtlik verməsi onun üçün ən böyük şeydir.

Məni ən çox həvəsləndirən tərif və mükafatdır. Məni tərifləyirlərsə, komandanın qabağında yaxşı işçi olduğumu deyəcəklərsə lap 150 AZN əvəzinə 30 AZN mükafat versələr də qəbulumdur. (Aynur, maliyyə təhlili şöbəsi)

Adam da görmüşəm ki, evlənmək üçün partnyor axtarır. İşləyir ki, bəlkə işdə nə cürsə özünə uyğun bir adama rast gəldi. Prinsipcə, ailə quranların əksəriyyəti iş mühitində bir-birini tanıyır, daha yaxından tanış olur və ailə qurur. Rayonlarda qızı işə qoymaqda əsas məqsədlərdən biri də o olur ki, bəlkə hansısa oğlan qızı işdə gördü, bəyəndi.

Bəzi dizaynerlər, kreativ industriyada işləyənlər, BIG4 auditdə özlərini sıxıb indiki işində məhz ona görə işləyir ki, sonralar başqa yerə gedəndə işəgötürənlər görsünlər ki, namizədin yaxşı background-u var. Portolfionun olması, təcrübənin olması üçün özünü indiki işində sıxıb saxlayan xeyli mütəxəssis var.

Dövləti idarələrində, təchizat şöbələrində və s. xeyli adam məhz oğurluq, otkat almaq imkanına görə işləyir. Lap maaşını azaltsalar da, o adamlar öz işlərini davam etdirməyə razıdır.

İşləyirəm, çünki iş yerində yaxşı kompüter və rahat şərait var, oturub əlavə frilans işlərimi görə bilirəm – bu da bir tanışımın fikridir.

Diqqət etsək görə bilərik ki, insanlar sırf aylıq məvacibə görə işləmir. Xoş mühit, yüksəlmək imkanı, sosiallaşmaq, kolleqalarla söhbət, öyrənib-öyrətmək imkanı, tərif və motivasiyalar çox böyük rol oynayır.

Ona görə də, işəgötürənlər yeni namizədi sırf maaşla yox, həmçinin qeyri-maddi həvəsləndirmə ilə cəlb etməlidir.

Əvvəllər canını dişinə tutub yarıtmaz müdirlə birtəhər yola getmək istəyənlər, nəyinsə xatirinə işdə məcbur özünü saxlayanlar çox olurdu. Amma yaxşı ki, indi gənc mütəxəssislər daha sərbəstdir. Yalnız məvacib deyil, digər faktorlar da onlar üçün önəmli faktor olmağa başlayıb.

Hamıya arzusunda oldğu işi tapmağı arzu edirəm!